Tolerantlığın Azərbaycan nümunəsi

 

Son illər Avropa məkanında milli identikliyin, mental-əxlaqi xüsusiyyətlərin qorunub saxlanılması, habelə kütləvi mədəniyyət stereotiplərindən qaçma meyillərinin güclənməsi müşahidə olunur. Bu da təsadüfi deyildir - müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi, dini dəyərlərinin qorunması zərurətini müasir dövrün aktual məsələlərindən birinə çevirmişdir. Fəqət, ilk baxışdan təbii görünən bu meyillər bəzən sivil bəşər cəmiyyətinin minilliklər boyu mənimsədiyi fenomen dəyərə qarşı yönəlir. Söhbət milli-mənəvi, mədəni dəyərlərin "yad təsirlərdən qorunması" adı altında tolerantlıq prinsipinə qarşı yönəlmiş təhlükədən gedir.

Tarix göstərir ki, tolerantlıq sivil dünyanın demokratik dəyərlər uğrunda mübarizə salnaməsində xüsusi yer tutur. Hələ qədim zamanlardan insanlarda bir-birinin fərqli baxışlarına, fikir və düşüncələrinə dözümlü yanaşma mədəniyyəti formalaşmağa başlamış, zaman keçdikcə tolerantlıq hər bir cəmiyyətdə sivil harmoniyanın, sülh və barışın təmin olunmasında həlledici amilə çevrilmişdir. Məlumat üçün bildirək ki, tolerantlıq məfhumu latınca "tolerare" sözündən götürülüb "dözmək, tab gətirmək, fikir verməmək, səbirli olmaq, göz yummaq" kimi mənalarda işlədilir. Tolerantlıq ideyası haqqında ilk konseptual araşdırmalar XVI-XVII əsrlərdə Avropada aparılmışdır. Bu zaman dözümlülük yalnız din və vicdan azadlıqları kontekstində araşdırılmışdır. 1648-ci ildə imzalanmış Vestfal sülhü isə dini dözümlülüklə bağlı ilk sənəd sayılır. Tolerantlıq düşüncəsi Qərb dünyasında, əsasən dini təəssübkeşliyin hakim olduğu ölkələrdə əsrlər boyu formalaşaraq inkişaf etmiş, onun nəzəri-konseptual əsasları işlənib hazırlanmışdır. Politoloq S.Mendus Etnik Ensiklopediyada göstərir ki, "Tolerantlıq beynəlxalq səviyyədə bir şəxsin xoşlamadığı və ya əxlaqi cəhətdən yanlış saydığı hərəkətə icazə verməsi və ya bu hərəkətin qarşısını almamasıdır". Digər nəzəriyyəçi M.Kranston Fəlsəfə Ensiklopediyasında yazır ki, "Dözümlülük xoşlanılmayan və ya bəyənilməyən hər hansı bir şeyin mövcudluğunda təmkinlik göstərmə siyasətidir". İlk fikirdə dözümlülüyün aspektlərinin insanın xoşlamadığı şeylərdən əxlaqi inanclara qədər geniş olması göstərilir. İkinci fikirdə isə dözümlülüyün yalnız insanın davranış siyasəti ilə bağlılığı, dözümlülüyün beynəlxalq hərəkətdən çox insanın bu gün, sabah və gələcəkdə müəyyən qaydada davranışı kimi vurğulanır.

Tolerantlıq gücsüzün əzilməsinə dözümlü münasibəti təlqin etmir. Tolerantlıq hər hansı zorakılığa seyrçi münasibət anlamında da başa düşülməməlidir. Tolerantlıq, eyni zamanda, öz mədəniyyətindən imtina və ya imtina edilməyə təzyiq göstərilməsi demək deyildir. Müxtəlif fikir, inam, əqidə və dünyagörüşlərinə münasibətdə insanın yüksək mədəni səviyyəsi kimi özünü göstərən tolerantlıq həm də onu eqoizmdən uzaqlaşdıran, aqressivlikdən, radikallıqdan xilas edən düşüncə tərzidir. Dözümlülük göstərmək qarşıdakını olduğu kimi qəbul etmək, dünyanın əşrəfi sayılan insana yüksək dəyər vermək deməkdir. Tolerantlıq müxtəlif millətlərin milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin, müxtəlif həyat tərzlərinin, dünyagörüşlərinin, habelə müxtəlif dinlərin irq və millətlərin dinc yanaşı yaşamasının ən mühüm şərtidir.

Ağır müharibə və münaqişələr əsri kimi dəyərləndirilən XX yüzilliyin gerçəklikləri bir daha təsdiqləmişdir ki, tolerantlığı inkişaf etdirmədən ayrı-ayrı xalqların vahid sosium kimi sivil birgəyaşayışı, habelə insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması mümkün deyildir. Tolerantlıq düşüncəsinin inkişafında Birləşmiş Millətlər Təşkilatının 1948-ci il 10 dekabr tarixli "İnsan hüquqlarına dair Ümumi Bəyannamə"si mühüm əhəmiyyətə malik olmuşdur. Bəyannamədə göstərilirdi ki, "İnsan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyanın əsasını təşkil edir".

Ötən əsrin 90-cı illərində də tolerantlıqla bağlı bəzi mühüm konvensiya və sazişlər imzalanmışdır. Avropa Şurasına üzv dövlətlərin rəhbərlərinin 1993-cü il oktyabrın 8-9-da Vyanada keçirilmiş zirvə toplantısında irqçiliyin yüksəlişi; xaricilərə qarşı qərəzli münasibət və antisemitizm; dözümsüzlük mühitinin inkişafı, əsasən mühacirlərə və mühacir mənşəli insanlara qarşı zorakılıq aktlarının artması; aqressiv millətçilik və etnomərkəzçilik formasında xaricilərə qarşı yeni qərəzli münasibətin inkişafı ilə bağlı həyəcan təbili səslənmişdir. Bunun nəticəsi olaraq, irqçilik, xaricilərə qarşı qərəzli münasibət, antisemitizm və dözümsüzlüyə qarşı mübarizə üzrə Fəaliyyət Planı qəbul olunmuşdur. Fəaliyyət Planı cəmiyyətin səfərbərliyi, belə hallarla mübarizəyə yönəlmiş təminat və siyasətlərin təkmilləşdirilməsi, habelə səmərəli icrası üçün görüləcək tədbirləri özündə əks etdirmişdir.

1995-ci il noyabrın 16-da keçirilmiş UNESKO Baş Konfransının 28-ci sessiyasında isə "Tolerantlıq prinsiplərinə dair bəyannamə" qəbul olunmuşdur. Həmin bəyannamədə göstərilir ki, "Dözümlülük, ilk növbədə, insan azadlıqları və universal hüquqların etirafı əsasında formalaşan fəal münasibətdir". Eyni zamanda sənəddə vurğulanır ki, "Dözümlülük, insan hüquqlarına dair beynəlxalq hüquq aktlarında müəyyən olunmuş normaları ehtiva edən, həqiqətin mütləqləşdirilməsindən və ehkamçılıqdan imtina edən bir anlayışdır".

Qloballaşan dünyada tolerantlıq bir tərəfdən bütün insanların qanun qarşısında bərabərliyi və məsuliyyətini önə çəkməklə hüquqi, digər tərəfdən, yüksək əxlaqi keyfiyyətlər, mədəniyyət, dözümlülük, geniş savad və dünyagörüşü aspektlərini də ifadə etməklə mənəvi məzmun daşıyır. Lakin təəssüf ki, dərisinin rənginə, irqinə, cinsinə, dilinə, dininə, siyasi əqidəsinə, milli, sosial mənşəyinə görə diskriminasiya hallarına müasir dövrdə də geniş rast gəlinir. BMT-nin irqçiliklə bağlı hesabatlarında müxtəlif dövlətlərdə qaradərililərə, o cümlədən ərəblərə, çinlilərə, müsəlmanlara, yəhudilərə, qaraçılara, habelə mühacirlərə qarşı dözümsüzlük halları tənqid edilir.

Bütün bunlar göstərir ki, tolerantlıq liberal cəmiyyətin nail olmaq istədiyi əsas nailliyyətdir və dözümlülük münasibəti onun açarıdır. Dözümlülük prinsipinin  möhkəm qurulmadığı cəmiyyətlərdə isə milli-dini münasibətlərdə ciddi problemlər üzə çıxır. Qəribə tendensiya həm də bundan ibarətdir ki, vaxtilə Avropanın özünün fundamental dəyər kimi önə çəkdiyi tolerantlıq prinsipi məhz bu geosiyasi arealda ciddi təhdidlərə məruz qalmışdır. Qloballaşma meyilləri gücləndikcə bəzi Avropa dövlətlərində milli mövcudluğu qoruyub saxlamaq cəhdləri aşkar aqressivliklə müşayiət olunur. Dövlətlər səviyyəsində islamın və müsəlmanların sıxışdırılmasına yönəlmiş cəhdlər son nəticədə "daha çox tolerant olmaq" şüarı ilə çıxış edən Avropada dözümsüzlük əhval-ruhiyyəsini gücləndirir. Bunun nəticəsidir ki, son zamanlar müsəlman mühacirlərin kütləvi şəkildə Avropadan çıxarılmasına açıq çağırışlar artır.

2011-ci il iyulun 22-də Norveçdə 77 dinc insanın ölümü ilə nəticələnən  terror aktı Avropada antiislam kampaniyasının yenidən gücləndiyini, bu coğrafi arealda müsəlmanlara qarşı dözümsüz münasibətin hökm sürdüyünü göstərmişdir. Həmin gün onlarla insanın qətli ilə bağlı həbs edilən Anders Behrinq Breivikin islam dini və ümumən müsəlman mühacirlər əleyhinə sərt mövqedə dayanan xristian fundamentalisti olduğu da üzə çıxmışdır. Avropanın ən firavan və dinc ölkələrindən birində baş vermiş bu dəhşətli faciə yeni postsosialist dövlətlərinə "demokratiya ixracı"na çalışan bəzi Qərb ölkələrində islamofobiya meyillərini qabarıq şəkildə təzahür etdirir. Məhkəmə zamanı Anders Behrinq Breivik Norveçdə  çoxmədəniyyətliliklə mübarizə zəminində 77 nəfəri qətlə yetirdiyini boynuna alıb və iddia edib ki, müsəlmanlar Avropanı işğal edib. Maraqlısı odur ki, A.Behrinq azadlığa çıxacağı təqdirdə yenidən terror aktları törədəcəyini də açıq bildirib.

Bu, bir neçə il əvvəl Məhəmməd peyğəmbərin müsəlmanların heysiyyətinə toxunan karikaturasının çəkilməsi və hicab qadağasının genişlənməsi ilə başlanan sivilizasiyalararası qarşıdurma meyillərinin yenidən gücləndiyini göstərir. Bu həm də sözügedən coğrafi ərazidə milli kökə qayıtmaq adı altında, əslində, qatı millətçilik ovqatının genişlənməsinə işarədir. Bir qayda olaraq, islam dininin, müsəlmanların terrorla əlaqələndirilməsi daha çox etnik-dini ziddiyyətlərin təzahürü kimi özünü göstərir. Hələ 2001-ci ilin məlum 11 sentyabr hadisələrindən sonra sivilizasiyalararası qarşıdurma yaratmaq istəyən bəzi dövlətlər islamı guya "terrorçuluğa zəmin yaradan" din kimi qələmə verməyə çalışsalar da, mütərəqqi dünya bu yanaşmanı əsassız və təhlükəli sayaraq qəbul etmədi. Şübhəsiz, heç bir səmavi din terror aktlarına, zorakılığa haqq qazandırmır. Bu baxımdan, terrorçuların fəaliyyətini hansısa monoteist dinlə əlaqələndirmək də kökündən yanlışdır. İslam dininin terrora qarşı olduğunu isə xüsusi vurğulamağa ehtiyac yoxdur.

İslamda tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir, Qurani-kərimdə bununla bağlı bütpərəstlərə xitabən buyurulur: "Sizin öz dininiz var, mənim də öz dinim" ("Kafirun" surəsi, 6). Bu ayədən insanların müxtəlif inamda və fikirdə ola biləcəyi və həmin insanlara qarşı münasibətin necə formalaşacağı aydın görünür. İslama görə, tolerantlıq güclü qarşısında dözümlülük nümayş etdirmək deyildir, əksinə, özündən zəifə, yaxud bərabər olana eyni cür münasibəti bəsləməyi bacarmaqdır.

Qurani-kərimdə həmçinin vurğulanır ki, "Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər". ("Ənam" surəsi, 108). Bu ayə də sonuncu din olan islamın digər səmavi dinlərə və dini konfessiyalara dözümlü münasibətini göstərir. Yəni, islam istənilən əks fikrə qarşı zorakılığı istisna edir, insanlar arasında sülh, barış, həmrəylik, tolerantlıq ovqatının vacibliyini önə çəkir. 

Təəssüflə vurğulamaq lazımdır ki, islam əxlaqı, islam həyat tərzi, habelə bütövlükdə islam dininə dözümlü münasibət hələ də qloballaşan dünyada birgəyaşayışın əsas normalarından birinə çevrilməsinə mane olan qüvvələr var. Bu yaxınlarda Əfqanıstanda NATO əsgərləri tərəfindən Qurani-kərimin bəzi nüsxələrinin yandırılması, Belçikada məscidə hücum edilərək yandırılması, elə yaxın günlərdə Almaniyada "islama yox deyək" kimi qondarma plakatların küçələrdə, ictimai yerlərdə yerləşdirilməsi, bir qrup rasistin Almaniyanın Düren şəhərindəki məscidə hücümu, Fransada "Fransa fransızlar üçündür" kimi tələblərin səsləndirilməsi, elə bu ölkənin paytaxtında məscidin imamının ölkədən çıxarılmasına dair çıxışlar deyilənləri bir daha təsdiqləyir.

Bu günlərdə Azərbaycan Prezidentinin dəstəyi ilə Serbiyada kilsə və məscidin çox yüksək səviyyədə yenidən qurularaq təmir edilməsi, habelə eyni gündə açılışlarının təşkil edilməsi, həmin tədbirdə çıxış edən "müqəddəs ata"nın Azərbaycandakı tolerantlığa heyran qalmasını etiraf etməsi Azərbaycanın Avropaya bir tolerantlıq nümunəsi olduğunu göstərdi.   

Bütün peyğəmbərləri qəbul edən, özündən əvvəlki səmavi kitabları təsdiqləyən Qurani-kərim və islam dini monoteist dinlərə tolerant münasibətin nümunəsidir. Hər hansı bir peyğəmbərin karikaturasının çəkilməsi və ya hörmətsiz münasibətin sərgilənməsi, səmavi kitabın yandırılması islam dünyasında ağlasığmazdır və tarix indiyədək belə bir hadisənin şahidi olmamışdır.

Norveçdəki qanlı hadisə bu qənaəti bir daha təsdiqləmişdir ki, terrorçunun dini, milləti və vətəni olmur. Bu gün həm islam, həm də xristian pərdəsi altında gizlənməyə, məkrli niyyətlərini həyata keçirməyə çalışan terrorçu qruplaşmalar və təşkilatlar var. Digər tərəfdən, iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, müasir dövrdə heç bir dövlət terror təhlükəsindən sığortalanmamışdır. Müasir dövrdə terrorizm bütövlükdə dinc yaşamağın başlıca təhlükəsinə çevrilməklə bütövlükdə insan hüquqları sisteminə, sivilizasiyaya ciddi və qlobal təhdiddir. Dağıdıcı və ölçüyəgəlməz xarakteri ilə sərhəd tanımayan, ciddi sosial, siyasi, psixoloji fəsadlar doğuran bu dəhşətli terror cinayəti həm də iqtisadi tərəqqi və inkişafın qarşısını alır.

Bəzi hallarda terrora rəvac verən başlıca amillərdən biri də milli-etnik və dini tolerantlığın lazımi səviyyədə inkişaf etməməsidir. Əslində, bu problem təkcə dövlətlərin demokratik inkişaf səviyyəsi ilə deyil, həm də ayrı-ayrı millətlərin, xalqların milli yaşam tərzi, psixologiyası ilə bağlıdır. Dini, siyasi, irqi və s. dözümsüzlüyün zəifləməsi son nəticədə bəşəriyyətin tarixən can atdığı sivil dəyərləri sarsıdır. Sivilizasiyaların toqquşması isə son nəticədə sivil dünyanın təhlükəsizliyinə potensial təhlükə meyillərini artırır. Dünyanın bəzi aparıcı dövlətlərində insanları irqi, dini, milli qarşıdurmalara sürükləyən leqal və qeyri-leqal qurumlar fəaliyyət göstərir. Bu sırada neofaşistləri, skinhedləri və digər millətçi təşkilatları göstərmək olar. Həmin qurumların fəaliyyəti son nəticədə tolerantlıq düşüncəsinə böyük zərbə vurur.

Ümumiyyətlə, tarixdə baş vermiş müharibə cinayətləri digər topluma aid insanların irqi, cinsi, dini, siyasi münasibətlər zəminində tamamilə məhv edilməsi məqsədinə yönəlir. Xocalı soyqırımını törədən ermənilər də bu baxımdan tolerantlıq düşüncəsindən uzaq olduqlarını nümayiş etdiriblər. Eyni zamanda, Ermənistanda azərbaycanlılara aid mədəni-tarixi abidələrin, məscidlərin, qəbiristanlıqların dağıdılması milli-dini dözümsüzlüyün ifrat forması kimi diqqəti çəkir. Bu gün Ermənistan MDB məkanında ən monoetnik respublikalardan biridir - burada hətta rusların da normal yaşayışına imkan verilmir.    

Beləliklə, baş verən proseslər bu gün Avropanın özünün bəzi postsosialist dövlətlərindən tolerantlıq örnəyi götürməsinə ehtiyac olduğunu göstərir. Bu baxımdan, Azərbaycanda milli və etnik tolerantlıq baxımından mövcud vəziyyəti xüsusi qeyd etmək lazımdır. Hələ şəhər-dövlətlərin yarandığı ilkin dövrlərdən bu coğrafi məkanda müxtəlif etnoslar birgə yaşamış, uzun sürən mənasız qarşıdurma və müharibələrdən, toqquşmalardan sonra dinc və qarşılıqlı anlaşma şəraitində yaşamağın zəruriliyini dərk etmişlər. Eyni zamanda, Azərbaycan tarixən müxtəlif dövlətlərin işğalına, hücumlarına məruz qalmış, bu dağıdıcı proseslər nəticəsində fərqli mədəniyyətlərin təsiri, istər-istəməz, ictimai şüurda müəyyən izlər buraxmışdır. Yəni, bu ərazidə yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən asılı vəziyyətə düşmüş, yaranmış şərait onları, dünyagörüşlərindəki fərqlərə baxmayaraq, yaxınlaşmağa vadar etmişdir. Tədricən müxtəlif dinə, məzhəbə, dilə, mədəniyyətə malik insanların ümumi Vətəninə çevrilən Azərbaycanda tolerantlıq düşüncəsi getdikcə inkişaf etmişdir.

Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Əhalisinin tərkibi etnik, dini və məzhəb baxımından zəngin olan Azərbaycanda indiyədək dini və milli zəmində heç bir qarşıdurma baş verməmişdir. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.

Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nı təsdiq etmişdir. Hər bir demokratik cəmiyyətdə insan hüquqlarının qorunması və demokratikləşmə bu sahədə fəaliyyət göstərən təsisatların quruculuğuna, aidiyyəti problemlərin həllinə və zorakılığın qarşısının alınmasına yönəlmiş davamlı bir proses kimi dərk edilir. İnsan hüquqlarının müdafiəsi və demokratikləşmə spontan şəkildə həyata keçirilə və bu sahədə mövcud standartlar tətbiq olunmayana qədər lazımi səmərə verə bilməz. Milli Fəaliyyət Proqramının "İnsan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri"ndən bəhs edən dördüncü fəslin 4.11-ci maddəsində insan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi cinayətlərin qarşısının alınması, mədəniyyətlər və dinlərarası dialoqun uğurlarının təminatında tolerant münasibətin rolu xüsusi vurğulanır.

Xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm tərkib hissəsidir. Dövlət başçısı İlham Əliyevin milli mədəniyyətin və dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti müasir dövrün reallıqları ilə şərtlənir. Prezident İlham Əliyev bu günlərdə Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edərkən bildirmişdi: "Azərbaycan sivilizasiyaların dialoq işinə töhfə verməyə çalışır. Ölkəmiz müxtəlif dinlərin nümayəndələri arasında daha yaxşı anlaşmanın yaradılmasına xidmət edən çoxsaylı tədbirlər keçirir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir, bütün millətlərin və dinlərin nümayəndələri ölkəmizdə sülh, anlaşma şəraitində yaşayırlar.

Ölkəmizdə aparılan çoxmədəniyyətli dialoq müxtəlif dinlərə və mənşəyə malik olan insanlar arasında dinc birgəyaşayışın yaxşı nümunəsi kimi istifadə oluna bilər. Azərbaycan tolerantlıq ölkəsidir və biz keçmişin bu irsini yüksək dəyərləndiririk. Bu gün isə biz bütün xalqların və dinlərin nümayəndələri arasında tərəfdaşlıq və qardaşlıq ruhunu yaratmaq məqsədilə səylərimizi artırmağa çalışırıq".

Ümumilikdə müşahidələr göstərir ki, bu gün tolerantlıq prinsipinə ən böyük təhlükə Şərqdən deyil, məhz Qərbdən gəlir. Bir zamanlar belə bir təhlükəni qərəzli şəkildə islamla əlaqələndirməyə çalışan bəzi Avropa dövlətləri getdikcə özləri tolerantlıq prinsipinin ən böyük düşmənlərinə çevrilirlər. Fərqli fikir və düşüncəyə qarşı başlanmış "səlib yürüşü", ilk növbədə, bu geosiyasi arealda sivilizasiyalararası qarşıdurma meyillərini gücləndirir. Bunun "başağrısını" isə Avropa özü çəkməli olacaq.

 

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2012.- 16 may.- S. 4.