Fövqəladə
hallar naziri Kəmaləddin
Heydərov Zaqatala və Qax
rayonlarındakı zəlzələ bölgələrində
olmuşdur
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanışlıq məqsədi ilə mayın 14-də Zaqatala və Qax rayonlarında olmuşdur.
AzərTAc xəbər verir ki, fövqəladə hallar naziri və müvafiq rayon icra hakimiyyətlərinin rəhbərləri və aidiyyəti qurumların nümayəndələri Zaqatala rayonunun Gözbarax və Qax rayonunun Güllük kəndlərində olmuş, zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş fərdi evlərə, sosial obyektlərə, o cümlədən məktəb binalarına baxmış, əhali ilə görüşmüş, onların qayğı və problemləri ilə maraqlanmışlar.
Daha sonra Zaqatala şəhərində yaradılmış qərargahda K.Heydərovun iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirədə zəlzələ nəticəsində yararsız vəziyyətə düşmüş fərdi yaşayış evlərinin, sosial obyektlərin tezliklə tikintisinə başlanılması ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
* * *
Zaqatala rayon fövqəladə hallar komissiyasından AzərTAc-a bildirmişlər ki, mayın 14-nə olan məlumata görə, baş vermiş təbii fəlakət nəticəsində indiyədək rayonda 479 ev uçmuş, 5807 ev isə qəzalı vəziyyətə düşmüşdür. Bundan əlavə, zəlzələ nəticəsində 167 sosial obyekt zərər görmüşdür.
İndiyədək 6286 ailə qəzalı vəziyyətdə olan evlərdən çıxarılmış, rayonun yaşayış məntəqələrində 2281 ədəd çadır quraşdırılmışdır. Bu ailələrin 3548-i çadırlarda, 2736 ailə isə digər obyektlərdə yerləşdirilmişdir.
Dövlət başçısının
tapşırığına uyğun olaraq, zəlzələdən zərər
çəkən ailələrə indiyədək 2609 un kisəsi, 2626 ərzaq bağlaması və
digər zəruri ləvazimatlar paylanmışdır.
Azərbaycan.- 2012.- 15 may.- S. 6.