Nailiyyətlərimizin yüksək zirvəsi

 

 Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik etməsi, ümumiyyətlə isə ölkəmizin bu nüfuzlu təşkilatın ən ali qurumuna üzv seçilərək, iki dəfə ona sədrlik missiyası həyata keçirməsi tariximizin əlamətdar məqamlarındardır. Onu da xüsusi vurğulamaq istərdim ki,  BMT Təhlükəsizlik Şurasına sədrlik edən Azərbaycan Respublikasının təklifi ilə "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunun gündəliyə salınması cəmiyyəti olduqca narahat edən problemlərdən biri olduğu üçün dünya dövlətləri tərəfindən maraqla qarşılandı.

Artıq dünya dövlətlərinə bəllidir ki, Azərbaycan terrorizmə qarşı mübarizədə və antiterror koalisiyasının tərkibində ilk günlərdən fəal iştirak edir. Ancaq terror təhlükəsi hər bir ölkəni narahat etdiyi üçün ona qarşı birgə mübarizə hər bir dövlətə gərəkdir. BMT-nin baş katibi Pan Gi Mun Təhlükəsizlik Şurasının iclasında bildirdi ki, beynəlxalq ictimaiyyət terrorizmə qarşı davamlı mübarizə aparır və dünyanın müxtəlif nöqtələrindəki terror təşkilatları hələ də təhlükə mənbəyi olaraq qalır. Ona görə də əsas məqsəd terrorla mübarizəni gücləndirib insan haqlarının müdafiəsinə zəmin yaratmaqdır. BMT-nin baş katibi terrorla mübarizədə ortaq konsepsiyanın yaradılmasının zəruriliyini də vurğuladı. Azərbaycanın da bu qurumda söz sahibi olması ölkəmizin artan siyasi çəkisindən, qüdrətindən xəbər verir.

Artıq bütün dünya bilir ki, Azərbaycan terrorizmdən bilavasitə zərər çəkən ölkədir və bunu Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasındakı çıxışında səsləndirməsi ölkəmiz üçün ən zəruri məsələlərdən biridir.

Bölgədə ermənilərlə yanaşı ayrı ekstremist qruplar da fəaliyyət göstərir. Bütün bunların hamısına Prezident İlham Əliyevin öz nitqində diqqət yetirməsi tamamilə adekvatdır. Hesab edirəm ki, Azərbaycanın ən böyük uğuru BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi idi. Ötən ilin oktyabrında Azərbaycan Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməklə müstəqil olduğumuz 20 ildə xarici siyasətin ən böyük uğurlarından birini qazandı. ABŞ, Çin, Rusiya, Böyük BritaniyaFransa kimi daimi üzvlərlə birgə Azərbaycanın da dünyanın bir nömrəli beynəlxalq təşkilatının ən ali qurumunda iştirakı ölkəmizin tutduğu yolun dünya tərəfindən dəstəklənməsinin əyani təsdiqidir.  Bir daha dünya dövlətləri 20 ildə Azərbaycanın nüfuzunun  nə dərəcədə artdığının şahidi oldular. Bu, təkcə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qəbul olunması ilə bağlı yox, uğurlu xarici siyasət aparması ilə yanaşı, ölkəmizə gələn xarici ölkələrin rəsmilərinin səfərləri, imzalanan beynəlxalq müqavilələr sayəsində reallaşıb. Bu, özü-özlüyündə göstərir ki, Azərbaycanın beynəlxalq həyatda əhəmiyyəti artır. Bu da öz növbəsində Azərbaycanı konkret maraqlandıran məsələlərin həllində, beynəlxalq məkanda  daha üstün mövqedən çıxış etməsi üçün əsas verir. Ancaq bu o demək deyil ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına daxil oldusa bütün problemlər həll olunacaq. Nəzərə alaq ki, Ermənistan ordusunun işğal altında olan Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsi ilə bağlı olan BMT-nin 4 qətnaməsi uzun müddətdir ki, icra olunmur. Ancaq Azərbaycan dövləti öz siyasəti ilə həmin qətnamələrin icra olunması üçün nizamnamənin qəbul edilməsi istiqamətində şübhəsiz ki, fəallıq göstərəcək.

 

 

Rasim MUSABƏYOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2012.- 15 may.- S. 5.