Ümummilli lider Heydər
Əliyevin xatirəsinə həsr olunmuş
beynəlxalq velotura yekun
vurulmuşdur
Mayın 13-də Bakının Azadlıq meydanında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velotura yekun vurulmuşdur.
Mayın 9-da başlayan veloturun sonuncu günündə beşinci mərhələnin yarışları keçirilmişdir. Pelaton 123 kilometr məsafə qət etmişdir. Belə ki, hər idmançı 12,3 kilometrlik marşrut üzrə 10 dəfə dövrə vurmuşdur.
Maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə qazaxıstanlı Hurbolat Kulimbetov 2 saat 57 dəqiqə 16 saniyə göstərici ilə qalib gəlmişdir. Rusiya idmançısı Gennadi Tatarninov ikinci, kot`de vuarlı velosipedçi İssiaka Çisse isə üçüncü olmuşdur. Ümumi komanda hesabında Rusiyanın "İtera Katyuşa" klubu birinci pillədə qərarlaşmışdır.
Sprint yarışında Maksim Vasiliyev (Ukrayna), dağlıq ərazidə yürüş zamanı göstəricilərinə görə Bəxtiyar Kozatayev (Qazaxıstan) qalib gəlmişlər. Beş günün nəticəsinə əsasən əlcəzairli Yusif Requiqui rəqiblərindən üstün olmuş, Tural İsgəndərov isə ən yaxşı Azərbaycan idmançısı seçilmişdir.
* * *
Yarış başa çatdıqdan sonra "Hilton Bakı" mehmanxanasında mətbuat konfransı keçirilmişdir.
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) prezidenti Fazil Məmmədov bu cür yarışın ölkəmizdə ilk dəfə təşkil olunduğunu, veloturun yüksək səviyyədə təşkil olunmasında Azərbaycan hökumətinin dəstəyini yüksək qiymətləndirmiş və turnirin əhəmiyyətindən danışmışdır. F.Məmmədov analoji yarışın ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü çərçivəsində də təşkil olunacağını diqqətə çatdırmış və bu istiqamətdə Beynəlxalq Velosipedçiler İttifaqı (UCİ) ilə danışıqlar aparıldığını söyləmişdir. O demişdir ki, UCİ rəhbərliyi ölkəmizdə keçirilən yarışın yüksək səviyyədə təşkil olunmasından razı qalmışdır və Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir.
Növbəti ildə veloturda iştirak edəcək ölkə və idmançıların sayının artacağı gözlənilir.
Ölkəmizdə beynəlxalq yarışların keçirilməsi üçün lazımi infrastrukturun olduğunu bildirən AVİF-nin rəhbəri bütün bunların ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının əyani sübutu olduğunu demişdir.
UCİ-nin prezidenti Patrik Mak Quayd Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, beynəlxalq idman təşkilatları üçün ölkəmizin etibarlı tərəfdaş olduğunu xüsusi vurğulamış, veloturun əhəmiyyətindən danışmışdır. O, turnirin yüksək səviyyədə təşkil olunduğuna görə, ölkə rəhbərliyinə və AVİF-yə təşəkkürünü bildirmişdir. Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev ilə görüşdüyünü bildirən P.Mak Quayd ölkə başçısı ilə idmanın bu növünün respublikamızda inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıldığını diqqətə çatdırmışdır.
Mətbuat konfransında bildirilmişdir ki, ölkəmizdə məşhur "Tur de Frans", "Djiro de İtaliya" kimi "Tur de Azerbaijan"ın keçirilməsi nəzərdə tutulur. Bu turnirin keçirilməsi üçün hər cür şəraitin olduğu və yarışın marşrutunun hər il dəyişdiriləcəyi vurğulanmışdır.
Qeyd edək ki, turnirin ilk günü qadınların şəxsi yarışında Azərbaycan idmançısı Yelena Çalıx, kişilər arasında birinci mərhələdə Rusiyanın "İtera Katyuşa" klubu qələbə qazanmışdı. Turnirin ikinci mərhələsində ispaniyalı Dieqo Rubeo Ernenandes, üçüncü mərhələdə rusiyalı Dmitri Vernidub və növbəti mərhələdə isə Gennadi Tatarninov (Rusiya) qələbə qazanmışlar.
AzərTAc
Azərbaycan.- 2012.- 15 may.- S. 12.