Əlcəzair
milli baletini yaradan bəstəkar
Azərbaycan professional musiqisini müxtəlif mövzulu operettaları, simfoniyaları, süitaları, mahnıları və digər əsərləri ilə zənginləşdirən xalq artisti, bəstəkar Rauf Hacıyev bu sahənin ən görkəmli nümayəndələrindən biri olub. 90 il öncə baharın ən gözəl çağında - mayın 15-də Bakıda dünyaya gələn Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə verib. Bioqrafiyasından məlum olur ki, o, mətbuat cəfakeşi Həsən bəy Zərdabinin qızı Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə alıb. Onun bir bəstəkar kimi formalaşmasında isə dahi Üzeyir bəyin böyük rolu olub.
Azərbaycan musiqili komediyasının inkişafında Rauf Hacıyevin xidməti çox böyükdür. Sözün əsl mənasında, Rauf Hacıyevin istedadı daha çox operetta janrında parlayıb. Demək olar ki, bu janrın inkişafında Rauf Hacıyevin əsərləri yeni səhifələr açıb. Mütəxəssislərin fikrincə, onun operettalarında vokal sifmonik, balet və estrada sənəti bir-biri ilə üzvi surətdə bağlıdır. Rauf Hacıyev musiqisinin xalq musiqisi və müasir estrada üslubunun sintezindən ibarət olması onun əsərlərinə əbədi bir cazibə gətirib. Bu əsərləri dinlədikcə doymaq olmur.
Bəstəkar yeddi operetta yazıb. Demək olar ki, bu operettaların beşi Moskvada tamaşaya qoyulub. Eyni zamanda, keçmiş SSRİ-nin müttəfiq respublikalarının mərkəzi konsert salonlarında da Rauf Hacıyevin operettaları uğurla nümayiş etdirilib. Müəllifin ilk operettası "Romeo mənim qonşumdur" adlanır. Bu əsər əvvəlcə Bakıda "Qonşular" adı ilə tamaşaçılara təqdim edilib. Moskvada isə operetta yeni bir uğura imza atıb. Klassik və müasir musiqinin vəhdəti, Rauf Hacıyev melodiyalarının coşqunluğu, milli koloriti operettaya xüsusi bir ifadə tərzi gətirib. Bu səbəbdən də 25-ə yaxın teatrda tamaşaya qoyulub. "Romeo mənim qonşumdur" operettası SSRİ respublikaları bəstəkarlarının əsərlərinə baxışda üçüncü mükafata layiq görülüb. Rejissor Şamil Mahmudbəyov 1963-cü ildə həmin operettanı "Azərbaycanfilm" studiyasında ekranlaşdırıb. Film bu gün də maraqla izlənilir.
Rauf Hacıyevin maraqlı operettalarından biri də "Mənim məhəbbətim - Kuba"dır. Moskva Operetta Teatrının sifarişi ilə müəllifin işlədiyi bu əsər Kuba haqqındadır. Heç bir zaman Kubada olmayan Rauf Hacıyevin qarşısına çox çətin bir məsələ qoyulmuşdu. Kuba xalqının milli xarakterini, musiqi sənətinin xüsusiyyətlərini ustalıqla açmalı idi. Maraqlıdır ki, müəllif operettanı xüsusi ilhamla işləyə bildi. Operettanın əsasında üç melodiya dayanıb. Bunlar Kubaya məhəbbət, vətənpərvərlik andı və iki gəncin sevgisini təcəssüm etdirən melodiyalar. Bəstəkar Kubada sevilə-sevilə ifa edilən musiqi boyalarından da bacarıqla istifadə edə bildiyindən operetta çox uğurlu alındı. Hətta musiqiçilər söyləyirlər ki, əsərin melodiyası Kuba xalq musiqisinin ahəngi ilə sıx bağlıdır.
Unudulmaz bəstəkarın rəğbətlə qarşılanan "Dördüncü fəqərə", "Qafqaz əsiri", "Ana, mən evlənirəm", "Yol ayrıcında" operettaları da musiqi tariximizin solmayan səhifələridir. Finlandiyalı satirik yazıçı Marti Larnin onun romanı əsasında eyniadlı - "Dördüncü fəqərə" operettasını yaratmış azərbaycanlı bəstəkarın ecazkar musiqisinə qulaq asdıqdan sonra demişdi: "Bu, gözəl müasir musiqidir. O, təkcə əsərin əsas qayəsini əks etdirmir, həmçinin öz ifadə vasitələri ilə əsəri daha da zənginləşdirir".
Bir maraqlı məsələni də qeyd etmək lazımdır ki, Rauf Hacıyev operetta bəstələdikdən sonra onun səhnə taleyi o qədər uğurlu və tamaşaçılar tərəfindən elə rəğbətlə qarşılanırdı ki, bu əsərlər sonralar ekranlaşdırılırdı. Rauf Hacıyevin bütün operettalarını gözəlləşdirən milli xalq rəqslərinin ritmləri, nikbinlik, şənlik idi. Bu da həm dinləyicilərdə xoş ovqat yaradır, həm də əsərin zənginliyini artırırdı.
Rauf Hacıyevin sonuncu operettası sevimli müəllimi Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr etdiyi "Ordan-burdan" əsəridir. Azərbaycan televiziyası vasitəsilə tamaşaçılara çatdırılan bu operetta müəllifinə yeni bir uğur gətirdi. Həm də ilk dəfə olaraq səhnə formalarını mavi ekranda təcəssüm etdirməyi bacarmaq Rauf Hacıyevə məxsus oldu.
Yaradıcılığında operetta janrının xüsusi yer tutmasına baxmayaraq Rauf Hacıyevin bəstəkarlıq fəaliyyəti bununla bitmir. 1956-cı ildə respublikada "Gənclik mahnısı" müsabiqəsi keçirilirdi. Bu müsabiqədə iştirak edən Rauf Hacıyev üçüncü mükafata layiq görülüb. İki xoreoqrafik miniatür əsəri - "Ləzgihəngi" və "Yallı" ayrı-ayrılıqda parlaq səciyyəli lövhələrdir. Xalq rəqs ənənələri əsasında yaradılan bu əsərlərdə Rauf Hacıyev həm melodik, həm də ritmik məziyyətləri çox ustalıqla nümayiş etdirə bilmişdir. Hər iki əsər dünyanın bir çox ölkələrində göstərilmiş və tamaşaçı rəğbəti qazanmışdır.
1971-ci ildə Rauf Hacıyev Əlcəzairə göndərilib. O, burada milli musiqi kadrlarının hazırlanması və professional musiqi təhsili sisteminin yaradılması ilə məşğul olub. Böyük bir mədəniyyət qrupuna rəhbərlik edən azərbaycanlı bəstəkar həmkarları ilə birlikdə Əlcəzair Milli Konservatoriyasında, Buduau şəhərində açılan musiqi məktəbində müəllim kimi çalışıb. Əlcəzairdə işlədiyi illərdə Rauf Hacıyev, eyni zamanda bu ölkənin mədəniyyət tarixini dərindən öyrənib, xalq musiqi nümunələrini toplayaraq nota köçürüb, onların bir sıra xüsusiyyətlərini mənimsəyib. Azərbaycanlı bəstəkar Əlcəzair Milli Teatrının açılmasında fəal iştirak edib, habelə ilk Əlcəzair milli baletlərini - "Üç inqilab", "Alov" və "Hürriyyət" əsərlərini yazıb. Bundan başqa, "Əlcəzair silsilə"sində skripka ilə orkestr üçün konsert, fortepiano və müxtəlif musiqi alətləri üçün pyeslər, orkestr və xor üçün 15 xalq mahnısı işləyib, "Əlcəzair süitası" yaradıb.
Vətənə döndükdən sonra Rauf Hacıyev bəstəkarlıqla yanaşı, ictimai işlərdə də fəal çalışıb. Bir müddət Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına rəhbərlik edib. 1965-ci ildə isə Azərbaycanın mədəniyyət naziri təyin edilib. Bu vəzifədə çalışdığı illərdə Rauf Hacıyevin təşəbbüsü ilə Azərbaycan Dövlət Xor Kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, eləcə də dünyada birinci olan Xalçaçılıq Muzeyi açılıb. Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayında o, idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilib.
Bir çox simfonik əsərlərin, oratoriya, kantata və mahnıların müəllifi olan Rauf Hacıyevin istər musiqili-bədii televiziya filmlərinin, istərsə də Azərbaycan kinosunun inkişafında mühüm xidməti var. Bədii və sənədli filmlərə yazdığı musiqilər öz coşqunluğu, qəlbəyatımlığı, bənzərsizliyi ilə diqqət çəkir. "Bir qalanın sirri", "Əhməd haradadır?", "Kölgələr sürünür", "Qara daşlar", "Nizami" və s. filmlərə yazdığı musiqilər Rauf Hacıyevin bir bəstəkar kimi əbədi yaşadığını şərtləndirir. Dillər əzbəri olan mahnılarından "Sevgilim", "Leyla", "Bahar gəlir", "Bakı", "Azərbaycanım" bu gün də şövqlə oxunur və sevilir.
1995-ci ilin bir payız günündə 73 yaşında dünyasını dəyişən Rauf Hacıyev yaratdığı nəhəng əsərlərin ölməzliyində öz ömrünü də əbədiləşdirdi. O, təkcə Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmət göstərməyib. Bu gün Əlcəzair xalqı da öz musiqilərinin inkişafında, bir sıra əsərlərin yaradılmasında ilkin olan Rauf Hacıyevi dərin hörmət, məhəbbət və ehtiramla yad edərək ona həmişə minnətdar olduqlarını bildirirlər. Bu da səbəbsiz deyil. Rauf Hacıyev Əlcəzair musiqi mədəniyyəti tarixində abidə ucaltmış bəstəkardır.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 15 may.- S. 11.