Dövlət
büdcəsinin icrasına dair illik hesabatda Hesablama Palatasının rəyi müzakirə
edilmişdir
Hesablama Palatasında növbəti kollegiya iclası keçirilmişdir.
Palatadan AzərTAc-a bildirmişlər ki, iclasda "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəy müzakirə edilmişdir.
Rəydə əsas diqqət 2011-ci ildə ölkə iqtisadiyyatını xarakterizə edən makrogöstəricilərin və iqtisadiyyata təsir edən amillərin təhlilinə, dövlət büdcəsinin gəlir və xərc parametrlərinin mövcud iqtisadi potensialın imkanları ilə uzlaşmasının, həmçinin ayrı-ayrı dövlət tədbirləri, proqram və layihələrə ayrılmış vəsaitlərdən səmərəli istifadə edilməsinin araşdırılmasına, "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Qanunun ayrı-ayrı maddələrinin, müəyyən olunmuş limit və hədlərin icrası vəziyyətinin təhlilinə yönəldilmişdir.
Sonda dövlət borcunda yaranmış vəziyyət, dövlət borclanma limitinə riayət olunması və büdcə kəsirinin maliyyələşdirilməsi mənbələrindən istifadənin icrası vəziyyəti təhlil olunmuşdur.
Rəy müzakirə edilərək təsdiq edilmiş, "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və dövlət büdcəsinin icrası barədə illik hesabatın Milli Məclisə təqdim olunması qərara alınmışdır.
Kollegiya iclasında həmçinin
bir sıra idarə, müəssisə və
təşkilatlara ayrılmış dövlət vəsaitlərinin
proqnozlaşdırılması və istifadəsi üzrə audit proqramları da təsdiq
edilmişdir.
Azərbaycan.- 2012.- 16 may.- S. 3.