Ağcabədidə
Dövlət Bayrağı Meydanı inşa
olunmuşdur
Azərbaycanın musiqi beşiyi olan Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü ilə əlaqədar Ağcabədidə tədbirlər keçirilmişdir.
Rayon mərkəzində müqəddəs ziyarətgaha çevrilən Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları Qarabağ savaşında vətən uğrunda qurban gedən şəhidlərin məzarları üzərinə tər güllər düzmüş, vətən fədailərinin ruhuna dualar oxumuşlar.
Yeni inşa olunmuş Dövlət Bayrağı Meydanı tədbirlərin mərkəzinə çevrilmişdir. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Tahir Rzayev və Aqil Abbas çıxış edərək hələ bitməyən Qarabağ savaşının mahiyyətindən, Ermənistanın mənfur işğalçılıq siyasətindən, nankor qonşularımızın törətdiyi faciələrdən danışmışlar. Tədbir iştirakçıları 1992-ci il mayın 8-də ermənilər tərəfindən işğal edilən Azərbaycanın qədim mədəniyyət və musiqi beşiyi olan Şuşanı ürək ağrısı ilə yad etmişlər. Başdan-başa unikal sənət məbədi olan Şuşanın ötən 20 il ərzində erməni vandalları tərəfindən amansızlıqla dağıdıldığı, qiymətli maddi mədəniyyət abidələrinin tar-mar edildiyi təəssüflə vurğulanmışdır.
Dövlət himninin sədaları ilə ucalan bayrağın altında gerçəkləşən tədbirdə nikbin notlar qırmızı xətt kimi keçmişdir. Tədbir iştirakçıları əminliklə vurğulamışlar ki, Şuşanın işğaldan azad ediləcəyi gün uzaqda deyil, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti, qəti və prinsipial mövqeyi sayəsində işğal altındakı bütün torpaqlarımız, o cümlədən doğma Şuşa ən yaxın zamanda erməni caynağından xilas ediləcək, üçrəngli bayrağımız yenə Şuşada, Laçında, Ağdamda... dalğalanacaqdır. Bu məntiq beynəlxalq aləmdə ölkəmizin sürətlə artan siyasi nüfuzundan, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına sədrlik edən Azərbaycanın yenilməz iradəsindən qaynaqlanır.
Lazım
QULİYEV
Azərbaycan.- 2012.- 15 may.- S. 6.