Eurovision-2012 mahnı müsabiqəsinin iştirakçıları Bakı səhnəsində ilk məşqlərini uğurla davam etdirirlər

 

"Baku Crystal Hall" Avropanın ən gözəl səhnələri ilə müqayisə olunacaq bir səviyyədədir

 

"Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi "Baku Crystal Hall" artıq bir neçə gündür ki, öz bənzərsiz səhnə tərtibatı ilə yarışma iştirakçılarını heyrətləndirməkdədir. Bu məkanda ilk məşqlərini keçirən müxtəlif ölkələrin təmsilçiləri mətbuat konfransında "Baku Crystal Hall"ın qeyri-adi tərtibatından, Bakıda qarşılaşdıqları mehriban və səmimi münasibətdən ürək dolusu danışırlar.

AzərTAc xəbər verir ki, mayın 14-də "Baku Crystal Hall" səhnəsinə ilk olaraq İsrailin "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi "İzabo" qrupu çıxmışdır. Bu möhtəşəm səhnədə ilk məşqini keçirən qrup poporiyental tərzdə olan "Time" mahnısını ifa etmişdir.

"Baku Crystal Hall"ın növbəti qonağı San Marino təmsilçisi Valentina Monetta olmuşdur. Təmsilçi ilk məşqdə müsabiqə mahnısını ifa etmişdir. Valentina Monetta 1984-cü ildə doğulmuşdur. Musiqi fəaliyyətinə 2002-ci ildə başlamışdır. "Tiberio", "Parafunky" qrupu digər istedadlı musiqiçilərlə əməkdaşlıq etmişdir. Caz musiqisinə həvəs göstərən Valentina Monetta 2006-cı ildə "Waves of Love" "VAİ" mahnıları ilə müvəffəqiyyət qazanmışdır.

"Məqsəd qalib olmaq deyil, Azərbaycanı tanımaqdır". Bu sözləri isə Bakı səhnəsində ilk məşqini keçirən Kipr təmsilçisi İvi Adamou demişdir. "Sose me" mahnısı ilə daha çox məşhurlaşan Kipr təmsilçisi Bakı səhnəsində "La la love you" mahnısı ilə çıxış edəcəkdir. İfası haqqında məlumat verən təmsilçi bildirmişdir ki, bu cür mahnılara həyatımızda hər zaman ehtiyac vardır. O, "La la love you"nun hərəkətli mahnı olduğunu demişdir.

Müğənni bildirmişdir ki, əlimizdən gələni edəcəyik. Əylənmək, digər ölkələrin insanlarını tanımaq istəyirik. İvi Adamou özünü çox xoşbəxt hiss etdiyini müsabiqənin nəticələri barədə düşünmədiyini diqqətə çatdırmışdır. Məqsədinin Azərbaycanda onun paytaxtında maraqlı vaxt keçirmək, gözəl təəssüratlar yaşamaq olduğunu deyən kiprli təmsilçi, mahnısındakı kimi, bütün pərəstişkarlarına "La la love you" deyə səslənmişdir.

 "Baku Crystal Hall"un geniş işıqlı olduğunu vurğulayan Kipr təmsilçisi bildirmişdir ki, Bakı səhnəsi məhz xəyalımda yaratdığım bir məkandır. Bu səhnədə bol tamaşaçı qarşısında çıxış etməkdən xoşbəxt olardım.

Danimarka təmsilçisi Soluna Samay da məşqinə böyük həvəslə başlamışdır. Müğənni Bakı səhnəsində "Should have known better" ("Daha yaxşı tanınmalı idi") mahnısı ilə çıxış edəcəkdir. 1990-cı ildə anadan olmuş Soluna Samay musiqi karyerasına "Sing Out Loud" musiqi albomu ilə başlamışdır.

Mətbuat konfransında ilk dəfə beş yaşında səhnəyə çıxdığını deyən Danimarka təmsilçisi Avropanın əksər səhnələrində mahnılar səsləndirdiyini bildirmişdir. Vurğulamışdır ki, "Baku Crystal Hall" Avropanın ən gözəl səhnələri ilə müqayisə olunacaq bir səviyyədədir.

Azərbaycanı çox sevdiyini deyən Danimarka təmsilçisi Bakının Xəzər dənizinin sahilində yerləşməsinin paytaxtımıza əsrarəngiz bir gözəllik bəxş etdiyini diqqətə çatdırmışdır.

"Yarışmada Rusiya qələbə qazanacağı halda "Eurovision" müsabiqəsini nəinki Udmurtiyada, hətta Buranovo kəndində keçirməyə hazırdır" fikrini isə ilk məşqdən sonra keçirdikləri mətbuat konfransında Rusiyanın "Buranovskiye babuşki" qrupunun üzvləri səsləndirmişlər.

"Eurovision-2012" yarışmasında "Party for Everybody" mahnısı ilə çıxış edəcək "Buranovskiye babuşki" qrupunun mətbuat konfransı bütün jurnalistlərin böyük rəğbətini qazanmışdır. İndiyədək heç bir ölkə təmsilçisi bu cür maraqla qarşılanmamışdır.

Rusiyalı nənələr Azərbaycanda olmalarından məmnunluqlarını ifadə etmiş, Bakını çox gözəl şəhər kimi xarakterizə etmişlər. Onlar qeyd etmişlər ki, qrup üçün əsas məqsəd müsabiqədə qələbə qazanmaq deyil, iştirak etməkdir.

"Buranovskiye babuşki" "Eurovision-2012" müsabiqəsinin keçiriləcəyi müddətdə şəhərdən kənarda yaşayacaqlarına aydınlıq gətirmişlər. Onlar demişlər: "Biz dəniz görmək istəyirik. Çünki Udmurtiyada dəniz yoxdur. Həm biz səs-küydən uzaq olmaq sakit bir mühitdə yaşamaq istəyirik".

Rusiya təmsilçiləri Azərbaycan dilində mahnı oxuyacaqlarına söz vermişlər. Bildirmişlər ki, hələlik Azərbaycan dilində mahnının sözlərini öyrənirlər.

Macarıstanın "Compact Disco" rok qrupunun da məşqləri uğurlu olmuşdur. Macarıstan təmsilçiləri 57-ci "Eurovision" mahnı müsabiqəsində ölkələrini birlikdə yazdıqları "Sound of our hearts" mahnısı ilə təmsil edəcəklər. Macarıstanın "Compact Disco" rok qrupu 2008-ci ildə yaradılmışdır.

Avstriyanın "Trackshittaz" qrupu Bakı şəhərində ölkəsini "Woki Mit Deim Popo" ("Shake Your Ass") mahnısı ilə təmsil edir. 2010-cu ildə yaranmış qrupun üzvləri Lukas Plyoxl Manuel Hoffelknerdir. Onların indiyədək dörd musiqi albomu işıq üzü görmüşdür.

Özünəməxsusluğu ilə fərqlənmiş Avstriya təmsilçilərinin mətbuat konfransında qonaqlar ən ucqar bir şəhərdən gəldiklərini, belə bir önəmli yarışmada ölkələrini təmsil etmələrindən qürur duyduqlarını müsabiqədə möhtəşəm bir şou nümayiş etdirəcəklərini bildirmişlər.

Qrupun üzvləri bildirmişlər ki, yarışmada digər ölkə təmsilçiləri kimi, onların da məqsədləri qələbə qazanmaqdır.

Bakıda keçirilən "Eurovision" yarışmasında iştirak etmək hüququ qazanmaq üçün əllərindən gələni etdiklərini deyən müğənnilərin mətbuat konfransı özünəməxsus şou ilə keçmişdir.

 "Eurovision-2012" mahnı müsabiqəsində Moldovanı təmsil edən bəstəkar müğənni Paşa Parfeni  1986-cı il mayın 30-da dünyaya göz açmışdır. Moldovalı təmsilçi "Slavyan bazarı" "Mamaia-2009" mahnı müsabiqələrinin qalibi olmuşdur. Paşa Parfeni "Eurovision-2012" mahnı müsabiqəsində "Lautar" adlı mahnısı ilə çıxış edəcəkdir.

 Jurnalistlər qarşısında doğma dilində mahnı ifa edən müğənni demişdir: "Azərbaycanda olmaqdan çox məmnunam. Ölkəniz xoşuma gəldi". Musiqi sahəsində bir çox mükafatlara layiq görüldüyünü deyən ifaçı "Eurovision"da iştirak etməyin başqa bir duyğu olduğunu etiraf etmişdir: "Mənim məqsədim burada olmaq idi. "Eurovision" məhz mənim iştirak etmək istədiyim bir müsabiqədir".

"Baku Crystal Hall"da İrlandiya təmsilçisinin ilk məşqi bu məkanda günün son ifası olmuşdur. İrlandiyanı 57-ci "Eurovision" mahnı müsabiqəsində təmsil edən əkiz qardaşlardan ibarət "Jedward" qrupu "Waterline" mahnısı ilə çıxış edəcəkdir. Qardaşlar milli seçimlərdə həm tamaşaçıların, həm münsiflərin rəyi əsasında 114 səslə qalib olmuşlar. "Jedward" pop-dueti Con Edvard Qrayms qardaşlarından ibarətdir. Bu əkiz qardaşlar 1991-ci il oktyabrın 16-da Dublində anadan olmuşlar. Qardaşların indiyədək iki musiqi albomu işıq üzü görmüşdür.

Əkiz qardaşlar Bakıda olmalarından çox böyük məmnunluq ifadə etmiş, burada gördükləri tarixi-memarlıq müasir üslublu binalara heyranlıqlarını gizlədə bilməmişlər. Xüsusilə "Alov qüllələri", Qız qalası təbii ki, "Baku Crystal Hall"un gözəlliyindən, işıq effektlərindən danışan qardaşlar "Eurovision" müsabiqəsinə böyük önəm verdiklərini diqqətə çatdırmışlar.

Müsabiqədə hər kəsi özlərinə rəqib hiss etdiklərini deyən əkiz qardaşlar birincilik uğrunda gərgin mübarizə aparacaqlarını vurğulamışlar.

Mayın 15-də isə "Baku Crystal Hall"da Serbiya, Makedoniya, Niderland, Malta, Belarus, Portuqaliya, Ukrayna və Bolqarıstan təmsilçiləri ilk məşqlərini keçirib, o cümlədən Azərbaycan ilə bağlı özlərinin ilkin təəssüratlarını bölüşüblər.

 

 

Azərbaycan.- 2012.- 16 may.- S. 5.