Həqiqətin yandırıcı odu

 

Mirzə Ələkbər Sabir  - 150

 

Təkcə Azərbaycan xalqının deyil, bütün Şərq xalqlarının dərdinin tərcümanı, üsyankar ruhu olan Mirzə Ələkbər Sabirin sənəti, tənqidçi Qulu Xəlilovun təbirincə desək, ümumbəşəri xarakter daşıyır. Bu əzəmətli sənətin yaradıcısı Mirzə Ələkbər Sabir 1862-ci ildə Şamaxıda anadan olub. Əvvəlcə atasının arzusu ilə mədrəsədə təhsil alan Ələkbər sonradan Seyid Əzim Şirvaninin yeni tipli məktəbində oxudu. Dövrünün böyük maarifpərvəri, şair və ictimai xadimi Şirvanidən çox şey əxz etdi Ələkbər. Rus dilini mükəmməl öyrəndi, bir neçə elmin əsaslarına yiyələndi. Həm klassik Şərq poeziyasını, həm də Avropa ədəbiyyatını mənimsədi. Lap gənc yaşlarında klassik şeir üslubunda müxtəlif janrlarda şeirlər yazmağa başlayan Ələkbərin istedadı Seyid Əzimin diqqətini cəlb etdi. O öz şagirdinə Nizaminin "Xəmsə"sini də bağışlayıb. Ədəbiyyat tarixçiləri bu barədə dəfələrlə yazıblar. Sonralar Mirzə Ələkbər Sabirin dünya səyahətinə çıxmaq - Türküstanı, İranı, İraqı gəzib dolaşmaq istəyi də elə Seyid Əzim Şirvaninin məsləhəti ilə olub.

Mətbuat tarixindən bəllidir ki, XX əsrin ilk anadilli qəzeti kimi məşhur olan "Şərqi-Rus"un işıq üzü görməsi başqa ziyalılar kimi, Sabiri də ürəkdən şad etmişdi. Hətta o, bu qəzeti "Şükrlillah ki, afitabi-süxən" misrası ilə başlayan maarifpərvər bir şeiri ilə alqışlamışdı.

Belə bir fikir də var ki, "Molla Nəsrəddin" jurnalı Sabirin yaradıcılığında xüsusi bir dönüş yaratdı. Demək olar ki, bu jurnalın birinci nömrəsindən başlayaraq Sabir öz şeirləri ilə Cəlil Məmmədquluzadənin yaxın silahdaşı olduğunu sübut etdi. Jurnalın birinci nömrəsində Sabirin "Lisan bəlası" şeiri çap edildi. "Millət necə tarac olur olsun" ilk satirik şeiri də jurnalın dördüncü nömrəsində çap olundu. Demək olar ki, Sabir "Molla Nəsrəddin"in fəal iştirakçısı, iti və kəskin qələmli müəllifi idi. Əli Nəzmi "Keçmiş günlər" adlı xatirəsində məslək və qələm dostu Sabir haqqında yazırdı: "Əgər "Molla Nəsrəddin" məcmuəsi olmasaydı, əziz şairimiz Sabir də bu qədər məşhur ola bilməzdi. Mən isə ya heç şair ola bilməzdim, ya şair olsam da, bir növhə və mərsiyə şairi olmaqdan irəli gedə bilməzdim. "Molla Nəsrəddin"in bizim boynumuzda böyük haqqı var". Əlbəttə, "Molla Nəsrəddin"i zəmanə özü yetirdi, bu tarixi şəraitdə də Sabir kimi bir qəzəl, qəsidə ustası da öz sözünü dedi. Şair 1911-ci ildə vəfat edib. Abbas Səhhət isə 1912-ci ildə onun şeirlərini toplayaraq "Hophopnamə" adı ilə kitab çap etdirmişdir. Ötən yüz il ərzində "Hophopnamə" dəfələrlə nəşr olunmuşdur.

Tənqidçi Məsud Əlioğlu Mirzə Ələkbər Sabirin şeirlərinin ölümsüzlüyünü şərtləndirən xüsusiyyətləri təhlilə çəkərək məhz bu fikrin üzərində dayanmışdı: "Sabir şeirində əsrin qaranlıqlarını yararaq bugünə gəlib çıxan və hal-hazırda ictimai və bədii dərinliyə yol tapan xüsusiyyət nədir? Həqiqətin qüvvəsi!" Əlbəttə, bu, yalnız sənətə həqiqətlə xidmət deyildi. Sabirin həqiqəti çox geniş məsələləri əhatə edirdi. Xalqının maariflənməsi, mədəni yüksəlişi yolunda apardığı mübarizə avamlığın, mövhumatın, əsarətin, nadanlığın, rüşvətxorluğun, yalanın, fırıldaqçılığın əleyhinə idi. Yüksək ideallarla yaşayan, millətini varlığından artıq sevən, onun xoş sabahı üçün bütün rahatlığından keçməyi bacaran Sabirin özü necə, problemlərdən azad idimi? Sabirin həqiqəti ilə həyatın reallığı uzlaşa bilirdimi? Bu sualın ən dolğun cavabını da şairin şeirlərində tapmaq olur:

 

Dəhr bir müddət oldu mənzilimiz,

Onda həll olmaz oldu müşkilimiz.

Yaşadıqca çoxaldı düşmənimiz,

Nə edək, doğru söylədi dilimiz.

 

Sabir həssas bir qəlbə, güclü müşahidə qabiliyyətinə malik idi. O, yaşadığı mühitin bütün bəlalarını, ictimai dərdləri dərindən duyurdu. Bu səbəbdən də onun həyatı qüssə və kədər içində keçirdi. Mühiti tamamilə dəyişdirmək onun gücündən xaric idi. Bu mənəvi əzabların, haqsızlığın önündə mətin dayanaraq yenə də millətini elmə, maarifə çağırırdı. Çünki bütün bəlaların aradan qaldırılımasını o, ancaq irfan mərtəbəsinə çatmaqda görürdü. Dövrünün bütün çarpışmalarından qalib çıxmağı bacaran Sabirin məğrurluğu, əyilməzliyi həmişə qeyri-adi bir cəsarətə söykənirdi və şeirlərində öz xarakterini çox dolğun ifadə  edə bilirdi:

 

Dövlətliyə yaltaqlanmaq

bilmərəm,

Qəmli ikən yalan yerə

gülə bilmərəm.

Pristavın çəkməsini silmərəm,

Hörmətimi gözlərəm,

əskilmərəm.

 

Sovet dövründə Sabir yaradıcılığı ilə bağlı qələmə alınan yazıların əksəriyyətində onu "inqilabçı" adlandırıblar. 1912-ci ildə vəfat edən şair, əslində, Azərbaycanın necə işğal olunduğunu görmədi. Kim bilir, onda nə baş verərdi? Ya ürəyi partlardı, ya da taleyinə repressiya yazılardı Sabirin. Əslində, şair vətənini xarici qəsbkarlardan və yerli istismarçılardan qurtulmuş görmək istəyirdi. Bu isə inqilabçılıq yox, cəsur qələm sahibinin amalı, mənəvi keyfiyyəti, qeyrəti və vətənpərvərliyi idi. Ömrü boyu cəhalətə, avamlığa, riyakarlığa qarşı dönməz iradə göstərən, yeniliyə, həqiqətə can atan Sabir şeirlərinin birində öz arzularını çox cəsarət və məntiqlə dilə gətirib:

 

Gopnan əməl aşmaz,

işə qeyrət gərək olsun,

Millət düyümünü açmağa

himmət gərək olsun,

Min elm deməkdənsə,

həmiyyət gərək olsun,

Sözdən nə bitər, işdə

həqiqət gərək olsun!

 

Filologiya elmləri doktoru, professor Məmməd Məmmədov Sabirin "Yazıçı" nəşriyyatı tərəfindən 1980-ci ildə çap edilmiş "Hophopnamə"sinə ünvanladığı ön sözdə yazırdı: "Sabir öz satiralarında dövrünün zəngin tiplər silsiləsini yaratmışdır. Az sözlə  çox şey demək, bir neçə tipik, səciyyəvi cizgi ilə bitkin lövhə və portret yaratmaq, surətləri səciyyələndirərkən rəngarəng bədii təsvir və ifadə üsullarından istifadə etmək sahəsində Sabir misilsiz sənətkardır. Sabir sənətkarlığının bu xüsusiyyətlərini şairin istənilən satirası əsasında görüb göstərmək mümkündür". Maraqlısı da budur ki, şair əksər vaxtlarda tipin öz dili ilə daxili aləmini sənət güzgüsündə əks etdirib:

 

Ax!.. Necə kef çəkməli əyyam idi,

Onda ki övladi-vətən xam idi!

 

Artıq sözə, izahata ehtiyac yoxdur. Qarşıdakını aldatmaq və soymaq istəyənin içi çox məharətlə açılıb. Sabir bəzən kinayə yolu ilə də tiplərinin portretini qeyri-adi bir ustalıqla yaradırdı:

 

Qonşuların cəhd eləsə sənətə,

Yetsə də qeyriləri hürriyyətə,

Vermə qulaq söhbəti-milliyyətə,

Onlar əbəsdir ki düşür möhnətə,

Ey adı insan, özü kərtənkələ!

Qovzama başın, çocuğum, səbr elə!

 

Sabir ömrü boyu böyük məqsəd uğrunda çalışıb vuruşdu və elə mövzular tapıb işlədi ki, bütün zamanların fövqündə dayanmağı bacardı. Vəfatından yüz il keçib. Sabirin yazdıqları bu gün də aktualdır. Belə bir fikir də var ki, Sabirin şeirləri üçün, əslində, zaman məfhumu yoxdur. Sabirin 1910-cu ildə "Zənbur" jurnalında "Qoca bəy" imzası ilə çap edilmiş bir şeirində oxuyuruq:

 

Əhli-İranda, pah, oğlan,

yenə himmət görünür!

Yenə hər guşədə bir tazə

cəmaət görünür!

Baxasan hər tərəfə - cünbüşü

qeyrət görünür!

Bütün əsbabi-tərəqqidən

əlamət görünür!

Əhsənullah ki, dəxi bizdə

səadət görünür!

 

Nə qədər aktualdır. Bu gün İranda baş verən hadisələr Sabir şeirlərinin ölümsüzlüyünü bir daha təsdiqləyir. Hətta "Bir dəstə gül" şeirində Sabir görün o taydakı mollaların, yalançı zahidlərin iç üzünü necə açıb:

 

İranlı deyir ki, ədl ilə dad olsun;

Osmanlı deyir ki, millət azad olsun;

Zahid nə deyir? - Deyir ki,

        qarnım dolsun,

İranlı da, osmanlı da bərbad olsun!

 

Bir şeirində isə Sabir sanki iranlılara bugünün gözü ilə bir alqış ünvanlayıb: "Xab (yəni qəflət yuxusu - F.X.) görüb şad olun iranlılar, qüssədən azad olun iranlılar". Sabir, həqiqətən, elə dahi sənətkardır ki, əxlaq və mənəviyyatca ikrah hissi doğuranlardan ibarət əbədi bir tiplər qalereyası yaradıb. Sabir xalqının böyük oğlu idi və onun problemlərilə yaşayıb dərdləri ilə nəfəs alırdı:

 

Neyliyim, ey vay!

Bu urus başdılar,

Bilməyirəm hardan

aşıb-daşdılar?!

Ölkədə gündən-günə

çoxlaşdılar,

Hər əmələ, hər işə çulğaşdılar,

Qoymayın, ay köhnələr,

hay yaşdılar!

Heyvərələr hər yerə

dırmaşdılar!

 

Bu da bir faktdır ki, Sabirin şeirləri işıq üzü görəndən üzü bəri bir tərbiyə məktəbi missiyasını çox məharətlə yerinə yetirib. Sabir təkcə qəzəllər, satirik şeirlər yazmırdı. Onun yaradıcılığında uşaqlar üçün də qələmə alınmış mükəmməl nümunələr var. Uzun illər orta məktəb dərsliklərində aşağı sinif şagirdləri məhz Sabirin şeirlərini sevə-sevə oxuyurdular, əzbərləyirdilər. Bir məsələ də maraqlıdır ki, Sabirin şeirlərində maqnit gücü, yaddaşdan silinməmək qüdrəti var. Biz nəsil kiçik yaşlarımızda öyrəndiyimiz "Yaz günləri", "Uşaq və buz", "Qarınca", "Ağacların bəhsi", "Cütçü", "Qarğa və tülkü" və s. şeirləri bugünədək yaddan çıxarmamışıq. Bizə öyrətdilər, biz balalarımıza dedik, indi də nəvələrimiz şövqlə, özlərinə məxsus şirinliklə söyləyirlər:

 

Dərsə gedən bir uşaq,

Çıxdı buz üstə qoçaq,

Sürüşdü birdən-birə,

Düşdü üz üstə yerə.

Durdu uşaq neylədi?

Buza belə söylədi:

"Sən nə yamansan, a buz!

Adam yıxansan, a buz!

Az qalıb ömrün sənin,

Yaz gələr, artar qəmin:

Əriyib suya dönərsən,

Axıb çaya gedərsən!"

 

Bu, sadəcə uşaqlar üçün yazılmış mükəmməl şeir nümunəsi deyil. Bir fəslin bioqrafiyasıdır. Təəssüf ki, indi dərsliklərə elə "şeirlər" salınıb ki, nə məzmunu var, nə süjeti, nə də uşağın yaddaşına hopur, yaşına uyğun gəlir. Mirzə Ələkbər Sabirin, Abdulla Şaiqin, Abbas Səhhətin uşaqlar üçün qələmə aldığı şeirlər həmişə təzə-tər, oxunaqlı və yaddaqalandır.

Şamaxılı Mirzə Ələkbər dövrün, zamanın zirvəsində dayanaraq elə əsərlərə imza atdı ki, bu gün də Sabir sənətinin əzəməti qarşısında heyrətimizi gizlədə bilmirik. O öz dövrünün tiplərinin ümumiləşdirilmiş surətlərini yaratmışdır. Onun sözlə çəkdiyi lövhələr, hədəf seçdiyi məqamlar dövrü üçün çox aktual idi. Amma indi Sabirin "Hophopnamə"sini bir daha vərəqləyəndə şairin cəsarətinə, uzaqgörənliyinə, mübariz və döyüşçü ruhuna təəccüblənməyə bilmirsən. Çünki Sabirin qələminə - süngüsünə tuş gələn o mənfi tiplər bu gün də var. Satiralarını oxuduqca ətrafımızda o "qəhrəmanlar"ın az qala neçəsini görürük. Bu şeirlərdə yalnız öz şəxsi mənafeyi naminə xalqının uğursuzluğa düçar olmasını istəyənlərin zahirən təmiz libas altındakı iyrənc təbiəti boylanır:

 

Mənəm-mənəm deyənlərin

inanma çox da qövlünə,

Gərəkli gündə onların

qıçındakı fərari gör!

Amandır, uyma vaizin

həlavəti-kəlamına,

Əba qəbanı qovza, bax, içindəki

zəhrimarı gör!

 

Sabir satirasının yandırıcı odu budur! 150 yaşlı babamızın şeirimizdə qaldırdığı həqiqət bayrağı əbədi bir yüksəlişdə, zirvədə dalğalanmaqdadır.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 31 may.- S. 14.