Mərkəzi Seçki Komissiyası vahid seçicilər siyahısının yenidən tərtib edilməsi prosesinə yekun vurmuşdur

 

Mayın 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri və kütləvi informasiya vasitələrinin (KİV)  nümayəndələri Komissiya Katibliyinin İnformasiya Mərkəzində ölkə üzrə vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantı ilə tanış olmuşlar.

Dəqiqləşdirmə aparılaraq dairə seçki komissiyalarına (DSK) qaytarılacaq seçici siyahılarının çap prosesisaxlanma şəraiti ilə tanış olan komissiya üzvlərinin və KİV nümayəndələrinin diqqətinə çatdırılmışdır ki, vahid seçicilər siyahısının tərtib edilməsi dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilmişdir.

AzərTAc xəbər verir ki, sonra Məzahir Pənahovun sədrliyi ilə MSK-nın növbəti iclası keçirilmişdir.

İclasda Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələlər müzakirə olunmuşdur.

M.Pənahov bildirmişdir ki, seçicilərin daimi siyahısı yanvar ayından başlayaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə yenidən tərtib edilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilmişdir. DSK-lar isə seçki dairələri üzrə yenidən tərtib edilmiş seçici siyahılarını aprelin 5-dək MSK-ya təhvil vermişlər. Minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, seçici siyahılarının mükəmməl şəkildə tərtibi ilə bağlı ölkə rəhbərliyinin siyasi iradəsi mövcuddur və sözügedən sənədin yenidən tərtib edilməsində Daxili İşlər və Ədliyyə nazirliklərinin müvafiq yerli qurumları, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr seçki komissiyalarına lazımi köməklik göstərmişlər.

Qeyd olunmuşdur ki, aprelin 5-dən Azərbaycan Respublikası üzrə seçicilərin siyahısı MSK tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yenidən tərtib edilmişdir. İlin əvvəlindən başlayaraq davamlı olaraq aparılan bu irimiqyaslı proses artıq yekunlaşmışdır. Bu günə olan məlumata görə, ölkə üzrə vahid seçicilər siyahısında 4 922 600 seçicinin adı vardır.

Sonra MSK üzvləri daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə qərarın layihəsi ilə tanış olmuşlar. Komissiya qərara almışdır ki, cari ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək siyahılar məntəqə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin. MSK respublika üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib olunaraq Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirməklə ictimailəşdirilməsi barədə qərar qəbul etmişdir.

İclasda MSK cari il fevralın 24-də keçirilmiş iclasının protokolunu da təsdiqləmiş, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.

Komissiyanın iclasında KİV nümayəndələri də iştirak etmişlər.

 

 

Azərbaycan.- 2012.- 31 may.- S. 12.