Azərbaycan rəhbəri
BMT kürsüsündən Ermənistanın terrorçuluq
siyasətini ifşa etdi
Dövlət müstəqilliyimizin 20-ci ildönümündə Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması və ölkəmizin dünyanın ən ali qurumuna sədrlik etməsi tarixi bir hadisə kimi dəyərləndirilməlidir. Nəzərə alaq ki, Azərbaycan ilk dəfə öz müstəqilliyini elan etdiyi zaman, yəni Azərbaycan Xalq Cümhuriyyəti dövründə BMT-dən daha öncə mövcud olan ali qurumda - Millətlər Liqasında dövlət müstəqilliyimizin tanıdılması üçün çox böyük maneələrlə qarşı-qarşıya qalmışdı.
Dövlət müstəqilliyimiz Millətlər Liqası tərəfindən de-fakto tanındığı zamandan qısa bir müddət sonra Azərbaycan rus-bolşevik qoşunlarının işğalına uğradı və xalqımızın iradəsinin əleyhinə olaraq SSRİ adlanan imperiyanın tərkibinə daxil edildi. Bu faktı təsadüfən xatırlatmadım. Hesab edirəm ki, bir vaxtlar müstəqilliyinin tanınması üçün mübarizə aparan bir dövlətin bu gün dünyanın ali qurumuna sədrlik etməsi xalqımızın mübarizə əzminin, istiqlal ideallarına sədaqətinin, yüksək mədəniyyətinin bariz nümunəsidir.
Azərbaycan Respublikası Prezidentinin BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi, öz çıxışında Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terrorçuluq siyasətini ifşa etməsi, beynəlxalq terrorizmə qarşı mübarizəsinin konkret konsepsiya əsasında həyata keçirilməsinin vacibliyini vurğulaması isə şübhəsiz ki, ölkəmizin dünyada baş verən proseslərə nə qədər konseptual yanaşdığını nümayiş etdirir.
Qüdrət HƏSƏNQULİYEV,
Milli Məclisin deputatı, Bütöv
Azərbaycan Xalq Cəbhəsi
Partiyasının sədri
Azərbaycan.- 2012.- 15 may.- S. 5.