“Eurovision-2012” mahnı müsabiqəsi çərçivəsində
yeni formatda Bakı şəhər avtoturu
başlanmışdır
Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision-2012" mahnı müsabiqəsi çərçivəsində mayın 15-də yeni formatda Bakı şəhər avtoturu başlanmışdır. Mədəniyyət və Turizm və Nəqliyyat nazirliklərinin birgə təşkil etdikləri avtotur Azadlıq meydanından start götürmüşdür.
Üzərində "Baku City Tour" yazılmış ikimərtəbəli avtobuslar vasitəsilə paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına müəyyən olunmuş marşrut üzrə əyani surətdə Bakının görməli yerləri, tarixi abidələri və müasir tikililəri barədə məlumat veriləcəkdir.
İlk turda tələbələr və ölkəmizin aparıcı KİV-lərinin əməkdaşları iştirak etmişlər. Dünya standartlarına cavab verən müasir ikimərtəbəli avtobuslarda monitorlar, sanitar qovşağı və havalandırma sistemi quraşdırılmışdır. Paytaxtımızın qonaqlarına yol boyu rus və ingilis dillərində səsucaldıcı vasitəsilə hazırda olduqları ərazi barədə məlumat verilmişdir. Üç saat əlli dəqiqə davam edən tur yenidən Azadlıq meydanında başa çatmışdır. Tur zamanı avtobuslar paytaxtımızın müxtəlif yerlərində dayanmış və iştirakçılar üçün ekskursiya təşkil olunmuşdur.
Yeni turun "Eurovision-2012" mahnı müsabiqəsi üçün hazırlandığını diqqətə çatdıran mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov paytaxt sakinlərinin turdan müsabiqədən sonra da istifadə edə biləcəklərini söyləmişdir. Nazir müavini qeyd etmişdir ki, "Eurovision-2012" mahnı müsabiqəsi çərçivəsində mayın 15-dən 30-dək paytaxtımızın sakinləri və qonaqları üçün avtoturdan istifadə pulsuz olacaqdır. Müsabiqədən sonra isə turun ödənişli olması nəzərdə tutulur ki, bunun da qiyməti yüksək olmayacaqdır. Gün ərzində Azadlıq meydanından saat 10:00-dan 16:00-dək hər saatdan bir avtotur həyata keçiriləcəkdir.
AzərTAc
Azərbaycan.- 2012.- 16 may.- S. 5.