Rumıniyanın dövlət televiziya kanalında Azərbaycan haqqında veriliş nümayiş olunmuşdur

 

Rumıniyanın dövlət televiziya kanalı olan TVR 1-də yayımlanan "TVR-də Görüşək" adlı həftəlik şou-proqramın mayın 12-də efirə getmiş verilişi Bakıda keçirilən "Eurovision" müsabiqəsində Rumıniyanı təmsil edən "Mandinga" qrupuna həsr olunmuşdur. Verilişdə Azərbaycanın Rumıniyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rumıniya Nümayəndəliyinin əməkdaşları, Heydər Əliyev təqaüdü alan rumın tələbələr xüsusi qonaq qismində iştirak etmişlər.

AzərTAc xəbər verir ki, verilişin əvvəlində "Mandinga" qrupu "Eurovision" mahnı müsabiqəsində ifa edəcəyi mahnını səsləndirmiş, müsabiqəyə ev sahibliyi edən Azərbaycan ilə bağlı xoş fikirlərini və həyəcanını bölüşmüşdür.

Şou-proqramın aparıcısı Marina Almaşanın xahişindən sonra Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin 3-cü katibi Anar Şükürov Azərbaycan ilə bağlı tamaşaçılara məlumat vermiş, "Eurovision" mahnı müsabiqəsinin "Öz məşəlini yandır" şüarının mənasını açıqlamışdır. Diplomat Azərbaycanın qısa dövrdə dünyanın mədəniyyət və tolerantlılıq mərkəzinə çevrildiyini, ölkəmizdə çoxmədəniyyətlilik mühitinin günü-gündən genişləndiyini vurğulamış, 2000 il bundan öncə qədim Azərbaycan torpaqlarında hakim olmuş Atəşpərəstlik dininin mövcudluğundan, bu inancın günümüzə qədər gəlib çıxmış adət-ənənələrimizdəki təzahürlərindən bəhs etmişdir. 

Heydər Əliyev Fondunun Rumıniya Nümayəndəliyinin direktoru İqbal Hacıyev "Eurovision" mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsinə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət yetirdiyini, müsabiqənin Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə görülən işlərin uğurla başa çatdığını bildirmişdir. Bakıda bu müsabiqə ilə bağlı görülən işlərdən, müsabiqənin keçirildiyi "Baku Crystal Hall" və müsabiqə iştirakçıları üçün xüsusi hazırlanmış "EuroClub" barədə, eyni zamanda ölkəmizə gələn xarici qonaqların Azərbaycanla tanışlığı üçün yaradılmış infrastrukturdan bəhs etmişdir. Nümayəndəliyin direktoru, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə müsabiqədə iştirak edən ölkələrin hər birindən 9-18 yaş arasında fiziki qüsurlu uşaqların Azərbaycan ilə tanış olmaq və "Eurovision" mahnı müsabiqəsinə tamaşa etmək üçün Bakıya gətiriləcəyini qeyd etmişdir.

Verilişdə Azərbaycan ilə bağlı Rumıniyada keçirilmiş müsabiqənin qalibi olmuş 12 yaşlı fiziki qüsurlu uşağın anası Anka Vlad, öz övladı daxil olmaqla digər fiziki qüsurlu uşaqların Bakıda gözəl vaxt keçirmələri üçün onlara hər cür maddi və mənəvi dəstək göstərdiyinə və ailələrinə sevinc bəxş etdiyinə görə başda Mehriban xanım Əliyeva olmaqla Heydər Əliyev Fonduna öz dərin təşəkkürünü bildirmişdir.

Daha sonra Rumıniyada yaşayan azərbaycanlı Səbinə İlizarova milli geyimdə əlində nar şirəsi dolu sürahi və Azərbaycan milli yeməklərindən ibarət sini ilə səhnəyə daxil olmuşdur. S.İlizarova aparıcının milli mətbəximiz haqqında verdiyi sualları ətraflı və əyani şəkildə cavablandırmışdır. Daha sonra həmvətənimiz "Mandinga" qrupunun müsabiqədə uğur qazanması üçün qrup üzvlərinin biləklərinə rəmzi qırmızı lent bağlamışdır.

Veriliş boyunca müəyyən fasilələrlə Azərbaycan və Bakı ilə bağlı videoçarxlar nümayiş olunmuşdur.

Şou-proqramın sonunda aparıcı Marina Almaşan "Mandinga" qrupuna Azərbaycan dilində "yaxşı yol" və "uğurlar" diləmişdir.

 

 

Azərbaycan.- 2012.- 15 may.- S. 10.