Azərbaycan:
Bakıda keçiriləcək “Eurovision-2012”nin ev sahibi, Niderlandda “Floriade-2012”nin
və “Bluemencorso”nun
iştirakçısı
Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Niderland Krallığında ingilis dilində dərc olunan, geniş oxucu auditoriyasına malik nüfuzlu "Local Expat" qəzetinin may buraxılışında Azərbaycanın bu ölkədəki səfiri Fuad İsgəndərovun "Azərbaycan: Bakıda keçiriləcək "Eurovision-2012"nin ev sahibi, Niderlandda "Floriade-2012"nin və "Bluemencorso"nun iştirakçısı" geniş müsahibəsi dərc olunmuşdur.
AzərTAc
müsahibəni təqdim edir
- May ayında paytaxt Bakıda "Eurovision" mahnı müsabiqəsi keçiriləcəkdir. Bu beynəlxalq hadisənin sizin ölkəniz üçün əhəmiyyəti nədən ibarətdir?
- Bu beynəlxalq hadisə yalnız Azərbaycanın "Eurovision-2011"də qələbəsi deyil, bu, həm Azərbaycan, həm də Avropa üçün daha qlobal əhəmiyyətə malikdir. Azərbaycan üçün "Eurovision-2012" onun Avropaya bağlılığını bir daha sübut edir, gələcək nailiyyətlər və qlobal əlaqələrin yeni mərhələsinə keçid üçün həvəsləndirir. Əlbəttə, Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqa töhfə verən və onu təşviq edən dövlət kimi, müxtəlif mədəniyyət və dinləri təmsil edən insanları Bakıda bir araya gətirmək və onların arasında ünsiyyət əlaqələri yaradılması üçün möhtəşəm fürsət əldə etmiş oldu.
Avropalılar üçün isə bu, azərbaycanlıların mehriban qonaqpərvərliyi, Azərbaycanın qədim tarixi, füsunkar təbiəti, Avropa mentalitetli millətin ecazkar Şərq mədəniyyəti, sürətlə inkişaf edən müasir dövlətimizlə, Avropanın "Cənub-Şərqi gözəlliyi" ilə əvəzolunmaz tanışlıq fürsətidir.
Bu səbəbdən Azərbaycan belə ciddi beynəlxalq tədbirin təşkil olunmasına xüsusi diqqət yetirir. Qısa müddət ərzində ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi "Eurovision-2012" Təşkilat Komitəsi ilə Avropa Yayım Birliyi sıx əməkdaşlıq çərçivəsində möhtəşəm layihələr həyata keçirmişdir. Tədbirin keçiriləcəyi yeni inşa edilmiş "Crystal Hall" 8 ay müddətində tikilmişdir. Bu gözəl və müasir konsert zalı 25000 tamaşaçı tutumludur və ən yeni audiovizual və işıqlandırma texnologiyaları ilə təchiz olunmuşdur. "Crystal Hall" dünyada ən tez tikilmiş meqa-tikililərindən biri kimi qiymətləndirilə bilər.
Əlbəttə, mən bir Azərbaycan vətəndaşı kimi "Eurovision-2012" mahnı müsabiqəsində öz dövlətimin müğənnisinə azarkeşlik edəcəyəm. Lakin Niderlanddakı səfir kimi holland müğənninin də qələbəsini arzu edirəm. Ümid edirəm ikisindən biri qalib gələcəkdir.
- Sonuncu Gül Paradı "Bluemencorso"da da Azərbaycanın kompozisiyası "Eurovision-2012"yə həsr olunmuşdu...
- Bəli, bu bizim məşhur "Bluemencorso" Gül Paradında ikinci iştirakımız idi. Birinci dəfə 2010-cu ildə paradın əsas mövzusu "Avropaya yol" idi ki, bu da bizim xarici siyasətimizin əsas istiqamətlərini əks etdirirdi və biz Azərbaycan-Avropa və Azərbaycan-Niderland əlaqələrinə həsr olunmuş gözəl gül kompozisiyası ilə iştirak etmişdik.
Bu il aprel ayında keçirilmiş Gül Paradının mövzusu "Ünsiyyət" idi. Heydər Əliyev Fondunun dəstəyi və "Azərbaycanın Holland Dostları Cəmiyyəti"nin təşkilatçılığı ilə Azərbaycanın "Eurovision-2012" gül kompozisiyası yaradılaraq, Gül Paradının və musiqinin mədəniyyətlərarası dialoq və inteqrasiya naminə müxtəlif millətlərin əlaqəsində ən gözəl yol və vasitə olması nümayiş etdirilmişdir.
Bu "Bluemencorso"da Azərbaycanın sivilizasiyalararası dialoqu təşviq edən dövlətlərdən biri kimi təqdim olunmasında bir daha gözəl fürsət idi. Niderlandda bu, güllərlə edildi, Azərbaycanda isə "Eurovision-2012"də səslənəcək musiqi vasitəsilə ediləcəkdir.
- Sizin ölkəniz Venlo şəhərində keçirilən "Floriade-2012"də təmsil olunurmu?
- Bəli. Təmsil olunmaq barədə qərar Azərbaycan Respublikası hökuməti tərəfindən yalnız əldə olunmuş nailiyyətləri göstərmək üçün deyil, eyni zamanda, Azərbaycanın bu tədbirə ev sahibliyi edən Niderlanda hörmətini nümayiş etdirmək üçün qəbul olunmuşdur.
"Floriade-2012"də təmsil olunan dövlətlərin səfirləri arasında duayen olduğuma görə mən açılış mərasimində Ülyahəzrət Kraliçanı müşayiət etmək şərəfinə nail oldum. Ülyahəzrət yalnız bir neçə milli pavilyonu ziyarət etdi. Mənim üçün böyük şərəfdir ki, onlardan biri də mənim dövlətimin gözəl pavilyonu idi. Ümid edirəm ki, bu Niderland ilə Azərbaycan arasındakı münasibətlərə xüsusi təkan verəcəkdir.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, Azərbaycan pavilyonundakı ekspozisiyanın əsas mövzusu yenə də mənə ölkəmin çoxmədəniyyətli tarixi və cəmiyyəti, onun qlobal səviyyədə mədəniyyətlərarası dialoqun inkişafına verdiyi güclü dəstəyinə həsr olunmuşdur. Bizim bu yanaşma "Bluemencorso" Gül Paradında artıq nümayiş etdirilmişdir, siz bu yanaşmanı "Floriade-2012"də görə bilərsiniz və nəhayət, bu yanaşma "Eurovision-2012"də bir daha nümayiş olunacaqdır.
- Azərbaycanın çoxmədəniyyətli cəmiyyətə və mədəniyyətlərarası dialoqa bu qədər diqqət yetirməsinin səbəbi nədir?
- Digər dinlərə, millətlərə və mədəniyyətlərə hörmətlə yanaşma azərbaycanlıların mentalitetindən irəli gəlir.
Coğrafi cəhətdən Azərbaycan sivilizasiyaların sərhədində, Qərb və Şərq, Şimal və Cənub kəsişməsində yerləşir. Bu hal həm mənfi ("cəbhə xətti"), həm də müsbət ("körpü") amil kimi qəbul edilə bilər. Biz bunu ciddi üstünlük kimi qəbul edirik. Azərbaycan özündə müxtəlif sivilizasiyaların müsbət elementlərini birləşdirmişdir. O, Avropanın ayrılmaz bir hissəsi kimi Avropa Şurası və ATƏT-in üzvü olmaqla Avropa dəyərlərini paylaşır. Azərbaycan, eyni zamanda, islam dünyasının bir hissəsi kimi, İKT-nin üzvüdür və islam sivilizasiyasının mütərəqqi irsi və dəyərlərini paylaşır, qarşılıqlı hörmət və anlayış zəminində dinlərarası və mədəniyyətlərarası dialoqun təşviq olunmasına töhfə verir.
Tarixi cəhətdən Azərbaycan Çin-Hindistan və Avropa arasındakı qapı kimi karvanların keçdiyi Qədim İpək yolunun kəsişdiyi məkan idi. Orta əsrlərdən əvvəl və sonrakı dövrlərdə Böyük İpək yolu ən əsas iqtisadi amil kimi Çin və Bizans imperiyalarını, ərəb xilafəti və Avropanı birləşdirirdi. Bu yolun ən təhlükəsiz və qısa hissəsi Azərbaycan idi. Azərbaycan xalqı beynəlxalq ticarət və əlbəttə ki, mədəniyyətlərarası dialoqa töhfə verməkdə maraqlı idi.
İqtisadi cəhətdən Azərbaycan bu gün genişmiqyaslı regional layihələrin ürəyindədir. Bu layihələrin heç biri Azərbaycanın iştirakı olmadan gerçəkləşə bilməz. Azərbaycan enerji təhlükəsizliyi, ticarət və nəqliyyatda Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər önəmli layihələr Azərbaycanın yalnız regionda deyil, hətta Avropada da labüdlüyünü və vacibliyini sübut edir.
Nəhayət, Azərbaycan cəmiyyəti özlüyündə çoxmədəniyyətli, çoxetnik və çoxdinli cəmiyyətdir. Biz millətimizin mədəniyyətlərarası tolerantlıq sahəsində nadir model yaratması ilə fəxr edirik. Mən düşünürəm ki, cəmiyyətimizin bu modeli digər dövlətlər üçün də səmərəli ola bilər. Xüsusilə müasir dövrdə, nə vaxt ki, biz dünyanın müxtəlif yerlərində tolerantlığın çatışmazlığının şahidi oluruq.
- Siz 2007-ci il aprelin 25-dən Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirisiniz. O vaxtdan bəri ölkələrimiz arasında münasibətləri necə qiymətləndirirsiniz?
- 2007-ci ildə Azərbaycan səfirliyini Haaqada, 2009-cu ildə isə Niderland səfirliyini Bakıda açmışdır. Hər iki səfirlik ikitərəfli münasibətlərin inkişafı və daha da möhkəmləndirilməsi üçün bir-biriləri ilə sıx qarşılıqlı əməkdaşlıq şəklində fəaliyyət göstərir. Artıq siyasi dialoq başlamışdır. Üç il ərzində Azərbaycan Prezidenti ilə Niderlandın Baş nazirləri (keçmiş və hazırkı) arasında iki dəfə görüş təşkil olunmuş, eyni zamanda, nazirlər səviyyəsində bir çox görüşlər keçirilmişdir. Niderland ilə Azərbaycan arasında ticarət dövriyyəsi kəskin şəkildə artmış və daha da böyüyür.
Gəmiqayırma, su idarə olunması, daşqınlardan müdafiə, yeni nəqliyyat infrastrukturlarının tikintisi, kənd təsərrüfatı, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir. Damen Shipyards, Royal Haskoning, Van Oord, Deltaris və digər nəhəng holland şirkətləri Azərbaycanda önəmli layihələrə cəlb olunmuşlar.
Azərbaycanın digər bir adı da Odlar
yurdudur. Mən burada səfir kimi fəaliyyətə başlayanda dostlarımdan
biri zarafatla mənə dedi: "Sənin üçün
"sular ölkəsində"
"Odlar yurdunun" nümayəndəsi olmaq çox çətin olacaqdır". Lakin indi anlayıram
ki, odla suyun kombinasiyası enerji yaradan və inkişafa səbəb olan buxar əmələ gətirir. Əməkdaşlığın mühərriki yenicə
işə salınıb.
Bu, bizim əlaqələrimizin
dinamik prosesinin yalnız başlanğıcıdır.
Azərbaycan.- 2012.- 15 may.- S.
10.