Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının
Katibliyi haqqında Əsasnamə
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının 24
fevral 2012-ci il tarixli 1/4 saylı Qərarı ilə təsdiq
edilmişdir
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra - Mərkəzi Seçki Komissiyası) Azərbaycan Respublikası Seçki Məcəlləsinin 28.5-ci maddəsinə müvafiq olaraq fəaliyyətinin hüquqi, təşkilati-metodiki, analitik-informasiya, maliyyə, sənədləşdirmə, nəşr, maddi-texniki, təsərrüfat və sosial-məişət təminatını həyata keçirən öz Katibliyini (bundan sonra - Katiblik) yaradır .
1.2. Katiblik öz fəaliyyətində Azərbaycan Respublikasının Seçki Məcəlləsini, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununu, bu Əsasnaməni, Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş müvafiq normativ xarakterli aktları, digər qanunvericilik aktlarını, Mərkəzi Seçki Komissiyası sədrinin (bundan sonra - Komissiyanın sədri) əmr və sərəncamlarını rəhbər tutur.
1.3. Bu Əsasnamə Katibliyin ümumi strukturunu, onun struktur bölmələrinin fəaliyyət istiqamətlərini və səlahiyyətlərini, habelə əməkdaşlarının hüquq və vəzifələrini müəyyən edir.
1.4. Katibliyin rəsmi blankı, habelə üzərində "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası. KATİBLİK" sözləri həkk olunmuş dairəvi möhürü vardır.
2. Katibliyin səlahiyyətləri
2.1. Mərkəzi Seçki Komissiyasının və onun üzvlərinin qanunvericiliklə müəyyən olunmuş fəaliyyətinin təminatı ilə bağlı öz səlahiyyətləri çərçivəsində aşağıdakı istiqamətlərdə tədbirlər görür:
2.1.1. seçki dairələri və seçki məntəqələrinin yaradılması, seçici siyahıları ilə işin təşkili və digər təşkilati xarakterli tədbirləri həyata keçirir;
2.1.2. normativ xarakterli aktların və digər sənəd layihələrinin hazırlanmasında iştirak edir, onların hüquqi ekspertizadan keçirilməsini təşkil edir;
2.1.3. xarici ölkələrin seçki qurumları ilə qarşılıqlı əlaqələrin və seçkilər sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla təcrübə mübadiləsinin aparılmasını təmin edir;
2.1.4. Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi (bundan sonra - DAİS) vasitəsi ilə informasiya və proqram təminatını həyata keçirir;
2.1.5. sənədlərlə və kadrlarla işi təşkil edir, kargüzarlıq fəaliyyətini həyata keçirir;
2.1.6. aşağı seçki komissiyalarının ümumi fəaliyyətinin monitorinqini həyata keçirir;
2.1.7. kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələri, habelə bu sahədə analitik-informasiya təminatını həyata keçirir;
2.1.8. nəşr və çap işlərinin həyata keçirilməsinin təmin edilməsinə əməli yardım edir;
2.1.9. normativ xarakterli aktların və digər materialların dərc olunmasını, habelə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməli olan sənədlərin müvafiq dövlət orqanına vaxtında göndərilməsini və qərarların icrasını təmin edir;
2.1.10. seçki komissiyalarının fəaliyyətinin maliyyə təminatını, maddi-texniki və təsərrüfat təchizatını həyata keçirir;
2.1.11. seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Mərkəzi Seçki Komissiyası nəzdində təşkil edilmiş qurumların (nəzarət-təftiş xidmətinin, mətbuat qrupunun, şikayət və müraciətlərə baxılmasına dair ekspert qrupunun) fəaliyyətinin təminatı ilə bağlı işi təşkil edir;
2.1.12. vətəndaşların qəbulunu təşkil edir;
2.1.13. Komissiya sədrinin göstərişlərini icra edir və onun tapşırığı əsasında digər subyektlərlə qarşılıqlı fəaliyyəti həyata keçirir.
3. Katibliyin
struktur bölmələri
3.1. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 28.5-ci maddəsinə müvafiq olaraq Mərkəzi Seçki Komissiyası Katibliyin strukturunu, ştat vahidlərini dövlət büdcəsindən ona ayrılmış vəsait hüdudlarında müəyyən edir. Ştat vahidlərinin struktur bölmələri arasında paylanmasını komissiyanın sədri həyata keçirir.
3.2. Komissiyanın sədri tərəfindən birbaşa rəhbərlik edilən Katiblik öz aralarında qarşılıqlı fəaliyyətdə olan aşağıdakı struktur bölmələrindən ibarətdir:
3.2.1. Təşkilat şöbəsi;
3.2.2. Hüquq şöbəsi;
3.2.3. Beynəlxalq əlaqələr şöbəsi:
3.2.3.1. Treninq sektoru;
3.2.4. İnformasiya mərkəzi (şöbə hüququnda):
3.2.4.1. İnformasiya sistemlərinin avtomatlaşdırılması sektoru;
3.2.4.2. İnformasiya şəbəkəsinə nəzarət və koordinasiya sektoru;
3.2.4.3.
Texniki və sistem təminatı sektoru
3.2.5.
Ümumi şöbə:
3.2.5.1. Sənədlərlə
iş sektoru;
3.2.6.
Monitorinq şöbəsi;
3.2.7.
Media və ictimai əlaqələr şöbəsi;
3.2.8.
Redaksiya və nəşr şöbəsi;
3.2.9.
Maliyyə şöbəsi;
3.2.10. Təsərrüfat
şöbəsi.
3.3.
Qanunvericiliyə müvafiq olaraq komissiya sədrinin əmri ilə
mərkəzlər və işçi qrupları yaradıla
bilər.
4. Katibliyin struktur bölmələrinin
fəaliyyət istiqamətləri
4.1. Təşkilat
şöbəsi
4.1.1. Mərkəzi
Seçki Komissiyasının fəaliyyətinin təşkilati
təminatını həyata keçirir;
4.1.2. seçkilərin (referendumun) hazırlanması
və keçirilməsi üçün respublikanın
inzibati-ərazi bölgüləri üzrə əhalinin və
seçicilərin sayı haqqında müvafiq icra hakimiyyəti
orqanlarının təqdim etdikləri məlumatları ümumiləşdirir və
lazımi qaydada istifadə üçün hazırlayır;
4.1.3. təşkilati xarakterli sənədlərin,
dairə və məntəqə seçki komissiyalarına
metodiki yardım göstərilməsi məqsədilə
material və tövsiyələrin, Mərkəzi Seçki
Komissiyası hesabatlarının və digər sənədlərin
hazırlanmasında iştirak edir;
4.1.4. dairə və məntəqə seçki
komissiyalarının tərkibinin
formalaşdırılması, seçici siyahıları ilə
işin təşkili, namizədlərin irəli sürülməsi
və qeydə alınması ilə bağlı məlumatların
toplanmasını və ümumiləşdirilməsini həyata
keçirir;
4.1.5.
Komissiya sədrinin şöbəyə göndərdiyi
sorğu, müraciət, ərizə və şikayətlərin
icrasını təmin edib onlarla bağlı analitik və
operativ məlumatlar, rəylər, arayışlar və cavab məktubları
hazırlayır;
4.1.6. fəaliyyətin təşkilati təminatı
ilə əlaqədar seminarların, müşavirələrin
və digər tədbirlərin təşkili planlarını
hazırlayıb rəhbərliyə təqdim edir;
4.1.7. aşağı seçki komissiyalarının
işinə kurasiya qaydasında metodiki köməklik göstərir;
4.1.8. səlahiyyətləri daxilində digər vəzifələri
yerinə yetirir.
4.2.
Hüquq şöbəsi
4.2.1. Mərkəzi
Seçki Komissiyasının fəaliyyətinin hüquqi təminatını
həyata keçirir;
4.2.2. Mərkəzi
Seçki Komissiyasının normativ xarakterli aktlarının
və digər sənəd layihələrinin, Mərkəzi
Seçki Komissiyası hesabatlarının
hazırlanmasında iştirak edir;
4.2.3. normativ xarakterli aktların hüquqi ekspertizadan
keçirilməsini təşkil edir, Katibliyin digər struktur
bölmələri tərəfindən hazırlanan sənədlərin
qanunauyğunluğunu yoxlayır və onlara viza verir, eləcə
də əməli tədbirlərin, qərar layihələrinin
və digər sənədlərin hüquqi cəhətdən
əsaslandırılması barədə məsləhətlər verir;
4.2.4.
Komissiya sədrinin əmr layihələrinin
hazırlanmasında iştirak edir, onların
qanunauyğunluğu barədə viza verir;
4.2.5. aşağı seçki komissiyaları
üçün seçki hüququ üzrə
ixtisaslaşdırılmış kursların hazırlanıb
keçirilməsində və seçicilərin maarifləndirilməsi
proqramlarında iştirak edir;
4.2.6. dairə və məntəqə seçki
komissiyaları ilə iş aparır, onların fəaliyyətinin
həyata keçirilməsində qanunvericiliyin tələblərinə
əməl olunmasına nəzarət edir, bu istiqamətdə
vaxtaşırı seminarlar keçirilməsini təşkil
edir, hüquqi məsləhətlər verir;
4.2.7.
Komissiya sədrinin şöbəyə göndərdiyi
sorğu, müraciət, ərizə və şikayətlərin
icrasını təmin edib onlarla bağlı analitik və
operativ məlumatlar, rəylər, arayışlar və cavab məktubları
hazırlayır;
4.2.8. qanunvericiliklə müəyyən olunmuş
qaydada vəkalətnamə əsasında məhkəmələrdə
Mərkəzi Seçki Komissiyasının səlahiyyətli
nümayəndəsi kimi iştirak edir və onun mənafeyini
müdafiə edir;
4.2.9. seçki və hüquq ədəbiyyatı
fondunun yaradılmasını təmin edir;
4.2.10. aşağı seçki komissiyalarının
işinə kurasiya qaydasında köməklik edir;
4.2.11. səlahiyyətləri
daxilində digər vəzifələri yerinə yetirir.
4.3.
Hüquq şöbəsinin əməkdaşları, baş
mütəxəssis istisna olmaqla, ali təhsilli
hüquqşünas olmalıdırlar.
4.4. Beynəlxalq
əlaqələr şöbəsi
4.4.1. xarici ölkələrin seçki qurumları
ilə Mərkəzi Seçki Komissiyasının
qarşılıqlı əlaqələrinin təşəkkülünə
və genişlənməsinə kömək edir;
4.4.2. xarici dövlətlərin seçkilərə
(referenduma) dair qanunvericiliyini və beynəlxalq seçki təcrübəsini
öyrənir;
4.4.3. xarici ölkələrin seçki qurumları
ilə təcrübə mübadiləsi, xarici ölkələrin
seçki qurumları və beynəlxalq təşkilatların
nümayəndələri üçün səfər
proqramları ilə bağlı Mərkəzi Seçki
Komissiyasının rəhbərliyinə rəy və təkliflər
hazırlayır;
4.4.4. Azərbaycan
Respublikasına gələn beynəlxalq müşahidəçilərin
akkreditə olunmasını və onların fəaliyyətinin
təminatı ilə əlaqədar lazımi xidmət
göstərilməsini təşkil edir;
4.4.5.
Komissiya sədrinin şöbəyə göndərdiyi
sorğu, müraciət, ərizə və şikayətlərin
icrasını təmin edib onlarla bağlı analitik və
operativ məlumatlar, rəylər, arayışlar və cavab məktubları
hazırlayır;
4.4.6. xarici ölkələrin, beynəlxalq təşkilatların
nümayəndələrinin qəbulu zamanı tərcüməni
təşkil edir, söhbət və
danışıqların qeydiyyatını aparır, zərurət
olduqda sənəd və materialları tərcümə edib
müvafiq qurumlara və müşahidəçilərə
çatdırılmasını təmin edir;
4.4.7. Mərkəzi
Seçki
Komissiyası hesabatlarının, Katibliyin Media və
ictimai əlaqələr şöbəsi ilə birlikdə
kütləvi informasiya vasitələri üçün məlumatların
hazırlanmasında iştirak edir;
4.4.8. səlahiyyətləri daxilində digər vəzifələri
yerinə yetirir.
4.5.
Treninq sektoru
4.5.1. aşağı seçki komissiyaları
üzvlərinin təlimatlandırılması və peşə
hazırlığı ilə əlaqədar Mərkəzi
Seçki Komissiyası tərəfindən müəyyən
olunmuş müvafiq proqramlar çərçivəsində
treninqlər təşkil edir.
4.6.
İnformasiya mərkəzi (şöbə hüququnda)
4.6.1. Mərkəzi
Seçki
Komissiyasının fəaliyyətinin DAİS vasitəsi
ilə informasiya və proqram təminatını həyata
keçirir;
4.6.2. seçkilər (referendum) prosesində
(seçicilər qeydə alınarkən, onların siyahıları
tərtib edilərkən, səsvermənin nəticələri
və seçkilərin yekunları müəyyənləşdirilərkən)
DAİS vasitəsilə məlumatların vaxtında
alınması, verilməsi və yenidən işlənib
hazırlanmasını təmin edir;
4.6.3. seçki komissiyasının protokoluna əlavə
etmək üçün DAİS-ə daxil edilmiş
müvafiq məlumatları kompyuter üsulu ilə çap
edir və təqdim edir;
4.6.4.
DAİS-ə daxil edilməli olan məlumatları Mərkəzi
Seçki
Komissiyası tərəfindən müəyyən
olunmuş qaydada informasiya-kommunikasiya xətlərinə təqdim
edir və seçki komissiyalarını həmin məlumatlarla
vaxtında və keyfiyyətlə tanış edir;
4.6.5. Mərkəzi
Seçki Komissiyası hesabatlarının, digər sənəd
layihələrinin, dairə və məntəqə seçki
komissiyalarına metodiki yardım göstərilməsi məqsədilə
material və tövsiyələrin hazırlanmasında
iştirak edir;
4.6.6.
Komissiya sədrinin mərkəzə göndərdiyi sorğu,
müraciət, ərizə və şikayətlərin
icrasını təmin edib onlarla bağlı analitik və
operativ məlumatlar, rəylər, arayışlar və cavab məktubları
hazırlayır;
4.6.7. aşağı seçki komissiyalarının
işinə kurasiya qaydasında metodiki köməklik göstərir;
4.6.8. səlahiyyətləri daxilində digər vəzifələri
yerinə yetirir.
4.7.
Şöbənin fəaliyyəti onun tərkibindəki
sektorların qarşılıqlı və səmərəli
fəaliyyətindən birbaşa asılıdır.
4.8. İnformasiya
sistemlərinin avtomatlaşdırılması sektoru
4.8.1.
DAİS-in fasiləsiz və keyfiyyətli fəaliyyətini təmin
etmək məqsədilə informasiya texnologiyalarının və
yeni proqramların hazırlanmasını, tətbiqini və
icrasını təmin edir;
4.8.2.
DAİS-də [seçkilər (referendum), seçici
siyahıları, seçki komissiyaların tərkibi
haqqında] məlumat bazalarının yaradılması və
müvafiq sorğu sistemlərinin qurulmasını təmin
edir.
4.9.
İnformasiya şəbəkəsinə nəzarət və
koordinasiya sektoru
4.9.1.
Katibliyin struktur bölmələrində olan kompyuterlərin
internetə çıxışını təmin edir;
4.9.2.
Katibliyin və DAİS-in şəbəkəsinə nəzarət
edir, şəbəkədə yaranan problemlərin aradan
qaldırılmasını təmin edir;
4.9.3. müasir avtomatlaşdırılmış idarəetmə
vasitələrindən istifadə olunmasında Katibliyin
struktur bölmələrinə metodiki və əməli
yardım edir;
4.9.4. seçici siyahılarının çap edilməsini
təmin edir.
4.10.
Texniki və sistem təminatı sektoru
4.10.1
DAİS-ə qoşulmuş kompyuter avadanlıqlarının
texniki vəziyyətini müəyyən edir;
4.10.2. Mərkəzi
Seçki Komissiyasının və onun Katibliyinin struktur
bölmələrinin gündəlik fəaliyyətində
kompyuterlərin, informasiya texnologiyalarının tətbiqini,
yeni proqramların hazırlanmasını və tətbiqini təmin
edir;
4.10.3. kompyuter avadanlıqlarına, surətçıxaran
cihazlara və digər elektron qurğulara profilaktik-texniki xidmət
göstərilməsini təmin edir.
4.11.
Ümumi şöbə
4.11.1. Mərkəzi
Seçki Komissiyasının fəaliyyətinin sənədlərlə
və kadrların şəxsi vərəqələri ilə iş və
kargüzarlıq təminatını həyata keçirir;
4.11.2. Mərkəzi
Seçki Komissiyası hesabatlarının, habelə sənəd
və materialların hazırlanmasında iştirak edir;
4.11.3. Mərkəzi
Seçki Komissiyasının iclasları barədə onun
üzvlərinin və dəvət olunan şəxslərin xəbərdar
edilməsini təmin edir və üzvlərin iclaslara davamiyyətinin
uçotunu aparır;
4.11.4. Mərkəzi
Seçki Komissiyasının iclas protokollarının tərtibini,
zəruri hallarda iclasların stenoqrama alınmasını və
video-audio yazısının aparılmasını, eləcə
də müvafiq sənədlərin saxlanılmasını təmin
edir;
4.11.5.
normativ xarakterli aktların, Komissiya
sədrinin əmr və sərəncamlarının, habelə
digər sənədlərin, eləcə də Katibliyə
daxil olan sorğu, müraciət, ərizə və şikayətlərin
reyestrini aparır, daxil olan və göndərilən sənədlərin
dövriyyəsini təşkil edir;
4.11.6. seçki komissiyalarından, dövlət
orqanlarından, idarə və təşkilatlardan Mərkəzi
Seçki Komissiyasının qərar və sərəncamlarının
icrası ilə bağlı materialların
alınmasını təmin edir;
4.11.7.
Komissiya sədrinin şöbəyə göndərdiyi
sorğu, müraciət, ərizə və şikayətlərin
icrasını təmin edib onlarla bağlı analitik və
başqa informasiya məlumatları, rəylər,
arayışlar və cavab məktubları hazırlayır;
4.11.8.
Katibliyin struktur bölmələrində kargüzarlıq
qaydalarına əməl olunmasına nəzarət edir və əməkdaşları
xidməti vəzifələrinin yerinə yetirilməsi ilə
bağlı müvafiq sənəd və materiallarla tanış edir;
4.11.9. vətəndaşların yazılı və
şifahi müraciətlərinin sayı, xarakteri, habelə
onlara baxılmasının nəticələri haqqında
komissiyanın rəhbərliyinə məlumat verir;
4.11.10. aşağı
seçki komissiyalarının sədrlərini sənədlərin
uçotu, göndərilməsi və saxlanılması qaydaları ilə
tanış etmək məqsədilə zəruri iş
aparır, onlar üçün vaxtaşırı seminarlar təşkil
edilməsini təmin edir;
4.11.11. seçki komissiyalarının sənəd və
materiallarının qanunvericiliklə müəyyən olunmuş
qaydada saxlanılması, nomenklatura üzrə arxivə verilməsi
və ləğv edilməsi işini təşkil edir;
4.11.12.
Komissiya sədrinin əmr və sərəncamlarının
layihələrini hazırlayıb imzalanmaq üçün təqdim
edir;
4.11.13. Mərkəzi
Seçki Komissiyası üzvlərinin, Katibliyin əməkdaşlarının
xidməti ezamiyyələrini rəsmiləşdirir və
onların uçotunu aparır;
4.11.14. seçki komissiyaları katibliklərinin əməkdaşlarının
kadr uçotunun aparılmasını, əmək
kitabçalarının qanunvericiliyə uyğun rəsmiləşdirilməsini
və saxlanılmasını təmin edir;
4.11.15. əməkdaşların hərbi
qeydiyyatının uçotunu aparır;
4.11.16. səlahiyyətləri daxilində digər vəzifələri
yerinə yetirir.
4.12.
Şöbənin "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası. Ümumi şöbə" sözləri
həkk olunmuş dairəvi möhürü, Mərkəzi Seçki
Komissiyasının qərarlarından və digər sənədlərdən
çıxarışları təsdiqləmək
üçün "Əsli ilə düzdür", daxil
olan müraciətlərin qeydə alınması
üçün "Daxilolma" və "Paketlər
üçün", göndərilən sənədlərin
qeydiyyatdan keçirilməsi üçün "Göndərilmə",
məxfi sənədlərin qəbulu və göndərilməsi
üçün "MƏXFİ" sözləri
yazılmış düzbucaqlı rezin ştampları
vardır.
4.13. Sənədlərlə
iş sektoru
4.13.1. dairə seçki komissiyalarının fəaliyyətində
kargüzarlığın aparılmasına nəzarət
edir;
4.13.2. dairə seçki komissiyaları üzvlərinin
və Katiblik əməkdaşlarının kadr uçotunu və
şəxsi işlərini aparır;
4.13.3. dairə seçki komissiyalarının katiblikləri
əməkdaşlarını işə qəbul etməklə
əlaqədar onların əmrlərini hazırlayır, əmək
kitabçalarını qanunvericiliyə uyğun rəsmiləşdirir,
komissiya üzvləri və Katiblik əməkdaşlarını
müvafiq vəsiqələrlə təmin edir;
4.13.4. xidməti ezamiyyətə gələn dairə
seçki komissiyası üzvlərinin və Katibliyinin əməkdaşlarının
ezamiyyət vərəqələrində müvafiq qeydlər
aparır.
4.14.
Monitorinq şöbəsi
4.14.1. aşağı seçki komissiyalarının
peşə hazırlığının monitorinqini həyata
keçirir:
4.14.1.1. aşağı seçki komissiyalarının
iclasları və orada müzakirə olunan məsələlərlə
əlaqədar fəaliyyətin komissiyaların reqlamentinə
uyğunluğu;
4.14.1.2. dairə seçki komissiyalarının iclas
protokollarının tərtibatının
qanunauyğunluğu;
4.14.1.3. müzakirəyə
çıxarılmış məsələlərlə əlaqədar
qəbul edilmiş qərarların qanunamüvafiqliyi;
4.14.1.4. namizədlərin qeydə alınması
üçün işçi qruplarının
yaradılmasının qanunauyğunluğu;
4.14.1.5. şikayətlərə baxılması
üçün ekspert qruplarının
yaradılmasının qanunauyğunluğu;
4.14.1.6. dairə seçki komissiyalarına daxil
olmuş şikayət və müraciətlərə
baxılmasının qanunvericiliyin tələblərinə
uyğunluğu;
4.14.1.7. monitorinq fəaliyyəti ilə əlaqədar
bu qəbildən olan digər vəzifələri yerinə
yetirir.
4.14.2.
Monitorinqin nəticələrinə uyğun olaraq seçki
komissiyalarının fəaliyyətində yol verilən
qüsurların aradan qaldırılması məqsədi ilə
təkliflər hazırlayır.
4.14.3.
Komissiya sədrinin şöbəyə göndərdiyi
sorğu, müraciət, ərizə və şikayətlərin
icrasını təmin edib onlarla bağlı analitik və
operativ məlumatlar, rəylər, arayışlar və cavab məktubları
hazırlayır.
4.14.4. Mərkəzi Seçki Komissiyası
hesabatlarının, seçki komissiyalarına metodiki
yardım göstərilməsi məqsədi ilə material və
tövsiyələrin hazırlanmasında iştirak edir.
4.14.5. aşağı seçki komissiyalarının
işinə kurasiya qaydasında metodiki köməklik göstərir.
4.15. Media
və ictimai əlaqələr şöbəsi
4.15.1. Mərkəzi
Seçki Komissiyasının fəaliyyətinin kütləvi
informasiya vasitələri və ictimaiyyətlə əlaqələndirilməsini,
habelə bu sahədə analitik-informasiya təminatını
həyata keçirir;
4.15.2. yerli kütləvi informasiya vasitələri
nümayəndələrinin Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan
keçməsini təmin edir, komissiyanın sədri ilə
razılaşdırmaqla onları komissiyanın iclaslarına dəvət
edir;
4.15.3. Mərkəzi
Seçki Komissiyasının ümumi fəaliyyəti və seçkilərin (referendumların)
hazırlanıb keçirilməsi barədə məlumatların
mətbuat, teleqraf agentlikləri vasitəsilə
yayılmasını və teleradio kanalları ilə
yayımlanmasını təşkil edir;
4.15.4. kütləvi informasiya vasitələrində
seçkilərlə (referendumla) əlaqədar, habelə
seçkiqabağı təşviqatla bağlı materiallara
(mətbuat konfransları, "dəyirmi masa"lar, müsahibələr,
eləcə də seçkili orqanlara namizədlərin
çıxışları, siyasi partiyaların təbliğat
və təşviqat materialları, keçirilən rəy
sorğuları) diqqət yetirir;
4.15.5. seçkiqabağı təşviqat aparmaq
hüququna malik olan subyektlər tərəfindən kütləvi
informasiya vasitələrindən qanunvericiliyə uyğun
istifadə edilməsini diqqətdə saxlayır;
4.15.6. Mərkəzi
Seçki Komissiyası hesabatlarının və digər sənədlərin
hazırlanmasında iştirak edir, komissiya sədrinin
şöbəyə göndərdiyi sorğu, müraciət,
ərizə və şikayətlərin icrasını təmin
edib onlarla bağlı analitik və operativ məlumatlar, rəylər,
arayışlar və cavab məktubları hazırlayır;
4.15.7. Mərkəzi
Seçki Komissiyasının fəaliyyəti barədə
foto və video salnamə yaradılması sahəsində
iş aparır;
4.15.8. səlahiyyətləri daxilində digər vəzifələri
yerinə yetirir.
4.16.
Redaksiya və nəşr şöbəsi
4.16.1. Mərkəzi
Seçki Komissiyasının fəaliyyətində nəşr
və çap işlərinin həyata keçirilməsinin təmin
edilməsini təşkil edir;
4.16.2. Mərkəzi
Seçki Komissiyası hesabatlarının və digər sənədlərin
hazırlanmasında iştirak edir, habelə sənəd və
materialların hazırlanmasında korrektə xarakterli işləri həyata
keçirir;
4.16.3. Mərkəzi
Seçki Komissiyasının qəbul etdiyi ictimailəşdirilməli
olan normativ xarakterli aktların internet səhifəsinə yerləşdirilməsi, dərcə
hazırlanması, habelə toplu şəklinə
salınmalı olan materialların nəşrə
hazırlanması işlərini həyata keçirir;
4.16.4. zərurət yarandıqda, sənəd və
materialların kompyuterdə yığılmasını təmin
edir;
4.16.5. Mərkəzi
Seçki Komissiyasının "Xəbərlər"
jurnalının redaktə edilməsini və nəşrə
hazırlanmasını təmin edir;
4.16.6. Mərkəzi
Seçki Komissiyasının rəsmi blanklarının
hazırlanması və nəşrini təşkil edir;
4.16.7.
Komissiya sədrinin şöbəyə göndərdiyi
sorğu, müraciət, ərizə və şikayətlərin
icrasını təmin edib onlarla bağlı məlumatlar, rəylər,
arayışlar və cavab məktubları hazırlayır;
4.16.8. səlahiyyətləri daxilində digər vəzifələri
yerinə yetirir.
4.17.
Maliyyə şöbəsi
4.17.1. seçki komissiyalarının fəaliyyətinin
maliyyə təminatını həyata keçirir;
4.17.2. qanunvericiliyə uyğun olaraq seçki
komissiyalarının ştat cədvəllərinin və
komissiyaların saxlanılmasının xərclər
smetasının layihələrini tərtib edir və təsdiq
olunmaq üçün aidiyyəti üzrə təqdim edir;
4.17.3. seçkilərin (referendumun) hazırlanıb
keçirilməsi üçün xərclər smetasının
layihəsini tərtib edərək təsdiq olunmaq
üçün hazırlayır;
4.17.4. seçkilərin (referendumun) hazırlanıb
keçirilməsi üçün dövlət büdcəsindən
ayrılmış vəsaitin seçki komissiyaları
arasında bölüşdürülməsini, müvafiq bank
hesablarına köçürülməsini, eləcə də
maliyyə intizamına əməl olunmaqla, xərclər
smetasının icrasını təmin edir;
4.17.5. seçkilər (referendum) başa
çatdıqdan sonra ayrılmış vəsaitin xərclənməsinə
dair müvafiq hesabatların alınıb,
düzgünlüyünün yoxlanılmasını təmin
edir, xərclənməmiş vəsaitlərin qanunvericiliklə
müəyyən olunmuş qaydada və müddətdə
büdcəyə qaytarılmasına nəzarəti həyata
keçirir;
4.17.6. mühasibat uçotu əməliyyatları
üzrə sənədləşdirmə aparır və
seçki komissiyalarında maliyyə-təsərrüfat əməliyyatlarının
aparılmasına nəzarəti təmin edir;
4.17.7. Mərkəzi
Seçki Komissiyası hesabatlarının və digər sənəd
layihələrinin hazırlanmasında iştirak edir;
4.17.8.
Komissiya sədrinin şöbəyə göndərdiyi
sorğu, müraciət, ərizə və şikayətlərin
icrasını təmin edib onlarla bağlı analitik və
operativ məlumatlar, rəylər, arayışlar və cavab məktubları
hazırlayır;
4.17.9.
mal-materialların və digər maddi dəyərlərin
vaxtında uçota alınmasını, mənəvi və
fiziki cəhətdən köhnəlmiş əsas vəsaitlərin,
mal-materialların, azqiymətli və tez xarab olan əşyaların
qanunvericiliklə müəyyən olunmuş qaydada
uçotdan silinməsini təmin edir;
4.17.10. maliyyə fəaliyyətinə dair aylıq,
rüblük və illik hesabatların keyfiyyətlə tərtibini
və qanunvericiliklə müəyyən olunmuş qaydada və
müddətdə müvafiq dövlət orqanlarına təqdim
olunmasını təmin edir;
4.17.11. maliyyə intizamına əməl edilməsi
sahəsində dairə və məntəqə seçki
komissiyaları ilə iş aparır, onlar üçün
vaxtaşırı seminarlar təşkil edilməsini təmin
edir;
4.17.12. səlahiyyətləri daxilində digər vəzifələri
yerinə yetirir.
4.18.
Maliyyə şöbəsinin əməkdaşları, baş
mütəxəssis istisna olmaqla, ali təhsilli
iqtisadçı olmalıdırlar.
4.19. Təsərrüfat
şöbəsi
4.19.1.
Katiblikdə əmlak və avadanlığın uçotunu
aparır, Maliyyə şöbəsi ilə birlikdə
qanunvericiliklə müəyyən olunmuş qaydada əşya-hesablama
işini təşkil edir və seçki
komissiyalarının maddi-texniki və təsərrüfat təchizatını
həyata keçirir;
4.19.2. Mərkəzi
Seçki Komissiyası iclaslarının və digər tədbirlərin
hazırlanması və keçirilməsi üçün
Katibliyin struktur bölmələrinə texniki-təsərrüfat
xidməti göstərilməsini təmin edir;
4.19.3.
Katiblikdə texniki avadanlığın, rabitə və nəqliyyat
vasitələrinin, habelə digər əşyaların
istifadəyə yararlı vəziyyətdə
saxlanılmasını təmin edir və onların qorunub
saxlanmasına nəzarət edir;
4.19.4.
seçkilərin (referendumun) hazırlanması və
keçirilməsi ilə əlaqədar Mərkəzi
Seçki Komissiyası tərəfindən
hazırlanmış seçki sənədləri, metodiki vəsaitlər,
təşviqat materialları, habelə seçki günü
istifadə edilən avadanlıq və müvafiq ləvazimatlarla
aşağı seçki komissiyalarını təchiz edir;
4.19.5. Mərkəzi
Seçki Komissiyası hesabatlarının və digər sənədlərin
hazırlanmasında iştirak edir, komissiya sədrinin
şöbəyə göndərdiyi sorğu, müraciət,
ərizə və şikayətlərin icrasını təmin
edib onlarla bağlı analitik və operativ məlumatlar, rəylər,
arayışlar və cavab məktubları hazırlayır;
4.19.6.
Katiblikdə əməyin mühafizəsi, texniki təhlükəsizlik
və yanğından qorunma qaydalarına əməl
olunmasını təmin edir;
4.19.7. inzibati binanın və avadanlıqların səmərəli
istismarı üzrə iş aparır;
4.19.8. səlahiyyətləri daxilində digər vəzifələri
yerinə yetirir.
5. Katiblik əməkdaşlarının
hüquq və vəzifələri
5.1. Bu əsasnamədə
sadalanmayan əməkdaşlar da daxil olmaqla, Katibliyin əməkdaşları
əmək və dövlət xidmətinin yerinə yetirilməsinin
qayda və şərtlərini tənzimləyən normativ
aktlarla nəzərdə tutulmuş hüquq və vəzifələrə
malikdirlər.
5.2.
Katibliyin əməkdaşlarını qanunvericilikdə nəzərdə
tutulmuş qaydada komissiya sədri işə qəbul edir və
işdən azad edir, mükafatlandırır və intizam qaydasında
cəzalandırır.
5.3.
Katibliyin hər bir əməkdaşı ona həvalə
edilmiş vəzifələrin yerinə yetirilməsi
üçün fərdi məsuliyyət daşıyır,
başqa şəxslərin qanunvericiliklə təsbit
olunmuş hüquq və azadlıqlarına hörmət etməyə,
qanunla müəyyən olunmuş digər vəzifələri
yerinə yetirməyə borcludur.
5.4.
Katibliyin əməkdaşları etik qaydalara riayət etməli, iş vaxtını xidməti vəzifələrinin
yerinə yetirilməsinə sərf etməli, Mərkəzi
Seçki Komissiyası rəhbərliyinin, eləcə də
Katibliyin müvafiq struktur bölmələri rəhbərlərinin
tapşırıqlarına əməl etməli, sərəncamlarına
verilmiş xidməti avadanlığı və əşyaları
qorumalıdırlar.
5.5. Daxili
əmək intizamının pozulması, əməkdaşa həvalə
olunmuş vəzifələrin onun səhlənkarlığı
və ya təqsiri üzündən yerinə yetirilməməsi,
yaxud keyfiyyətsiz icrası intizam tənbehinin və ya ictimai
təsir tədbirlərinin, habelə qüvvədə olan
qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlərin
tətbiqinə səbəb ola bilər.
5.6.
İşə qəbul edildikdən sonra əməkdaşlara
komissiya sədri tərəfindən imzalanmış xidməti
vəsiqə verilir.
6. Katibliyin müdiri, Katiblik rəhbərinin
müavini, Katiblik müdirinin köməkçisi və digər
Katiblik əməkdaşlarının səlahiyyətləri
6.1
Katibliyin müdiri
6.1.1.
Komissiya sədrinin göstərişlərini həyata
keçirir;
6.1.2.
Komissiya rəhbərliyinin göstərişlərinin
Katibliyin əməkdaşları tərəfindən
icrasına nəzarət edir;
6.1.3.
Katibliyin fəaliyyətinin qanunamüvafiq icrası məqsədi
ilə struktur bölmələrin rəhbərlərinə
göstərişlər verir;
6.1.4.
Katibliyin struktur bölmələrinin ümumi fəaliyyətini
təşkil edir;
6.1.5. əməkdaşların əmək şəraitinin
yaxşılaşdırılması, iş yerlərinin
lazımi avadanlıqla, o cümlədən texniki vasitələrlə
təmin olunmasına, əməyin mühafizəsi
qaydalarına (təhlükəsizlik texnikası, sanitariya
qaydaları və s.) riayət olunmasına nəzarət edir;
6.1.6. səlahiyyətləri daxilində digər vəzifələri
yerinə yetirir.
6.1.7.
Katibliyin müdiri Katibliyin möhürünün
saxlanılması və qanuna uyğun olaraq işlədilməsi
üçün şəxsən məsuliyyət
daşıyır.
6.2.
Katiblik rəhbərinin müavini
6.2.1.
Komissiya sədrinin göstərişlərini yerinə yetirir;
6.2.2.
Komissiya sədrinin qəbul vaxtlarını nizamlayır;
6.2.3.
Komissiya sədrinin rəsmi görüşlərini təşkil
edir;
6.2.4. sənədlərin komissiya sədrinə təqdim
edilməsini tənzimləyir;
6.2.5. vətəndaşlara və digər şəxslərə
inzibati binaya daxil olmaq üçün buraxılış tərtib
edir;
6.2.6. səlahiyyətləri daxilində digər vəzifələri
həyata keçirir.
6.3.
Katiblik müdirinin köməkçisi
6.3.1.
Katibliyin fəaliyyətinin qanunvericiliyə uyğun təşkil
edilməsi məqsədilə müdirin göstərişlərini
həyata keçirir;
6.3.2. müdirin qəbullarını
nizamlayır və xidməti görüşlərini təşkil
edir;
6.3.3. səlahiyyətləri
daxilində digər vəzifələri həyata keçirir.
6.4.
Şöbə müdiri
6.4.1. şöbənin fəaliyyətinə
birbaşa rəhbərlik edir və onun işini təşkil
edir;
6.4.2. sektorlar və şöbənin əməkdaşları
arasında vəzifə bölgüsü aparır;
6.4.3. işə yeni qəbul olunmuş şöbə
əməkdaşlarını bu əsasnamə ilə,
onların konkret vəzifələri ilə, Katiblikdə
iş qaydalarını müəyyənləşdirən
müvafiq təlimat və sənədlərlə
tanış edir;
6.4.4. əməkdaşların seçilməsi, yerləşdirilməsi,
mükafatlandırılması və ya onlara intizam tənbehinin
verilməsi barədə komissiyanın sədrinə təkliflər
verir;
6.4.5.
Komissiya sədrinin şöbəyə göndərdiyi sənədlərin
mahiyyəti üzrə həll olunması işini təşkil
edir, icra edilməsi üçün onlara viza qoyaraq
şöbənin əməkdaşlarına təqdim edir;
6.4.6. şöbədə hazırlanan və icra edilən
sənədlərin qanunauyğunluğunu yoxlayır və
onlara viza qoyur;
6.4.7. əməkdaşlar tərəfindən xidməti
intizama və əmək intizamına, habelə əməyin
mühafizəsi qaydalarının tələblərinə
riayət olunmasını təmin edir;
6.4.8. əməkdaşların iş yerləri ilə,
rabitə və digər texniki vasitələrlə təmin
olunması, onların sosial-məişət məsələlərinin
həlli barədə komissiya sədrinə təkliflər
verir;
6.4.9.
Komissiya sədrinin və rəhbərliyin tapşırıq və
göstərişlərini yerinə yetirir;
6.4.10. Mərkəzi
Seçki Komissiyasının iclaslarında iştirak edir;
6.4.11. səlahiyyətləri daxilində digər vəzifələri
yerinə yetirir.
6.5. Sektor
müdiri
6.5.1. müvafiq sektorun fəaliyyətinə rəhbərlik
edir və onun işini təşkil edir;
6.5.2. şöbə müdirinin göstərişlərini
və tapşırıqlarını icra edir;
6.5.3. rəhbərlik etdiyi sektorun fəaliyyət
istiqamətlərinə uyğun olaraq və şöbə
müdirinin baxılmaq üçün ona həvalə etdiyi
sorğu, müraciət, ərizə və şikayətlərin
icrasını təmin edib onlarla bağlı məlumatlar, rəylər,
arayışlar və cavab məktubları hazırlayır;
6.5.4. sektorun əməkdaşları arasında
aparılmış vəzifə bölgüsünə əməl
olunmasına nəzarət edir, sektora yeni qəbul olunmuş əməkdaşları
bu əsasnamə ilə, onların konkret vəzifələri
və iş qaydalarını müəyyənləşdirən
müvafiq təlimat və sənədlərlə
tanış edir;
6.5.5. sektor əməkdaşları tərəfindən
xidməti intizama və əmək intizamına, habelə əməyin
mühafizəsi qaydalarının tələblərinə
riayət edilməsini təmin edir;
6.5.6. sektor əməkdaşlarının
mükafatlandırılması və ya onlar barədə
intizam qaydasında tənbeh tətbiq olunması, habelə
onlara məzuniyyət verilməsi, onların iş yerləri,
rabitə və digər texniki vasitələrlə təmin
olunması, sosial-məişət məsələlərinin həlli
barədə şöbə müdirinə təkliflər
verir;
6.5.7. səlahiyyətləri daxilində digər vəzifələri
yerinə yetirir.
6.6.
Baş məsləhətçi
6.6.1. şöbənin aparıcı əməkdaşı
olub, vəzifə bölgüsü əsasında fəaliyyət
göstərir;
6.6.2. şöbə müdirinin və əməkdaşı
olduğu sektorun müdirinin birbaşa göstərişlərini
və tapşırıqlarını icra edir;
6.6.3. baxılması üçün ona həvalə
edilmiş sorğu, müraciət, ərizə və şikayətləri
icra edərək onlarla bağlı analitik və başqa məlumatlar,
rəylər, arayışlar və cavab məktubları
hazırlayır;
6.6.4. şöbə və sektor müdirinin
tapşırıqlarını digər əməkdaşların
nəzərinə çatdırır, onların icrasına nəzarət
edir;
6.6.5. ona həvalə olunmuş digər vəzifələri
yerinə yetirir.
6.7.
Böyük məsləhətçi, aparıcı məsləhətçi
və məsləhətçi
6.7.1. şöbədə vəzifə
bölgüsü əsasında fəaliyyət göstərir;
6.7.2. şöbə müdirinin baxılmaq
üçün ona həvalə etdiyi sorğu, müraciət,
ərizə və şikayətləri icra edərək
onlarla bağlı məlumatlar, rəylər, arayışlar
və cavab məktubları hazırlayır;
6.7.3. şöbə və sektor müdirinin
tapşırıq və göstərişlərini icra edir;
6.7.4. ona həvalə olunmuş digər vəzifələri
yerinə yetirir.
6.8.
Baş mütəxəssis
6.8.1. şöbə və sektor müdirinin
tapşırıqlarını icra edir;
6.8.2. şöbənin
kargüzarlığını aparır;
6.8.3. ona həvalə olunmuş digər vəzifələri
yerinə yetirir.
7. Ümumi müddəalar
7.1. Bu əsasnamənin
müddəalarının pozulması qanunvericiliklə müəyyən
olunmuş qaydada məsuliyyət yaradır.
7.2.
Katibliyin Əsasnaməsi Mərkəzi Seçki
Komissiyasının qərarı ilə qəbul olunur.
7.3. Bu Əsasnaməyə
əlavə və dəyişikliklər yalnız Mərkəzi
Seçki Komissiyasının qərarı ilə edilə bilər.
Azərbaycan.- 2012.- 31 may.- S. 12; 13.