Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən antiterror əməliyyatları kütləvi insan qırğınına səbəb ola biləcək partlayışların və digər terror-təxribat əməllərinin qarşısının vaxtında alınması ilə nəticələnmişdir

 

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq məqsədi ilə təxribat-pozuculuq və terror aksiyalarını planlaşdıran Vüqar Padarovun rəhbərlik etdiyi silahlı birləşmə bu yaxınlarda Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilmişdir.

MTN-in İctimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki,  xüsusi təlim keçmiş, müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğular, həmçinin digər hərbi ləvazimatlarla təchiz edilmiş silahlı birləşmənin məqsədi Azərbaycanın bir sıra bölgələrində silsilə terrorçuluq hərəkətləri törətmək, ölkədə nəzarətsizlik və hakimiyyətsizlik əhval-ruhiyyəsi, əhali arasında çaşqınlıq və vahimə, etnik və dini zəmində qarşıdurma yaratmaq, sabitliyi pozmaq və beynəlxalq aləmdə respublikanın nüfuzuna xələl gətirmək olmuşdur. Bunun üçün əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahların, məscidlərin, başqa dini konfessiyalara məxsus ibadət yerlərinin partladılması və digər təhlükəli aksiyaların törədilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil etməklə əməkdaşları öldürmək və inzibati binalarda olan silah-sursatı ələ keçirmək planlaşdırılmışdır. Rusiya Federasiyasının Dağıstan Respublikası ilə həmsərhəd rayonlarda və dağ-meşə massivlərində dəstəyə mənsub silahlı qrupların gizlənəcəyi, müvəqqəti yaşayacağı yerlərin, blindajların və qazmaların hazırlanması nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının ictimai-siyasi həyatını ciddi təhdid edən həmin təhlükəli transmilli cinayətkar silahlı birləşmənin zərərsizləşdirilməsi, terrorçuluq hərəkətlərinin vaxtında qarşısının alınması üçün Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Qax, Zaqatala, Şəki, Qusar, Abşeron, Xaçmaz və Şabran rayonlarında irimiqyaslı xüsusi əməliyyatlar keçirilmişdir. Bir sıra hallarda dəstə üzvləri tərəfindən silahlı müqavimətin qarşısı alınmış, o cümlədən Vüqar Padarov məhv edilmiş, silahlı birləşmənin əksər üzvləri tərksilah edilərək tutulmuşlar.

Qeyd olunmalıdır ki, təhlükəli transmilli cinayətkar silahlı birləşmənin əsas məqsədlərindən biri "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində və keçiriləcəyi zaman Bakı şəhərində ayrı-ayrı qruplar tərkibində terror-təxribat aksiyalarını törətmək, kütləvi şəkildə adamların həlak olması məqsədi ilə partlayışlar və silahlı basqınlar təşkil etmək olmuşdur. Ölkəmizdə belə bir nüfuzlu beynəlxalq tədbirin yüksək əhval-ruhiyyədə keçirilməsi, ictimaiyyət, o cümlədən Azərbaycan vətəndaşları və xarici qonaqlar arasında narahatlıq və vahimə yaratmamaq üçün bu təhlükəli transmilli cinayətkar silahlı birləşmənin qəddar planları barədə həmin dövrdə ətraflı məlumat verilməmişdir. Lakin aidiyyəti orqanlar tərəfindən əməliyyat şəraiti ciddi nəzarətdə saxlanılmış, zəruri və intensiv mühafizə-təhlükəsizlik tədbirləri görülmüşdür.

Yuxarıda qeyd olunan silahlı birləşmənin digər üzvlərinin zərərsizləşdirilməsi, onların planlaşdırdıqları başqa hüquqazidd hərəkətlərin qarşısının alınması məqsədi ilə davam etdirilən antiterror əməliyyatı nəticəsində dəstənin daha 22 üzvü yaxalanmışdır. 2012-ci il may ayının 16-da Bakı şəhərinin Nizami rayonunda keçirilən antiterror əməliyyatı zamanı isə silahlı birləşmənin üzvlərindən biri Azərbaycan Respublikasının vətəndaşı Hüseynov Timur Ruslan oğlu Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlılarının təslim olmaq barədə qanuni tələbinə tabe olmayaraq odlu silahdan atəş açmışdır. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərən Timur Hüseynov məhv edilmişdir. Əməliyyatın gedişində Milli Təhlükəsizlik Nazirliyinin 2 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Əməliyyat zamanı dəstənin rəhbərlərindən biri, beynəlxalq terrorçu şəbəkə tərəfindən Azərbaycanda terror aksiyalarının törədilməsi üçün Vüqar Padarovla eyni dərəcədə səlahiyyət verilərək "əmir" təyin edilmiş "Əbu Ubeydə" ləqəbli Saniyev Samir Fəxrəddin oğlu aradan çıxa bilmişdir. Onun tutulması üçün kompleks əməliyyat-axtarış tədbirləri keçirilmiş, bütün əlaqədar orqanlar məlumatlandırılmışdır.

Samir Saniyev Azərbaycanın hüdudlarını tərk etməyə cəhd göstərərkən Qazax rayonunda polis işçiləri tərəfindən yaxalanmışdır. Bu zaman o, silahlı müqavimət göstərmiş, tapançadan atəş açaraq polis nəfərini yaralamışdır. Samir Saniyev tərksilah edilmiş, ondan "Steçkin" markalı bir tapança, ona aid 40 patron və 2 daraq götürülmüşdür.

Silahlı birləşmə üzvlərinin hüquqazidd əməlləri üzrə aparılan istintaq prosesində məlum olan xüsusatlardan əlavə digər yeni faktlar da üzə çıxmışdır. Müəyyən edilmişdir ki, 2011-ci ilin fevral ayında Dağıstanın Kadar kəndi yaxınlığında təşkil olunmuş "Dağıstan əmirlərinin şurası"nda Azərbaycanda silahlı "cihad"ın edilməsi ilə bağlı müzakirələrdə Vüqar Padarov və barəsində əvvəllər məlumat verilmiş Elmir Nurəliyevlə yanaşı, Samir Saniyev də iştirak etmişdir.

Sonda "əmirlər şurası" tərəfindən Vüqar Padarova, Samir Saniyevə və Elmir Nurəliyevə müvafiq tapşırıqlar və külli miqdarda pul verilmişdir. "Dağıstan cəbhəsinin əmiri" "Saleh" ləqəbli İbrahimxəlil Daudov yaradılmış yeni silahlı birləşməyə "Busra" ləqəbli Vüqar Padarovu "əmir" təyin etmiş və bu barədə videogörüntülü müraciət sonuncunun mobil telefonunun yaddaşına yazılmışdır.

2011-ci ilin iyul ayında Vüqar Padarov, Samir Saniyev və Elmir Nurəliyev müxtəlif növdə və sayda silah-sursatla birlikdə mühafizə olunan dövlət sərhədini Rusiya Federasiyasının Dağıstan Respublikasından Qusar rayonu istiqamətində qanunsuz keçərək Azərbaycana gəlmişlər. Əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən Qusar rayonunda Vüqar Padarov, Samir Saniyev və Elmir Nurəliyevi dəstənin üzvü Əmir Muradov qarşılamış və onları idarə etdiyi avtomaşınla əvvəlcə Sumqayıt şəhərinə aparmışdır. Samir Saniyev buradan Bakı şəhərinə, Vüqar Padarov, Elmir Nurəliyev və Əmir Muradov isə Zaqatala şəhərinə yola düşmüşlər.

Eyni zamanda, məlum olmuşdur ki, beynəlxalq terror şəbəkəsi tərəfindən Azərbaycanda silsilə terror aksiyalarının keçirilməsi, əhali arasında vahimə, etnik və dini zəmində qarşıdurma yaradılması, sabitliyin pozulması və beynəlxalq aləmdə respublikanın nüfuzuna xələl gətirilməsi üzrə verilən göstərişlərin həyata keçirilməsi məqsədi ilə Vüqar Padarov, Samir Saniyev və Elmir Nurəliyev, həmçinin müxtəlif vəzifələr üzrə həm birlikdə, həm də ayrılıqda fəaliyyət göstərmələri barədə təlimatlandırılmışlar. Belə ki, tapşırıqlara əsasən, Vüqar Padarov və onun rəhbərlik edəcəyi silahlı dəstənin üzvləri tərəfindən cari ilin aprel ayının əvvəlində Azərbaycan Respublikası Prezidentinin şimal-qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirilməli, habelə eyni vaxtda hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil edilməli, bu strukturların əməkdaşları öldürülməli və inzibati binalarda olan silah-sursat ələ keçirilməli, əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahlar, məscidlər və başqa dini konfessiyalara məxsus ibadət yerləri partladılmalı idi. Elmir Nurəliyev isə Vüqar Padarovla əlaqəli şəkildə Bakı şəhərində qeyd olunan terror aksiyalarının törədilməsi məqsədi ilə zəruri məlumatların əldə edilməsi üçün kəşfiyyat işləri apararaq hücum hədəflərinin, o cümlədən bir sıra dövlət orqanlarının yerləşdikləri ərazilərin sxemlərini, iş rejimini, xidməti personalın sayını, snayper mövqelərini və digər amilləri müəyyənləşdirməli idi. Samir Saniyev, öz növbəsində, rəhbərlik etdiyi silahlı qrupun üzvləri ilə birlikdə Bakı şəhərində əcnəbilərin daha çox olduqları və qaldıqları yerlərdə, o cümlədən "Hilton Baku" və "JW Marriot Hotel Absheron" və digər mehmanxanalarda, eləcə də hər vəchlə biletlər əldə etməklə "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi "Baku Crystal Hall"da və Dövlət Bayraq Meydanında irimiqyaslı partlayışlar törətməyi planlaşdırmışdır. Bu dəhşətli terrorçuluq aksiyaları törədildikdən, respublikada xaos yaratmağa nail olunduqdan sonra silahlı birləşmənin üzvlərinin Azərbaycanın şimal rayonlarındakı dağ-meşə massivlərində əvvəlcədən hazırlanmış blindajlarda və qazmalarda gizlənmələri və Dağıstandan gələcək əlavə terror qüvvələri ilə birlikdə hərəkət etmələri nəzərdə tutulmuşdur. Samir Saniyev və ona "biət" etmiş şəxslər partlayıcı qurğuların hazırlanması məqsədi ilə külli miqdarda partlayıcı maddələr əldə etmiş, Hüseynov Timur və digərləri isə terror edəcəkləri hədəflər ətrafında müvafiq müşahidələr və dəqiqləşdirmələr aparmışlar.

Bundan başqa, məlum olmuşdur ki, terror aksiyalarını törətmək məqsədi ilə Samir Saniyev özü ilə gətirdiyi maliyyə vəsaitləri hesabına "Nissan Pathfinder" markalı avtomaşın da almışdır. Onun planına görə, əvvəlcədən tədarük edilmiş partlayıcı maddələr həmin avtomaşına, eləcə də dəstənin digər üzvlərinə məxsus nəqliyyat vasitələrinə yerləşdirilməli, bundan sonra paytaxtın baş meydanında, Azərbaycanın dinamik inkişafının simvollarından olan "Hilton Baku" və "JW Marriot Hotel Absheron" və digər mehmanxanaların avtopark yerlərində saxlanılmalı idi. Timur Hüseynov isə həmin vaxtda beynəlxalq musiqi yarışmasının final mərhələsinə bilet əldə edərək "Baku Crystal Hall"a daxil olmalı və özlərinin xüsusi hazırladıqları, mütəxəssislər tərəfindən "şok bombası" kimi tanınan partlayıcını işə salmalı və nəticədə tamaşaçılar arasında tələfata və xəsarətlərə hesablanmış kütləvi basırığa nail olmalı idi. Eyni vaxtda mehmanxanaların qarşısında saxlanılmış avtomaşınlardakı partlayıcı maddələr məsafədən işə salınmaqla böyük dağıntılarla müşayiət olunan partlayışlar törədilməli idi. Həmçinin eyni üsulla partlayıcı maddələr yerləşdirilmiş daha bir avtomaşının Bayıl qəsəbəsinin Bayraq Meydanına yaxın yaşayış binalarından birinin həyətində partladılması da nəzərdə tutulmuşdur. 

Lakin həyata keçirilmiş qabaqlayıcı antiterror tədbirləri, eləcə də hüquq-mühafizə orqanları əməkdaşlarının peşəkarlığı və həyatları bahasına göstərdikləri şücaət kütləvi insan qırğınına səbəb ola biləcək partlayışların və digər terror-təxribat əməllərinin qarşısının vaxtında və qətiyyətlə alınması ilə nəticələnmiş, Azərbaycanın sabit və təhlükəsiz ölkə kimi nüfuzu qorunub saxlanılmışdır.

İndiyədək silahlı birləşmənin 40 üzvü yaxalanmış, ümumən onlardan terror-təxribat aksiyalarında istifadəsi nəzərdə tutulan 13  avtomat silah, "RPK" tipli 1 əl pulemyotu, müxtəlif tipli 12 tapança, 3  karabin, 3424 müxtəlif çaplı patron, avtomat silah və tapança üçün 66  daraq, 23 "RQD-5", 26 "F-1" və 3 "RQ-42" tipli əl qumbarası, xeyli sayda qumbara alışdırıcısı, xüsusi üsulla hazırlanmış müxtəlif partlayıcı qurğular, 2352,22 qram partlayıcı maddə olan plastid, habelə içərisində təxminən 20 kiloqram partlayıcı maddələrin olduğu 2 ədəd hər biri 10 litr tutumlu qablar, 675 qram trotil şaşkası, 19  partlayıcı qurğunun elektrik partladıcısı, 19 detonator və kapsul, "Kenwood" markalı 48 rabitə aparatı, qanunla qadağan edilmiş digər sursat və əşyalar, müxtəlif soyuq silahlar, habelə terrorçuluğu və cihadı təbliğ edən ədəbiyyat aşkar edilərək götürülmüşdür.

Bundan başqa, əsasən beynəlxalq terrorçulara xas olan xüsusi bilgilərdən və sxemlərdən istifadə olunmaqla diqqəti cəlb etməyən oyuncaq maşının içərisinə partlayıcı maddələr - 438,2 qram plastid, 200 və 75 qramlıq trotil şaşkaları, kapsul, tələfatın və xəsarətin geniş miqyasına hesablanmış dəmir qırıntıları yerləşdirilmiş və məsafədən idarə olunan, 100 metr radiusda canlı qüvvəni məhv etməyə qadir 1 ədəd partlayıcı qurğu aşkarlanaraq götürülmüşdür.

Qeyd olunmalıdır ki, götürülmüş partlayıcı qurğuların içərisində adi yoxlayıcı detektorlarla müəyyən edilməsi mümkün olmayan və xarici görünüşünə görə şübhə doğurmayan, əsasən kütləvi tədbirlərin keçirildiyi yerlərdə çoxlu sayda insanların həlak olmasına, onların sağlamlığına zərər vurulmasına səbəb ola biləcək güclü dağıdıcı qüvvəyə malik partlayıcı maddələrin hopdurulduğu adi qəzet bükülüsü olan 1 ədəd silindrik formalı partlayıcı qurğunun dəstə üzvlərindən aşkarlanması beynəlxalq terror şəbəkəsinin niyyət və məqsədlərinin miqyasını aydın şəkildə göstərir.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyən olunması üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 31 may.- S. 11.