Qaçqınların və məcburi köçkünlərin məskunlaşdırılması ölkəmizin qarşısında duran prioritet məsələdir

 

Mayın 14-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Əli Həsənov Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köşkün ailələri üçün inşa olunan yaşayış mənzillərindən ibarət məhəllənin tikinti işləri ilə tanış olmuşdur.

AzərTAc xəbər verir ki, 760 məcburi köçkün ailəsi üçün salınan məhəllədə 13 ədəd beşmərtəbəli  bina tikilir.

Məhəllədə 540 şagird yerlik məktəb, 280 çarpayılıq uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi, inzibatipoçt binası da tikiləcəkdir. Məhəllə qaz, su, elektrik, mərkəzləşdirilmiş istilik sistemi ilə tam təchiz olunacaqdır. Tikintisinə 359 işçinin cəlb olunduğu məhəllədə parkın, idman meydançasının da salınması nəzərdə tutulmuşdur.

Ə.Həsənov tikinti işlərini aparan şirkətlərin rəhbərləri ilə görüşmüş, onlara ölkəmizdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərlə bağlı məlumat vermişdir. Bildirmişdir ki, cari ildə məcburi köçkünlər üçün nəzərdə tutulmuş vəsait 2,5 dəfə artırılmışdır. Hazırda Azərbaycanın 10-a yaxın rayonunda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tikinti işləri aparılmaqdadır.

Baş nazirin müavini qaçqınların və məcburi köçkünlərin məskunlaşdırılmasının ölkəmizin qarşısında duran prioritet məsələ olduğunu qeyd etmişdir. Bildirmişdir ki, bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlət başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməlidir.

Komitə sədri məhəllədə tikinti işlərinin yüksək səviyyədə görülməsi ilə bağlı tapşırıqlarını vermişdir.

 

 

Azərbaycan.- 2012.- 15 may.- S. 6.