Bakı “Eurovision-2012” Beynəlxalq
musiqi müsabiqəsini yüksək səviyyədə
keçirməyə hazırdır
Azərbaycanı "Eurovision-2011" musiqi müsabiqəsində müvəffəqiyyətlə təmsil edən Nigar Camal - Eldar Qasımov dueti birincilik qazanandan sonra növbəti tədbirə ev sahibliyi etmək Bakıya qismət oldu. Bundan sonra Bakıda həyata keçirilən tikinti, abadlıq, bərpa və yenidənqurma işləri daha geniş vüsət aldı. Bunun nəticəsidir ki, son bir il ərzində Bakının siması daha da gözəlləşib. Şərqlə Qərbin milli arxitektura elementlərini özündə ehtiva edən müasir binalar, obyektlər, hotellər tikilib, on minlərlə qonağı qarşılamaq üçün hazırlıq işləri başa çatdırılıb.
Bakının simvolu olan Qız qalasında, Şirvanşahlar sarayında, İçərişəhərdə, dənizkənarı ərazilərdə, tarixi abidə hesab olunan digər binalarda aparılmış bərpa-abadlıq və yenidənqurma işləri tarixi-mədəni irsimizlə müasir dəyərlərimiz arasında özünəməxsus harmoniya yaradıb. Dünya standartlarına uyğun qurulan magistral yollar, yol qovşaqları, körpülər, yeraltı və yerüstü keçidlər, müasir inzibati binalar, çoxmərtəbəli yaşayış evləri, yeniləşən Dənizkənarı bulvar, yaz çiçəklərinə bürünən küçələr, prospektlər, meydanlar, bağlar, parklar, istirahət guşələri bayram libasına bürünüb.
Gündən-günə cavanlaşan Dənizkənarı bulvar, mavi Xəzərin göy sularını çıraqban edən Bakı gecələri indi daha cazibədar, daha romantikdir. Bu günlər Bakı həmişəkindən daha çox Avropa ölkələrinin diqqət mərkəzindədir. Xarici ölkələrdən gələn nümayəndələr müasir Bakının necə tikildiyini öz gözləri ilə görür, xalqımızın tarixi və mədəniyyəti ilə əyani olaraq yaxından tanış olurlar. Rusiya mətbuatının verdiyi məlumata görə, "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsi ilə əlaqədar may ayında Rusiyadan Azərbaycana gələn turistlərin sayı əvvəlki illərə nisbətən 10 dəfə artacaq.
Son vaxtlar Bakıda yeni mehmanxanalar istifadəyə verilib: "Kempinski-Badamdar", "Hilton-Bakı", "Jumeyrah Bilgəh" və "Mariott-Abşeron". Dünyanın məşhur hotel brendlərindən olan bu mehmanxanaların adları burada göstərilən xidmətlərin yüksək səviyyədə olduğundan xəbər verir. Bu günlərdə daha iki beşulduzlu - "Four seasons" və "Fairmont" mehmanxanaları qapılarını qonaqların üzünə açacaq. Artıq müsabiqədə iştirak edəcək dövlətlərin nümayəndələri Bakıya gəliblər. Gözlənilən nümayəndə heyətlərinə əvvəlcədən təklif olunmuş çoxsaylı hotellərdə öz seçimlərinə əsasən otaqlar müəyyənləşdirilib.
Müsabiqənin keçiriləcəyi "Baku Crystal Hall" kompleksi optik rabitə ilə təmin edilib. "Baku Crystal Hall"ın yaxınlığında inşa olunan 5 min kvadratmetr ərazini əhatə edən Mətbuat mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə yüksək sürətli WI-FI sistemi quraşdırılıb. Burada 1500-dən artıq yerli və xarici jurnalistin eyni vaxtda işləməsinə hər cür şərait yaradılıb. Mətbuat mərkəzində eyni vaxtda 500 jurnalistin iştirak edə biləcəyi konfrans zalı da fəaliyyət göstərir. Müsabiqə ilə bağlı suvenir və xatirə əşyaları hazırlanıb, məlumat mərkəzləri yaradılıb.
Bakıya gələn rəsmi qonaqların və turistlərin avtobus və taksilərlə daşınması ilə bağlı hərəkət sxemləri, xüsusi taksi dayanacaqları və sərnişin daşımalarının tənzimlənməsi məqsədilə dispetçer məntəqələri təşkil edilmişdir.
Bir sözlə, "Eurovision-2012" musiqi yarışması ilə əlaqədar Bakıda görülən işlər zövq oxşayır. Gələn qonaqların xalqımızın milli mentalitetinə uyğun qonaqpərvərliklə qarşılanması və rahatlığı baxımından ölkə rəhbərliyi bütün lazımi işləri yüksək səviyyədə həyata keçirib.
"Eurovision-2012" beynəlxalq mahni müsabiqəsinin təşkilat komitəsinin sədri, Heydər Əlyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ölkəmizin mahni müsabiqəsinə hazırlığı ilə bağlı mətbuata açıqlamasında demişdir: "İştirakçıların, qonaqların, tamaşaçıların əksəriyyəti üçün bu, bizim ölkə ilə ilk görüş olacaqdır və mən əminəm ki, qarşıdakı müsabiqədə çox adamın Azərbaycanı daha yaxşı tanımasına, onun tarixi və mədəniyyəti ilə tanış olmasına kömək edəcəkdir".
"Eurovision" mahnı müsabiqəsinin rəhbərliyi, Avropa Yayımları Birliyi (EBU) və ümumiyyətlə, dünya ictimaiyyəti tərəfindən bu tədbirə hazırlıq işləri yüksək qiymətləndirilmişdir. Şouların keçiriləcəyi "Baku Crystal Hall", burada KİV üçün təşkil edilmiş Mətbuat mərkəzi, müsabiqənin "EuroClub", "EuroVillage" məkanları, yarışmanın rəsmi Fanklubunun fəaliyyəti möhtəşəm tədbirin yüksək səviyyədə keçiriləcəyinə əsas verir.
Bakı həmişə beynəlxalq tədbirləri yüksək səviyyədə keçirib. İnanırıq ki, bu dəfə də belə olacaq. "Eurovision-2012" bizlərə və qonaqlara unudulmaz anlar yaşadacaq və xaricdən gələnlər ölkəmizdən ən xoş təəssüratlarla ayrılacaqlar.
Rəhman SALMANLI
Azərbaycan.- 2012.- 16 may.- S. 5.