Ölkəmizin dünya birliyində tutduğu
mövqe möhkəm təməllər
üzərində qurulub
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən BMT Təhlükəsizlik Şurasının son sessiyası bir daha ölkəmizin dünya birliyində tutduğu mövqenin möhkəm təməllər üzərində qurulduğunu göstərdi. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü olması tarixi bir hadisə idi. Əldə etdiyimiz möhtəşəm qələbə öz mənbəyini ulu öndər Heydər Əliyev siyasi irsindən alır və Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü son dərəcədə uğurlu diplomatiyanın məntiqinə söykənir.
155 ölkənin Azərbaycana etimad göstərməsi sübut etdi ki, ölkəmiz beynəlxalq aləmdə böyük nüfuza sahibdir. Bu nüfuzun qazanılmasında ölkə Prezidentinin həyata keçirdiyi xarici siyasət və beynəlxalq münasibətlərin yüksək inkişaf mərhələsinə yüksəlməsi məhz həmin ölkələrin bizə etimad göstərməsi ilə nəticələndi. 1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv qəbul olunması böyük uğur hesab olunurdusa, 20 ildən sonra ölkəmizin bu qurumun Təhlükəsizlik Şurasının 15 qeyri-daimi üzvündən biri kimi seçilməsi bu tarixi uğurun davamı kimi qiymətləndirilir.
BMT Təhlükəsizlik Şurasının müzakirəyə çıxarmış olduğu son məsələ isə dünya dövlətlərini daha çox düşündürən məsələdir. Terrorizm və terrorizmə qarşı mübarizə bu gün qlobal problemdir və heç bir dünya ölkəsi, hətta super dövlətlər terrordan sığortalanmayıb. Azərbaycan isə bu məsələni xüsusi olaraq önə çəkdi ki, terrorizmə məruz qalan ölkələrdən biridir. Azərbaycanın torpaqlarının işğal edilməsi, dinc əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi, Bakı Metropolitenində terror aktının törədilməsi real faktlardır. Bu məsələlər və toplantının qətnaməsinə bütün ölkələrin səs verməsi göstərdi ki, Azərbaycan bu gün dünya siyasətini müəyyənləşdirən ölkələrdən birinə çevrilib. Bu bizdə son dərəcədə qürur hissi yaradır və sevinirik ki, Azərbaycan dövləti öz inkişafının bu mərhələsinə çatıb. Tamamilə əminəm ki, Azərbaycanın bu quruma sədrlik etdiyi müddətdə qaldırmış olduğu bütün məsələlər dünya dövlətləri tərəfindən dəstək alacaq. 2 il ərzində ölkəmizin beynəlxalq nüfuzu daha da güclənəcək və işğal edilmiş torpaqlarımızın azad edilməsində bu imkanlardan yararlana biləcəyik. Hesab edirəm ki, bütün bunlarla yanaşı, BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamənin reallaşmasında artıq real addımlar atılmasına nail olacağıq.
Fəzail AĞAMALI,
Milli Məclisin deputatı,
Ana Vətən Partiyasının sədri
Azərbaycan.- 2012.- 15 may.- S. 5.