Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığı çərçivəsində ən fəal tərəfdaşlara Proqress mükafatı təqdim edilmişdir

 

 Mayın 30-da Bakıda 2011-ci ildə Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığı çərçivəsində ən fəal tərəfdaşlara "Proqress" mükafatı təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, mükafat 2007-ci ildə Rusiyanın Azərbaycandakı səfirliyi, Rusiyanın ölkəmizdəki ticarət nümayəndəliyi tərəfindən Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatası (ARİƏP) ilə birlikdə təsis edilmişdir.

"Proqress" mükafatının təqdimat mərasiminin təsisçisi və təşkilatçısı ARİƏP, baş sponsoru "İSR Holding" şirkətidir.

"Azərbaycan-Rusiya humanitar əlaqələrinin və elm və təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsinə görə" nominasiyasında "Proqress" mükafatına M.V.Lomonosov adına MDU-nun Bakı filialı layiq görülmüşdür.

"Azərbaycan və Rusiyanın neft-qaz hasilatı sənayesi arasında əlaqələrin dəstəklənməsinə və inkişafına görə" nominasiyasında mükafat Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə təqdim edilmişdir.

"Azərbaycan iqtisadiyyatına inteqrasiya" nominasiyasında "Lukoyl-Azərbaycan" QSC, "Krasnodar diyarının aqrar sektoruna sərmayələr və regionda aktiv sosial fəaliyyət" nominasiyalarında "Azərsun Holding" şirkətlər qrupu, "Azərbaycanda informasiya texnologiyalarının inkişafına töhfəyə görə" nominasiyasında "Softline İnternational" şirkəti, "Qrante brendinin yaradılması" nominasiyasında AZNAP, "Üzümçülüyün dirçəldilməsi və şərab brendlərinin yaradılması" nominasiyasında "Aqro-Azərinvest" şirkəti, "Azərbaycan brendinin yaradılması və Rusiya bazarında irəlilədilməsi" nominasiyasında "Gazelli" şirkəti, "Ekoloji cəhətdən təmiz inşaat materiallarının Rusiya bazarında irəlilədilməsinə görə" "Mətanət-A" şirkəti, "Tekstil məhsullarının Rusiya bazarında irəlilədilməsinə görə" "Vəfa Tekstil" şirkəti, "Beynəlxalq sərgilərin təşkilinə görə" nominasiyasında "ITECA Caspian" şirkəti qalib gəlmişlər.

Növbəti nominasiyalarda mükafata aşağıdakı şirkətlər layiq görülmüşlər: "Turizmin inkişafına töhfəyə görə" "KAVMINVOD" şirkəti, "Rusiya şirkətlərinin Azərbaycan Respublikasında hüquqi müşayiətinə görə" "Ekspert CM" şirkəti, "Rusiya kənd təsərrüfatı texnikasının Azərbaycan bazarında irəlilədilməsi" - "Russkiy traktor" şirkəti, "Yüksək keyfiyyət standartı" - "Baltika-Bakı" şirkəti.

İki ölkə arasında ticarət-iqtisadi inkişaf strategiyasına töhfəyə görə "Azrosproninvest" şirkətinin Direktorlar Şurasının sədri Natiq Şirinzadə ayrıca mükafata layiq görülmüşdür.

Mükafatları Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin, Milli Məclisin deputatı, rus icmasının başçısı Mixail Zabelin, ARİƏP-in idarə heyətinin sədr müavini İntiqam Hüseynov təqdim etmişlər.

"Proqress" mükafatının təqdimatından sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert olmuşdur.

 

 

Azərbaycan.- 2012.- 31 may.- S. 10.