Astanada dünya dinləri və ənənəvi dinlərin liderlərinin qurultayında Azərbaycan nümayəndə heyətinin başçısı çıxış etmişdir

 

Astanada dünya dinləri və ənənəvi dinlərin liderlərinin dördüncü qurultayının açılış mərasimindən sonra tədbir öz işini bölmə iclaslarında davam etdirmişdir.

Tədbirdə dünyanın 40 ölkəsindən 85 nümayəndə heyəti iştirak edir.

Qurultaya Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də qatılmışdır.

"Davamlı inkişafın əldə edilməsində din liderlərinin rolu" mövzusunda keçirilən bölmə iclasında Avropa Şurası Parlament Assambleyası sədrinin xüsusi nümayəndəsi Mövlud Çavuşoğlu, Beynəlxalq Sülh İnstitutunun Prezidenti Terie Rod-Larsen, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin, Qüdsün patriarxı üçüncü Feofil, Türkiyə Hökuməti yanında Din İşlər üzrə İdarənin sədri Mehmet Görməz, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və başqaları çıxış etmiş, dinlərarası dialoq, dünyada sülhün və sabitliyin qorunması, Əfqanıstan, Fələstin, İraq, Suriya, Liviya, Yəmən, həmçinin Avropada törədilən terror aktlarının qarşısının alınması və digər məsələlərə toxunmuşlar.

Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını din liderlərinə çatdırmışdır. A.Paşazadə Azərbaycanda möhkəm dini tolerantlıq olduğunu qeyd etmişdir. Şeyxülislam demişdir ki, ulu öndər Heydər Əliyev tolerantlığı yüksək mədəniyyətin amili kimi dəyərləndirmişdir və bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir.

Bütün sahələrdə böyük uğurlar qazanmış Azərbaycanın dini dəyərlərin qorunması, din azadlığı sahəsində də nailiyyətləri danılmazdır. Məscid, kilsə, sinaqoqların tikintisi və təmiri işi müntəzəm olaraq aparılır.

Sülhün və sabitliyin qorunmasından danışan A.Paşazadə demişdir ki, Azərbaycanın ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmayıb, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır, 1 milyon soydaşımız qaçqın və köçkün vəziyyətində yaşayır. Elə bilirəm ki, region ölkələrinin inkişafına əngəl olan bu problemin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin vaxtı çatmışdır.

Şeyxülislam qeyd etmişdir ki, dünyada sülhün və sabitliyin qorunması, narkotik və psixotrop maddələrin yayılmasının qarşısının alınması, kosmosa nəzarət, nüvə təhlükələri, beynəlxalq terrorizmlə mübarizə bizim bir nömrəli vəzifəmiz olmalıdır.

Qurultay öz işini davam etdirir.

 

 

Qulu KƏNGƏRLİ

 

Azərbaycan.- 2012.- 31 may.- S. 9.