Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi Derk Kuipers Baş Prokurorluqda olmuşdur

 

 Bakıda səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Baş katibi Derk Kuipers mayın 14-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə tər çiçəklər düzmüşdür.

D.Kuipers Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üstünə güllər, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.

Derk Kuipers daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğuna gəlmişdir.

Baş prokuror Zakir Qaralov ilk növbədə, son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlər barədə qonağa məlumat vermişdir. Bildirilmişdir ki, bu uğurlar nəticəsində müstəqil respublikamızın nüfuzu artmış, beynəlxalq təşkilatların dövlətimizlə əməkdaşlığa marağı daha da güclənmişdir. Azərbaycan bir çox mötəbər qurumlar, o cümlədən  BMT-nin İqtisadiSosial Şurasında məşvərətçi statusa malik olan və 100-dən çox dövləti özündə birləşdirən BPA ilə səmərəli əməkdaşlığı dinamik inkişaf etdirir. Baş prokuror təşkilatın rəhbər orqanı olan İcraiyyə Komitəsinin Azərbaycan Respublikası ilə əməkdaşlığa verdiyi yüksək qiyməti xüsusi vurğulamışdır.

Görüşdə Z.Qaralov ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında əsaslı islahatların aparılması, o cümlədən müasir informasiya texnologiyalarının tətbiqi və prokurorluğun kadr korpusunun gənc mütəxəssislər hesabına komplektləşdirilməsi, korrupsiya ilə mübarizə sahəsində görülən konkret tədbirlər, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması barədə ətraflı məlumat vermişdir.

Müstəqil inkişaf tarixinin 20 ili ərzində Azərbaycanda ulu öndər Heydər Əliyev və ölkə Prezidenti İlham Əliyev tərəfindən görülmüş möhtəşəm işlər, dünya dövlətləri birliyində ölkəmizin öz layiqli yerini tutması istiqamətində aparılan düşünülmüş siyasətin məntiqi nəticəsi kimi, dünyanın 155 dövlətinin dəstəyi ilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və cari ilin may ayından şuraya sədrlik etməsi böyük uğur kimi dəyərləndirilmişdir. Şuranın mayın 4-də "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusuna həsr edilmiş yüksək səviyyəli iclasına Prezident İlham Əliyevin sədrlik etməsinin əhəmiyyəti xüsusi vurğulanmışdır.

BPA ilə Azərbaycan arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən Derk Kuipers Azərbaycanın Beynəlxalq Prokurorlar Assosiasiyasında fəallığını və təşəbbüskarlığını, qurumun fəaliyyətinə verdiyi mühüm töhfələri və görülən digər səmərəli tədbirləri yüksək qiymətləndirmişdir. Korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə görülən işlərin əhəmiyyəti nəzərə alınaraq quruma üzv dövlətlərin ədliyyə, prokurorluq və digər hüquq-mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlərin keçirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyi xüsusi qeyd edilmişdir.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.

Derk Kuipers Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluğun gənc əməkdaşları ilə görüşmüşdür. Görüşdə həmin quruma fərdi üzv qəbul edilmiş prokurorluq əməkdaşlarına assosiasiyanın üzvlük vəsiqələri təqdim olunmuşdur.

Görüşdə BMT-nin Korrupsiya Əleyhinə Konvensiyası çərçivəsində cinayətkarlıqla mübarizədə birgə səylərin gücləndirilməsinin zəruriliyi vurğulanmışdır. Gənc Prokurorlar Assosiasiyanın gələcəkdə təşkil olunacaq regional konfranslarının onları maraqlandıran aktual məsələlərə, o cümlədən çirkli pulların yuyulması və cinayət yolu ilə əldə edilmiş aktivlərin qaytarılması, terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə mövzularına həsr edilməsi, belə tədbirlərdəki təqdimatların və çıxışların qurumun saytında yerləşdirilməsi, ayrı-ayrı cinayətlərin istintaqına dair prokurorlar üçün kitabçaların hazırlanmasına dair təkliflərini bildirmişlər.

Baş katib Derk Kuipers gənc prokurorların təşəbbüslərini yüksək qiymətləndirmiş və demişdir ki, verilən təkliflər nəzərdən keçiriləcəkdir.

Baş katib Elm-Tədris Mərkəzinin kafedra və laboratoriyalarında istifadə edilən müasir avadanlıqla tanış olmuş, ona prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yoxlanılması məqsədi ilə yaradılmış "İmtahan" sistemi, həmçinin xüsusi məlumatların verilməsini nəzərdə tutan cinayət xarakterli faktlar barədə operativ məlumatların uçotu üzrə "Xüsusi məlumat" informasiya sistemi barədə məlumat verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 15 may.- S. 6.