Milli Məclisdə görüş

 

Mayin 14-də Milli Məclisdə İsrail parlamentinin deputatları Orit ZuaresFania Kirşenbaum Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdülər.

Azərbaycan tərəfindən qrupun rəhbəri Yevda Abramov qonaqları salamlayaraq onları parlamentdə görməyindən məmnun olduğunu bildirdi. Millət vəkili Milli Məclisin tərkibi, qanunvericilik fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verdi. O, ölkələrimiz arasında strateji əməkdaşlığın mövcudluğunu qeyd edərək enerji, kənd təsərrüfatı, tibb sahələrində əlaqələrimizin yüksək səviyyədə olduğunu vurğuladı. Deputat iki dövlət arasında ticarət dövriyyəsinin 4 milyard ABŞ dolları həcmində olduğunu xatırladaraq bu göstəricinin daha da artacağına inamını ifadə etdi. Yevda Abramov ölkəmizdə yəhudilər üçün yüksək şəraitin yaradıldığını, dövlət səviyyəsində diqqətin olduğunu bildirərək son beş ildə burda iki sinaqoqun açıldığını qonaqların diqqətinə çatdırdı.

Səmimi qəbula görə təşəkkür edən Orit Zuares Azərbaycanda tolerantlığın yüksək səviyyədə olduğunu söylədi. O, ölkəmizin İsraillə sıx əməkdaşlıq edən müsəlman dövləti olmasını xüsusi qeyd etdi. Qonaq mövcud əlaqələrin kənd təsərrüfatı, enerji və digər sahələrdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişaf səviyyəsindən xüsusi məmnunluq ifadə edildi.

Deputatlarımız Azərbaycanda irqindən, dinindən və cinsindən asılı olmayaraq, bütün insanların hüquqlarının qorunduğunu, bununla da ölkəmizin dünyaya nümunə ola biləcəyini söylədilər, Azərbaycan-İsrail əlaqələrinin inkişafında diasporların rolunu xüsusi vurğuladılar.

Görüş səmimi söhbətlə davam etdirildi.

 

 

Azərbaycan.- 2012.- 15 may.- S. 6.