Sahibkarlığın
inkişafında yeni mərhələ
Müstəqilliyimizin ilk illərində - bazar iqtisadiyyatına keçid dövründə sahibkarlığın, özəl bölmənin inkişafı ciddi islahatlar tələb edirdi. İqtisadiyyatın bütün sahələrində dirçəlişin, inkişafın ən mütərəqqi yolları araşdırılır, bazar münasibətlərinin formalaşması üçün kompleks tədbirlər görülürdü. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda "Sahibkarlıq strategiyası və iqtisadi yenidənqurma" mövzusunda beynəlxalq konfrans keçirildi. Belə bir beynəlxalq tədbirin başlıca məqsədi Azərbaycanda sahibkarlığın inkişafına xarici investorları cəlb etmək idi.
Ulu öndərin zəmanətli, təminatlı nitqi xarici investorlarda öz sərmayələrinin, yardımlarının təhlükəsizliyinə tam inam yaratdı, onları daha güclü axınla ölkəmizə cəlb etdi. İqtisadi potensialın artımı, sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramlarının yerinə yetirilməsi üçün beynəlxalq təcrübədən faydalanmağı vacib sayan ulu öndər qətiyyətlə bildirirdi ki, sahibkarlıq bizim üçün ən mühüm amildir, buna görə də dövlət hər şey edəcəkdir ki, biz bu yolla gedə bilək. Sonrakı illərin təcrübəsi bir daha sübut etdi ki, ulu öndərin uzaqgörən, düşünülmüş siyasəti sahibkarlığın inkişaf mexanizminin düzgün tənzimlənməsində əsas meyara çevrildi. Daha doğrusu, bu sahəyə ciddi dövlət nəzarəti yarandı, qanunvericilik bazası daha da təkmilləşdirildi. Müəssisəmizin yeni yarandığı illəri yaxşı xatırlayıram. Onda sahibkarlara nəzarət edən dövlət orqanlarının çoxluğu işimizə mane olur, süni gərginlik yaradırdı. Bütün bunların qarşısını almaq üçün yenə də ulu öndər vəziyyətdən çıxış yolları aradı, 1996-cı ildə "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" fərman imzaladı. Əlbəttə, sahibkarları narahat edən problemlərin aradan qaldırılmasına ciddi təkan verən bu sənəd nəzarətin daha uyğun formalarda seçilməsinə şərait yaratdı. Vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması üçün dövlət səviyyəsində uğurlu addımlar atıldı. Hər bir sahibkar açıq-aydın hiss etdi ki, bazar iqtisadiyyatının inkişafı, tərəqqisi üçün potensial imkanlar açılıb, kiçik və orta sahibkarlığa əsl biznes mühiti yaradılıb. İş adamlarına kömək məqsədilə vergi münasibətləri də xeyli təkmilləşdirildi, sahibkarın vergi yükünün azaldılması üçün ilk tədbirlər görüldü. Bütün bunlar biznes qurumlarında işgüzar əlaqələrin genişlənməsinə, gəlirlərin artırılmasına şərait yaratdı.
Ulu öndərin 2002-ci ilin sentyabr ayında "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" fərmanı dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında olan irili-xırdalı problemlərin həlli yolunda əhəmiyyətli və dəyərli sənədə çevrildi. Elə həmin il Heydər Əliyev yerli sahibkarlarla görüş keçirərək problemləri onların öz dillərindən eşitmək istədi. Ulu öndər hər bir iş adamına şərait yaradırdı ki, üzləşdiyi problemləri yazılı və şifahi olaraq heç nəyi gizlətmədən bildirə bilsin. Belə görüşlərin nəticəsi yeni qanunvericilik aktlarının yaranmasına, təkmilləşməsinə səbəb olmaqla kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətində dönüş yaradırdı. Azərbaycan Prezidentinin fərmanı ilə ölkədə lisenziyalaşdırma sistemi də bir qədər sadələşdirildi, iş adamlarının xeyrinə təkliflər verildi. Elə həmin vaxtdan lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı səkkiz dəfə azaldılaraq otuza endirildi, lisenziyaların müddəti isə iki ildən beş ilə qədər uzadıldı. Əvvəllər sahibkarlıq fəaliyyətinə başlamaq üçün 15 prosedur üzrə sənəd toplanırdısa, müxtəlif nazirliklərə və dövlət qurumlarına müraciət olunurdusa, yeni qanuna əsasən, bu əməliyyatlar da sadələşdirildi. Artıq sahibkarlar biznesini qeydiyyatdan keçirmək üçün 72 gün deyil, 3 gün gözləyir, prosedurların sayı isə 5-ə qədər azaldılırdı. Artıq sahibkarlar öz sənədlərini Vergilər Nazirliyinə təqdim etməklə tam qeydiyyatdan keçə bilərlər. Nəzərdə tutulan bütün dəyişikliklər orta təbəqənin daha çevik və sürətli inkişafına təkan verir, özəl sektorun dinamikasında yeni mərhələnin başlanğıcını qoyur. O illərdə yaranan AĞDAĞ zavodu da yeni qanunvericilik bazasının imkanlarından maksimum faydalanmaqla ilk uğurlarını qazandı. Müəssisəmizin istehsal imkanları daha da artdı, MDB məkanında eyni təmayüllü istehsalat sahələri ilə əlaqələrimiz genişləndirildi. Bizim istehsal etdiyimiz AĞDAĞ gips məhsullarının sifarişçiləri məhsulun çeşidinin artırılmasını, istehsal potensialımızın genişləndirilməsini tələb edirlər. Buna imkanımız da var, yerli şəraitimiz də.
Özəl bölmənin inkişafına yaradılan imkandan faydalanmaqla maliyyə təminatının yeni mənbələrindən istifadə edirik. 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında" fərmanı sahibkarlığın inkişafına yaradılan maliyyə mənbələrinin həcmini genişləndirdi. Bunun nəticəsidir ki, biznes mühiti Azərbaycan iqtisadiyyatında öz çəkisini artırmaqla yeni uğurlar qazandı. Bu gün cəsarətlə deyə bilərik ki, ölkəmizdə sahibkarlıq üçün tam əlverişli şərait yaradılıb, iş adamlarının dövlət qurumlarından asılılığı nəzərəçarpacaq dərəcədə azaldılıb. Sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar öz nəticəsini verir. Biz qəti inanırıq ki, ulu öndər Heydər Əliyevin təminatlı siyasəti yeni şəraitdə daha uğurla inkişaf edəcək, uğurlarımızın sayı daha da artacaq.
Mais QASIMOV
Azərbaycan.- 2012.- 16 may.- S. 4.