Dövlət Miqrasiya Xidməti Lənkəranda regional müşavirə keçirmişdir

 

 Mayın 30-da Lənkəran  Şəhər İcra Hakimiyyətində miqrasiya məsələlərinə həsr olunmuş regional müşavirə keçirilmişdir.

AzərTAc xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin (DMX) təşkilatçılığı ilə keçirilən tədbirdə Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyətlərinin məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyələrin sədrləri və yerli sahibkarlar iştirak etmişlər.

Toplantıda çıxış edən DMX-nin baş idarə rəisi İsmayıl Abdullayev bildirmişdir ki, son illər Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət və ölkəmizdəki sabitlik nəticəsində iqtisadiyyatın bütün sahələri sürətlə inkişaf edir. Bu amil Azərbaycan Respublikasını xarici investorlar və əməkçi miqrantlar üçün cəlbedici ölkəyə çevirmişdir.

Prezident İlham Əliyevin 2007-ci il 19 mart tarixli fərmanı ilə mərkəzi icra hakimiyyəti statusunda müstəqil dövlət orqanı olan Dövlət Miqrasiya Xidmətinin yaradıldığını vurğulayan İ.Abdullayev DXM-nin öz vəzifələrini və hüquqlarını yerinə yetirərkən mərkəzi, yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanları ilə, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədilə DXM-nin mərkəzi aparatı ilə yanaşı, 5 regional miqrasiya idarəsinin və Bakı şəhər regional miqrasiya idarəsinin sərhəd buraxılış məntəqəsində (Heydər Əliyev Beynəlxalq Aeroportunda) Miqrasiya şöbəsi fəaliyyət göstərir.

İ.Abdullayev əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma, müvəqqəti və daimi yaşaması, onların haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsini tənzimləyən hüquqi-normativ sənədlərin müddəaları barədə iştirakçılara ətraflı məlumat vermişdir.

DMX-nin idarə rəisi Nazim Salmanov qaçqın statusu almış vətəndaşların müraciətlərinə baxılması qaydalarından söhbət açaraq bildirmişdir ki, Bakı və Yevlax şəhərlərində qanunsuz miqrantların müvəqqəti saxlama məntəqələri fəaliyyət göstərir. Bu məntəqələrdə miqrantların normal yaşamaları üçün lazımi şərait yaradılmışdır.

Müşavirənin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

Azərbaycan.- 2012.- 31 may.- S. 12.