54 gün erməni mühasirəsində kitabının təqdimatı keçirilib

 

 Beynəlxalq Mətbuat Mərkəzində laçınlı məcburi köçkün Əli Əliyevin "54 gün erməni mühasirəsində" kitabının təqdimatı keçirilib. Kitabda Əli Əliyev canlı şahidi olduğu hadisələri, 54 gün erməni mühasirəsində keçirdiyi mühasirə həyatını qələmə alıb.

Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı keçirilən anım tədbirləri çərçivəsində Əli Əliyevin "54 gün erməni mühasirəsində" kitabının ilk təqdimatı Türkiyənin Aydın Universitetində keçirilibkitab tədbir iştirakçıları arasında yayılıb. Kitabın artıq Gürcüstanda da təqdimatı keçirilibbu ölkədə fəaliyyət göstərən bir sıra aliorta təhsil ocaqları, qeyri-hökumət təşkilatları, gənclər təşkilatları arasında yayılıb. Kitabın xarici dillərə çevrilməsi üzərində işlər davam edir və yaxın zamanlarda "Əlli dörd gün erməni mühasirəsində"nin bəzi xarici dillərdə çap olunaraq yayılacağı gözlənilir.

Tədbirdə çıxış edən deputat Qənirə Paşayeva bildirib ki, kitab xarici ölkələrdə geniş yayılması üçün dövlət və qeyri-dövlət qurumlarına, diplomatik korpuslarımıza, diaspor təşkilatlarına göndəriləcək. Laçın rayonundan seçilmiş deputat Nazim Fərəcov qeyd edib ki, belə bir kitabın yazılması çox təqdirəlayiq hadisədir: "Bu kitabda yazılanlar erməni cəlladlarının, quldurlarının xalqımızın başına nə oyunlar açdığını, nə qədər ağır hadisələr yaşadığımızı bir daha sübut edir. Burada hansısa təhlillər, fərziyyələr yoxdur, müəllif şahidi olduqlarını yazıb, göstərib. Mən deyərdim ki, belə kitablar yüzlərlə, minlərlə yazıla bilər, çünki şahidlərimiz çoxdur. Torpaqlarımızı işğaldan azad etmək üçün güclü ordumuz, müasir silahlarımız, güclü Ali Baş Komandanımız var. Əgər sülh yolu ilə torpaqlarımızı işğaldan azad etmək mümkün olmasa, onda biz laçınlılar öndə olmaqla torpaqlarımızı hərb yolu ilə azad edəcəyik. İnanırıq ki, cənab Prezidentin başçılığı altında bir gün biz o torpaqlara qayıdacağıq".

Təqdimatda iştirak edən Milli Məclisin deputatları Rövşən Rzayev, Elman Məmmədov, Aydın Mirzəzadə, Flora Qasımova, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Laçın Rayon İcra Hakimiyyətinin rəsmisi Leyla İlyasova, filologiya elmləri doktoru Rəhim Əliyev çıxışlarında Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından Əli Əliyevin "54 gün erməni mühasirəsində" kitabının əhəmiyyətini vurğulayıblar.

Təqdimatda çıxış edən Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər ərazisində erməni mühasirəsində qaldığı 54 günlük mühasirə həyatından və Dağlıq Qarabağ münaqişəsinin ilk illərində şahidi olduğu hadisələrdən söz açıb. Qarabağ müharibəsinin iştirakçısı olan Əli Əliyev tezliklə birlikdə Laçına, o cümlədən Ermənistanın işğalı altında olan digər torpaqlarımıza geri qayıdacağına əminliyini ifadə edib.

 

 

Azərbaycan.- 2012.- 31 may.- S. 12.