Bakıda “WorldFood Azerbaijan
– 2012” 18-ci Azərbaycan Beynəlxalq
qida sənayesi sərgisi
açılmışdır
Mayın 15-də Bakı Ekspo Mərkəzində "İteca Caspian LLC" və "İTE Group PLC" şirkətlərinin təşkilatçılığı ilə "WorldFood Azerbaijan -2012" 18-ci Azərbaycan Beynəlxalq qida sənayesi, "AgriHort Azerbaijan- 2012" 6-cı Azərbaycan Beynəlxalq kənd təsərrüfatı, "Plastex Caspian- 2012" 2-ci Xəzər Beynəlxalq plastik kütlələr və kauçuk, eləcə də "Ipack Caspian- 2012" ölkəmizdə ilk dəfə keçiriləcək Xəzər Beynəlxalq qablaşdırma, tara, etiket və poliqrafiya sərgiləri açılmışdır.
AzərTAc xəbər verir ki, açılışda sərginin əhəmiyyətindən danışan kənd təsərrüfatı naziri İsmət Abasov bildirmişdir ki, bu sərginin geniş vüsət alması Azərbaycanın hərtərəfli inkişaf etməsi ilə bağlıdır. Sərgi daxili və xarici istehsalçılara görə istehsallarını artırmaq üçün əlverişli şərait yaradacaqdır. Kənd təsərrüfatı Azərbaycanın qida sənayesinin inkişafında mühüm rol oynayır, deyən nazir ölkədə qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini diqqətə çatdırmışdır.
Daha sonra Sənaye və Energetika Nazirliyi Aparatının rəhbəri Rasim Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Adil Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev və "İTE Group PLC" şirkətinin Xəzər üzrə regional direktoru Edvard Stroon çıxış edərək sərginin əhəmiyyətindən danışmışlar.
Sərginin açılışını bildirən rəmzi lent kəsiləndən sonra iştirakçılar ekspozisiya ilə tanış olmuşlar.
18-ci Azərbaycan Beynəlxalq qida sənayesi sərgisində dünyanın 24 ölkəsindən 120 şirkət iştirak edir. Ekspozisiya sahəsinin təxminən 40 faizini sərginin daimi iştirakçıları tutur. "WorldFood Azerbaijan -2012" sərgisi qida sənayesinin bütün istiqamətlərini əhatə edərək "WorldFood", "WorldDrink" və "WorldFoodTech" kimi tematik bölmələrin ekspozisiyalarını bir dam altında birləşdirir. Bütövlükdə isə sərginin ekspozisiyasını ət və quş əti, konservləşdirilmiş məhsullar, dondurma, baqqaliyyə məhsulları, inqrediyentlər, soyutma sistemləri, qənnadı məmulatları, içkilər, qida sənayesinin müxtəlif istiqamətləri, laboratoriya analizi üçün avadanlıqlar və s. təşkil edir. Bu il Azərbaycan, Belarus və Misir istehsalçıları tərəfindən təqdim edilən süd məhsulları sektoru öz müxtəlifliyi ilə fərqlənir. Hər il keçirilən bu sərgi öz yeni məhsullarını Azərbaycan bazarına təqdim etmək üçün "WorldFood Azerbaijan" sərgisindən start meydançası kimi istifadə edən onlarla yeni şirkəti özünə cəlb edir. Belə ki, Əfqanıstan, Braziliya, Misir, Səudiyyə Ərəbistanı və Serbiyadan olan şirkətlər sərgidə debütant qismində çıxış edərək ərzaq məhsulları, qənnadı məmulatları və qida sənayesi üçün avadanlıqların geniş çeşidini təqdim edirlər.
"Agrihort Azerbaijan- 2012" sərgisini ziyarət edənlər kənd təsərrüfatı üzrə yeni həll variantları və Avropa istehsalçılarının yenilikləri ilə tanış olurlar. Burada Azərbaycan, Rusiya, Serbiya, Türkiyə, Almaniya, Hollandiya, Norveç, Belçika və Ukraynadan olan şirkətlər öz məhsul və xidmətlərini təqdim edirlər. Sərgidə ilk dəfə iribuynuzlu mal-qaranın yetişdirilməsi ilə məşğul olan Ukrayna şirkətləri təqdim olunur. Bu tədbirdə həmçinin Rusiyanın Heyvanları Mühafizə Federal Mərkəzi də iştirak edir. Hollandiyadan olan şirkətlər stendində isə istixanalar nümayiş etdirilir.
"Plastex Caspian" sərgisi plastmas və kauçuk emalı avadanlığının istehsalçılarından tutmuş xammal və qatqı istehsalçılarına qədər bu sahəni tam əhatə edir. Sərgidə həmçinin hazır məhsul istehsalçıları, o cümlədən inşaat sektorundan tutmuş mebel sənayesinə qədər, habelə avtomobil hissələri və yaxtalardan tutmuş məişət texnikasına qədər plastmas və kauçukun tətbiq edildiyi bütün sektorlar təqdim olunur.
Azərbaycanda ilk dəfə keçirilən "Ipack Caspian -2012" sərgisi qablaşdırma avadanlığı üzrə maraqlı həll variantlarını təqdim edir. Sərginin ekspozisiyasına qablaşdırma, qablaşdırma materialları və hazır məmulatların istehsalı üçün qablaşdırma maşınları və avadanlıqlar, qablaşdırma üzərində çap üçün avadanlıqlar və etiketləmə məhsulları daxildir. Burada Azərbaycan, Rusiya, Türkiyə və Çexiyadan olan şirkətlərin məhsulları bir-biri ilə rəqabət aparır.
Sərgilər mayın 17-dək davam edəcəkdir.
Azərbaycan.- 2012.- 16 may.- S. 3.