Azərbaycan Respublikasında 2012-ci ilin daimi seçici sıyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹2/7

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq hər ilin əvvəlindən başlayaraq məntəqə və dairə seçki komissiyaları tərəfindən tərtib edildikdən sonra daimi seçici siyahıları (onların dürüstlüyünün təmin edilməsi məqsədilə) Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilməli, bununla əlaqədar müvafiq iş aparıldıqdan sonra həmin siyahılar may ayının 30-dan gec olmayaraq müvafiq məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunmalı və dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək ictimailəşdirilməlidir.

Cari ilin seçici siyahılarının tərtib edilməsi işi yuxarıda göstərilən qaydada aparılaraq yekunlaşmış və onların aşağı seçki komissiyaları tərəfindən təsdiq edilməsi və dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilməklə ictimailəşməsi mərhələsi başlanmışdır.

 Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin  19.14-cü, 28.2-ci, 28.4-cü, 46.1-ci və 46.12-ci maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikasında cari ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək siyahılar məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin.

2. Tərtib edilmiş seçici siyahıları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə təsdiq edilməsi işinin təşkili aidiyyəti üzrə müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.

3. Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısı dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməklə ictimailəşdirilsin.

4. Qərarın icrası Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının Katibliyinə və müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.

5. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr         Məzahir Pənahov

Katib        Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

 

 

30.05.12

 

 

Azərbaycan.- 2012.- 31 may.- S. 12.