“YARAT!”
Bakı Müasir İncəsənət
Muzeyində “Birləşən
körpülər” adlı orijinal sərgini təqdim etmişdir
Mayın 15-də Müasir İncəsənət Muzeyində Azərbaycanın müasir incəsənətinin təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının təşkilatçılığı ilə "Birləşən körpülər" adlı orijinal sərgi açılmışdır.
AzərTAc xəbər verir ki, sərginin açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişlər.
"YARAT!" qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudova sərgi haqqında məlumat vermişdir.
Bildirmişdir ki, rəhbərlik etdiyi təşkilat hələ bir ildən az müddətdir ki, fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan incəsənəti mühitində özünə yer tuta bilmişdir. Təşkilatın layihələrinin yaradıcı insanlarda maraq doğurduğundan məmnunluğunu ifadə edən Aida Mahmudova bu dəfə "YARAT!"ın sayca üçüncü böyük layihəsində 12 yerli və 13 xarici rəssamın əsərlərinin təqdim olunduğunu diqqətə çatdırmışdır. O, layihəni mədəni dialoq adlandırmağın mümkünlüyünü qeyd edərək incəsənətin həmişə müxtəlif millətlərin, mədəniyyətlərin, dinlərin nümayəndələrinin bir-birilərini öyrənmələrinə, birləşmələrinə kömək etdiyini vurğulamışdır. İncəsənət, ümumilikdə gözəllik bizim hamımızı birləşdirir. Bu çox cəsur və heyranedici bir layihədir. Bundan əvvəl heç vaxt belə nüfuzlu azərbaycanlı və xarici rəssamlar bir araya gəlməmişlər. Beləliklə, "Birləşən körpülər" 2012-ci ilin ən maraqlı incəsənət tədbirlərindən birinə çevrilir.
A.Mahmudova iştirakçılara, sərginin Böyük Britaniyadan olan həmkuratoru Adam Vaymuta, layihənin reallaşmasında bütün əməyi olanlara təşəkkürünü bildirmişdir.
Layihədə iştirakından və "YARAT!" kimi təşkilatla birgə işləməkdən qürur duyduğunu söyləyən Adam Vaymut sərgini azərbaycanlı rəssamların dünyadakı müasirləri ilə dialoqu kimi qiymətləndirmişdir. Bildirmişdir ki, sərginin bu qədər maraq doğurmasının səbəbi yalnız orada iştirak edən nüfuzlu incəsənət xadimləri ilə bağlı deyildir. Sərgi həm də Bakının beynəlxalq incəsənət mərkəzləri ilə çiçəklənən əlaqələrini bir daha təsdiqləyir.
Azərbaycan rəssamları ilə yanaşı, Böyük Britaniyanın və digər ölkələrin fırça ustalarının da iştirak etdikləri bu sərgidə britaniyalı və beynəlxalq rəssamlar - Ceyms Turrell, Sara Lukas, Anni Morris, Pol Frayer, Kit Kaventry, Aleks Hoda, Olimpiya Skerri, Rayan Mozli, Caap de Vris, Corc Yang və Nil Klementsin, həmçinin azərbaycanlı fırça ustaları Ağa Hüseynov, Altay Sadıqzadə, Faiq Əhməd, Rəşad Ələkbərov, Əli Həsənov, Niyaz Nəcəfov, Rəşad Babayev, Fərid Rəsulov, Aida Mahmudova, Orxan Hüseynov, Nəzrin Məmmədova və Ramal Kazımovun əsərləri nümayiş etdirilir.
Sərginin kuratorları - "YARAT!"ın təsisçisi və direktoru Aida Mahmudova və Böyük Britaniyadan olan Adam Vaymut birlikdə dünyanın qabaqcıl incəsənət mərkəzlərini təmsil edən həm tanınmış, həm də yeni istedadların işlərinin toplusunu təqdim edirlər.
Aida Mahmudova və Adam Vaymut karyeraları boyunca müasir və xüsusilə də yeni rəssamlar üçün imkanlar yaratmağa cəhd göstərmişlər.
"YARAT!" qeyri-kommersiya təşkilatının əsası Aida Mahmudova tərəfindən 2011-ci ilin oktyabrında qoyulmuşdur. "Ön söz" adlı ilk sərgisi və hazırda davam edən "012 Baku Public Art Festival" kimi layihələrlə bədii diskussiyalara səbəb olan "YARAT!" bu beynəlxalq sərgi ilə diskussiyaları daha da artırır. "Birləşən körpülər" "YARAT!"ın bütün dünyanın və Azərbaycanın müasir incəsənət cəmiyyətləri arasında dialoqu inkişaf etdirmək kimi əsas məqsədini bir daha təsdiq edir.
Sərgi həm də Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ilə üst-üstə düşür. Şübhəsiz, bu mahnı müsabiqəsi Bakıya minlərlə tamaşaçı cəlb edir. Beləliklə, sərgidə nümayiş etdirilən işlər daha böyük, beynəlxalq auditoriyalara açılmış olur. "YARAT!" ölkəmizin həm tanınmış rəssamlarına, həm də gənc istedadlarına imkan yaratmaq, onların işlərini məşhur və sevilən beynəlxalq rəssamların işləri ilə birgə sərgiləməklə, Azərbaycan incəsənətini daha da inkişaf etdirir.
Beynəlxalq arenada məşhur olan və Bakı Müasir İncəsənət Muzeyinin tikinti layihəsinin tərtibatçısı və əlaqələndiricisi Altay Sadıqzadədən başlamış, Azərbaycanı 2007-ci il Venesiya Biennalesində təmsil etmək üçün seçilən Faiq Əhmədə qədər sərgidə iştirak edən azərbaycanlı rəssamlar da öz beynəlxalq həmkarları kimi geniş təcrübəyə malikdirlər.
Bütün dünyada tanınmış İdris Xanın xüsusi olaraq Bakıya gətirilmiş installyasiyası da "Birləşən körpülər" sərgisində nümayiş etdirilir. Xan ən çox həm Qərb, həm də islam ənənələrinin musiqi və mətn tarixlərini araşdıran və rəqəmsal işlənən çapları ilə məşhurdur. Buna baxmayaraq, bu sərgidə o, dörd paslı polad paneldən ibarət olan heykəltəraşlıq əsərini nümayiş etdirir. Heykəlin üzərində Oliver Messayanın kvartetinin, alman həbs düşərgəsində olarkən yazdığı "End of Time" (1941, "Zamanın sonu") əsərinin notları qumla həkk olunmuşdur.
"YARAT!"ın əsas məqsədi Azərbaycan və xarici qeyri-kommersiya incəsənət fondları ilə dialoq və ideya mübadiləsinin əsasını qoymaqdır. "YARAT!" həm də təhsil təşəbbüslərini və beynəlxalq incəsənət mükafatını təmin etməyi öz vəzifəsi hesab edir.
"YARAT!" qeyri-kommersiya təşkilatının təsisçisi və direktoru olan Aida Mahmudova rəssamlıq təhsilini Londonda, Central Saint Martins məktəbində aldıqdan sonra doğma Bakıya qayıtmışdır. Londonda bir sıra rəssamlarla tanış olan Aida Mahmudova hələ o zaman bu qərara gəlmişdi ki, yaradıcı dialoq yaratmaq və onu inkişaf etdirmək üçün belə bir təşkilata böyük ehtiyac vardır. Bu fikir Aida Mahmudovanı Azərbaycanın müasir incəsənətini təbliğ və təşviq edəcək qeyri-kommersiya təşkilatını yaratmağa ruhlandırmışdı. "YARAT!" vasitəsilə Aida Mahmudova Azərbaycanın müasir rəssamları üçün imkanlar yaratmağa və incəsənəti daha geniş yerli və beynəlxalq auditoriyalar arasında təbliğ etməyə çalışır.
Təhsilini City and Guilds İncəsənət
Məktəbində alan Adam
Vaymut sonralar "20 Hoxton Square Projects"in təsisçilərindən biri və dörd ildən
artıq layihənin direktoru olmuşdur. Daha sonra bir il
ərzində Lazarides Çap
Qalereyasına başçılıq etmiş
və müstəqil olaraq bədii təşkilatlarda
və xeyriyyəçilik işlərində yaxından iştirak etmişdir.
2011-ci ildə o,
"AdamWaymouthArt"ın əsasını qoymuşdur.
Bu, müasir rəssamlar,
muzeylər, qalereyalar və özəl
şirkətlərlə birlikdə çalışan bədii
əlaqələndirmə üzrə məsləhət mərkəzidir.
Son altı
ay ərzində "Vaymut
Pertwee" "Anderson and Gold",
"the Victoria & Albert Museum", "Shelter", "Flora
Fairbairn Projects", "Gazelli Art
House", "Parasol Unit and Bold Tendencie"
ilə əməkdaşlıq
etmişdir.
Sərginin sponsorları "İtaldizain
Qrup", "Bakcell",
"Rapid Solutions" şirkətləri
və Azərbaycan Respublikasının Gənclər
və İdman Nazirliyidir.
Sərgi iyunun 15-dək davam edəcəkdir.
Azərbaycan.- 2012.- 16 may.- S. 2.