Eurovision-2012 tədbirləri çərçivəsində yeddi QHT-nin layihəsi maliyyələşdirilmişdir

 

Mayın 30-da Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurası "Eurovision-2012" tədbirləri çərçivəsində maliyyələşdirdiyi layihələrin yekunları ilə bağlı QHT-lərin toplantısını keçirmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə layihələrin yekunları ilə bağlı fikir mübadiləsi aparılmış, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

Layihələr haqqında məlumat verən şuranın sədri Azay Quliyev bildirmişdir ki, qurum "Eurovision-2012" tədbirləri çərçivəsində yeddi QHT-nin layihəsini maliyyələşdirmişdir. Bu layihələrin həyata keçirilməsinə 45 min 500 manat məbləğində vəsait xərclənmişdir. A.Quliyev qeyd etmişdir ki, müvafiq layihələrin maliyyələşdirilməsinin  məqsədi həm ölkəmizdə, həm də xaricdə böyük əks-səda doğuran bu müsabiqənin yüksək səviyyədə keçirilməsinə nail olmaq idi.

Azərbaycanın ev sahibliyi etdiyi 57-ci "Eurovision" müsabiqəsini indiyə kimi keçirilən müsabiqələr arasında ən yüksək səviyyədə təşkil olunan tədbir kimi qiymətləndirən şura sədri vurğulamışdır ki, layihələri maliyyələşdirilən QHT-lər müsabiqənin möhtəşəm keçirilməsi üçün əllərindən gələni etmiş və üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirmişlər.

A.Quliyev diqqətə çatdırmışdır ki, qısa zamanda bir sıra böyük uğurlara imza atan Azərbaycan bu cür vacib bir müsabiqəyə ev sahibliyi etməklə növbəti nailiyyətini bayram etmiş oldu.

Tədbirdə çıxış edən layihələrin rəhbərləri "Eurovision-2012" mahnı müsabiqəsi çərçivəsində gördükləri işlərdən danışmışlar. Bildirmişlər ki, QHT-lər bundan sonra da ölkədə vətəndaş cəmiyyətinin daha da möhkəmləndirilməsi istiqamətində inamlı addımlar atmaqda davam edəcəklər.

Sonda Prezident İlham Əliyevə "Eurovision-2012" mahnı müsabiqəsinin Bakıda uğurla keçirilməsi və dünyanın gözü qarşısında ən yüksək təşkilati-texniki, mədəni-etnik standartlara uyğun şəkildə başa çatması münasibətilə təbrik ünvanlamışlar.

 

 

Azərbaycan.- 2012.- 31 may.- S. 11.