Mütərəqqi ümumbəşəri dəyərlərə yiyələnən Sabir bütövlükdə dünya mədəniyyəti və ədəbiyyatının varisi kimi çıxış etmişdir

 

 Mayın 30-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda "Mirzə Ələkbər Sabir Şərq və Qərb satira ənənələrinin qovşağında" mövzusunda respublika elmi konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin və akademiyanın Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev M.Ə.Sabirin yaradıcılığı, satirası, Azərbaycan ədəbiyyatındakı rolu və tədbirin keçirilməsinin əhəmiyyəti haqqında danışmışdır. Bildirmişdir ki, "Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 1 iyun tarixli Sərəncamına uyğun olaraq ölkəmizdə müxtəlif tədbirlər həyata keçirilir. Sabir satirik əsərləri, zəngin yaradıcılığı ilə bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi olmuş, görkəmli maarifpərvər, milli ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına misilsiz töhfələr vermişdir.

K.Abdullayev nəzərə çatdırmışdır ki, Azərbaycan ədəbiyyatı müxtəlif estetikaların bir-biri ilə təmasından yaranmış və burada M.Ə.Sabirin yaradıcılığı öz milli üslubu ilə xüsusilə seçilmişdir. O, son dərəcə nadir bir şair olmuşdur. M.Ə.Sabirin zəngin yaradıcılığının özünəməxsusluğu şeirlərinin sadə, millətin başa düşəcəyi üslubda yazılmasıdır. Bu gün Azərbaycan ədəbiyyatında Sabir yaradıcılığının milli ənənələri uğurla davam etdirilir.

Konfransın plenar iclasında AMEA-nın müxbir üzvü Teymur Kərimlinin "Sabir və klassik irs" mövzusunda məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, Azərbaycan poeziyasının qürur qaynaqlarından olan M.Ə.Sabir XX əsrin ilk onilliyində qısa bir müddət ərzində yaradıcılığı ilə ədəbiyyat tariximizdə öz ədəbi yerini tutmuşdur. Təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta Şərq klassiklərinin bilicisi olan və ondan uğurla bəhrələnən şair yalnız bir kitabı - "Hophopnamə"si ilə klassiklərin sırasına daxil olmuşdur. Onun bu əsəri yaranandan sonra azərbaycançılığın, maarifçiliyin, geniş mənada humanizmin qanunlarından biri kimi insanların beyinlərinə, ürəklərinə öz durulducu təsirini fərqli bir tərəfdən göstərməyə başladı. Bu mənada şairin yaradıcılığına klassik poeziyamızda keyfiyyət dəyişikliyi yaradan bir mərhələ kimi baxmaq olar. Təkcə Şərq deyil, Qərb klassikasından da faydalanan və mütərəqqi ümumbəşəri dəyərlərə yiyələnən Sabir bütövlükdə dünya mədəniyyəti və ədəbiyyatının varisi kimi çıxış etmişdir.

Tədbirdə AMEA-nın müxbir üzvü Tofiq Hacıyevin "Sabirin satira dili", filologiya elmləri doktoru, professor Alxan Bayramoğlunun "Sabirşünaslığın inkişaf mərhələləri" mövzularında məruzələri dinlənilmişdir.

Konfrans öz işini bölmə iclasında davam etdirəcək, "Sabir və Şərq", "Sabir və Şəhriyar", "Sabir və Gəncə şairləri", "M.Ə.Sabir və "Molla Nəsrəddin" jurnalı və s. mövzularda məruzələr dinləniləcəkdir.

 

 

Azərbaycan.- 2012.- 31 may.- S. 14.