Şamaxıda M.Ə.Sabirin 150 illik
yubileyinə həsr olunmuş ədəbi-bədii
tədbir keçirilmişdir
Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şamaxıda böyük satirik şair, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabir Məşədi Zeynalabdin oğlu Tahirzadənin (Mirzə Ələkbər Sabir) anadan olmasının 150 illik yubileyi təntənəli surətdə qeyd edilmişdir.
AzərTAc xəbər verir ki, böyük satirik şairin vətəni Şamaxıda təntənəli yubiley tədbiri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında" 2010-cu il 1 iyun tarixli sərəncamına uyğun olaraq təşkil edilmişdir.
Yubiley mərasimində Azərbaycanın tanınmış elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri, xarici ölkələrdən qonaqlar, o cümlədən Qırğızıstanın mədəniyyət nazirinin müavini Kozoqeldi Kuliyev, Litva mədəniyyət nazirinin müavini Staponkus Dividas, Türkiyənin tanınmış yazıçı və şairlərindən Yakub Öməroğlu, Ali Akbaş, İmdad Alşar, Azər Almas, Oğuz Şimşək, Osman Çeviksoy, habelə Qazaxıstandan, Ukraynadan ədiblər iştirak etmişlər.
Qonaqlar əvvəlcə şəhərin mərkəzindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək qoymuşlar. Sonra M.Ə.Sabirin "Yeddigünbəz" qəbiristanlığındakı məqbərəsini, habelə böyük şairin müəllimi, görkəmli ədib Seyid Əzim Şirvaninin "Şah Xəndan" qəbiristanlığındakı məqbərəsini ziyarət etmiş, yubilyarın ev-muzeyində olmuşlar.
Tanınmış şair, Sabir poeziya günlərinin məsul katibi Əjdər Olun aparıcılığı ilə M.Ə.Sabirin adını daşıyan parkda, böyük satirik şairin əzəmətli abidəsi önündə təşkil olunan mərasimdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, türkiyəli ədiblər Yakub Öməroğlu, Azər Almas, Qazaxıstandan Koren Əmirbekov, Ukraynadan Sergey Qrabar və başqaları böyük satira ustası və maarifpərvər Sabirin həyat və fəaliyyətindən danışmışlar.
Qeyd olunmuşdur ki, 1862-ci il mayın 30-da Şamaxıda dünyaya göz açan və cəmi 49 il ömür sürən M.Ə.Sabir nəinki Azərbaycanın, bütün müsəlman dünyasının ən böyük satirik şairlərindən olmaqla tanınmış ziyalı, vətənpərvər bir vətəndaş idi.
Bildirilmişdir ki, o vaxt çar Rusiyasının Qafqazda apardığı müstəmləkəçilik siyasəti müsəlman-türk millətlərinin cəhalətdə saxlanılmasına, insanların savadsızlığına xidmət edirdi. Lakin bütün bu qadağalar dünya ədəbiyyatına Nizami, Xaqani, Nəsimi, Füzuli kimi dühalar bəxş etmiş Azərbaycan xalqının Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə kimi dahilər yetişdirməsinə əngəl ola bilmədi.
M.Ə.Sabirin dərin mənalı satiraları onu Şərqin böyük mühərriri C.Məmmədquluzadənin nəşr etdirdiyi "Molla Nəsrəddin" satirik jurnalına gətirib çıxarmışdır. Çox keçmədən böyük satira ustasının "Hophopnamə"sinin şöhrəti Azərbaycan sərhədlərini aşıb Orta Asiyaya, İrana, Türkiyəyə və başqa ölkələrə yayılmışdır. M.Ə.Sabirin bu gün də dillər əzbəri olan "Oxutmuram, əl çəkin", "Xandostu, amandı qoyma gəldi", "Əkinçi" və yüzlərlə bu kimi satirik şeirləri insanları maariflənməyə sövq edir, savadsızlığa, cəhalətə qarşı mübarizəyə səsləyirdi.
Azərbaycan xalqının ağrı-acısı ilə yaşayan bu böyük insan nəinki dünənin, bu günün, həmçinin gələcəyin şairidir. Yubiley tədbirində çıxış edənlər ölməz şairin bu gün də ruhən aramızda olduğunu, sabah da olacağını dönə-dönə vurğulamışlar.
Mərasimdə görkəmli sənətkarların
ifasında musiqi və deklamasiyalar
səslənmiş, Bakı Oksford Məktəbi
şagirdləri kiçik səhnəciklər
nümayiş etdirmişlər.
Azərbaycan.- 2012.- 31 may.- S. 14.