Qızıl əbədiyyət
çələngi
(Böyük Nobellər ailəsi və
onların təsis etdiyi mükafatlar barədə mülahizələr)
AzərTAc Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayevin böyük Nobellər ailəsi və onların təsis etdiyi mükafatlar barədə məqaləsini təqdim edir.
Üçüncü minillikdə də başa çatan hər ilin son ayında Stokholmdan maraqlı xəbərlər gözləyirik. Görəsən, bu dəfə bəşər nümayəndələrindən kimi yaxşıların ən yaxşısı hesab edəcəklər? Ulu Tanrının yaradıcılıq dühası bəxş etdiyi bəndələrindən hansı bu planetdə həyatın təkmilləşdirilməsinə və tərəqqiyə inqilabi töhfələr verə bilmişdir? Kimin adı bəşər tarixinin salnaməsinə həmişəlik yazılacaqdır? Obrazlı şəkildə desək, görəsən, şöhrət, xatirə və ölməzlik çələngi kimə qismət olacaqdır?
Əslində, bizim burada istifadə
etdiyimiz obrazlı ifadələr bəşəriyyətin təkmilləşməyə
doğru bir addım atmasına öz fəaliyyəti ilə
imkan vermiş müxtəlif şəxsiyyətlərin
uğurlarının qlobal miqyasda etiraf edilməsindən ibarət
olan yüksək mənanın yalnız metaforik ifadə formasıdır.
Təbii ki, burada söhbət dəfnə çələngindən
deyil, yüksək əyarlı qızıl medaldan gedir. Bu
medalın üzərində olduqca sadə və eyni zamanda,
görkəmli, fenomenal bir insan olan Alfred Nobelin şəkli həkk
olunmuşdur. Bax bu məqamda biz qürur hissi ilə
qeyd etməliyik ki, bu medalın parlaq
işığının iki mühüm tərkib hissəsi
vardır. Şübhəsiz, bunlardan birincisi, Nobelin
özünün dühası, ikincisi isə karbohidrogenlərlə
çox zəngin olan bizim doğma Bakı
torpağıdır. Bunlar bir-birini tamamlayır və biri
olmasaydı, o biri də olmazdı. Burada heç bir mübaliğə
yoxdur...
Alfred Bernhard Nobel hələ 9 yaşında ikən
Rusiya imperiyasına gəlmiş və uzun müddət burada
yaşamışdır. O, rus dilini və öz parlaq taleyinin qismətindən,
yaşayıb-yaratmalı olduğu ölkələrin
xalqlarının ləhcələrini çox yaxşı
bilirdi. O, fransız, alman və ingilis dillərində ana dilində
olduğu kimi sərbəst danışırdı. Təbii ixtiraçılıq istedadı kimi,
poliqlotluq da onun üçün tamamilə təbii hal idi.
İsveç və Norveç Kralı İkinci Oskarın
kamergeri Arne Ulof Svensonun gündəliyində belə bir qeyd
var: "...Zati-aliləri Ryudbeklər nəslindən olan cənab
Nobel ilə də uzun müddət söhbət etdi. Söhbət zamanı Nobel bir dildən digərinə
çox asanlıqla keçirdi. Zati-aliləri
bu məqamı qeyd edəndə Ryudbeklər nəslindən
olan Nobel hələ Qafqaz tatarlarının (azərbaycanlıların
- müəllif) dilini də bilməsi ilə öyünmək
fürsətini əldən vermədi. Orada o, iyli qara
maye sayəsində Krez şöhrəti
qazanmışdı..."
Monarxın kamergerinin gündəliyindəki bu qeydin məzmunundan
görünür ki, o, Ryudbeklər nəslindən olan Alfred
Nobeli xoşlamırmış, "iyli qara maye" dedikdə
isə, aşkardır ki, Bakı neftini nəzərdə
tuturmuş. Burada biz onunla mübahisə edə bilərik.
Nobel Bakıya gələndə artıq imkanlı adam idi.
Alfred də atası kimi kimya ilə maraqlanırdı və
tezliklə özünün ilk, o vaxtlar
yazıldığı kimi, "epoxal ixtirasını"
etmişdir. Söhbət "Nobel partladıcısı"ndan
gedir. Sonra o dinamit, tüstüsüz
barıt ixtira etmiş, nitroqliserini partlayıcı maddə
kimi təkmilləşdirmişdir. Bununla əlaqədar
xüsusi qeyd etmək istərdik ki, o öz yeniliklərini
yaradarkən, ilk növbədə, onlardan dinc məqsədlər
üçün istifadə edilməsi barədə
düşünürdü. Bu yeniliklər
şaxtalar, yollar və tunellər tikintisi işində
dönüş yaratmalı idi. A.Nobel sintetik materiallar
istehsalı sahəsində də çalışmış
və o vaxtlar yeni yaranmaqda olan rabitə sistemləri
üçün çox iş
görmüşdür. Onun aktivində 355
patentləşdirilmiş ixtira vardı.
Eyni zamanda, o, gərgin sahibkarlıq fəaliyyəti ilə
məşğul olurdu. Nobel bu sahədə özünü
çox mürəkkəb və hərtərəfli şəxsiyyət
kimi göstərmişdir. Bakıdakı
Nobel Qardaşları Ortaqlığının üzvü kimi
əvvəllər malik olduğundan qat-qat çox sərvət
toplamışdı. Onun Almaniya, İngiltərə,
İtaliya, Fransa və İsveçdə laboratoriyaları
vardı. Ömrünün axırlarında onun
imperiyası dünyanın 20 ölkəsində təqribən
90 şirkət və müəssisəni əhatə edirdi.
Nobel
Rusiyanı tərk edəndən sonra bir müddət Stokholmda
yaşamış, sonra isə Parisə köçmüş
və uzun müddət orada yaşamışdır.
Ölümündən 1 il əvvəl, 1895-ci il noyabrın
27-də Parisdə qeyri-adi bir vəsiyyətnamə tərtib etmişdir.
Bu vəsiyyətnamə elan ediləndən sonra onun
doğurduğu effekt Nobelin özünün
yaratdığı dinamitin günün günorta vaxtında
partlaması nəticəsində yaranan effektə
oxşayırdı. Bütün dünya heyrət içində
idi. Nobel özünün bütün daşınmaz əmlakını
satmağı, əldə edilmiş vəsaitdən fond
yaratmağı və qazandığı bütün
kapitalı "təhlükəsiz qiymətli
kağızlara" çevirməyi vəsiyyət
etmişdir. Bəri başdan deyək ki, indi onun fondundakı
kapital təqribən 400 milyon İsveç kronuna bərabər
məbləğlə ifadə olunur.
Nobel vəsiyyətnamədə
öz əli ilə yazmışdı ki, həmin kapitaldan
yaranan gəlir "hər il əvvəlki ildə bəşəriyyətə
ən böyük fayda gətirmiş insanlar arasında
mükafatlar şəklində
bölüşdürülsün... fizika və kimya sahəsində
mükafatlar İsveç Akademiyası tərəfindən,
fiziologiya və təbabət sahəsində işlərə
görə mükafatlar Stokholmdakı Karolina İnstitutu tərəfindən,
ədəbiyyat üzrə mükafat Stokholm Akademiyası tərəfindən,
sülh uğrunda mübarizəyə görə mükafat isə
Norveç Stortinqinin seçdiyi 5 nəfərdən ibarət
komitə tərəfindən veriləcəkdir".
Məlum
olduğu kimi, Nobel mükafatlarının təqdim edilməsi
mərasimi, ənənəyə görə, dekabrın 10-da,
Alfred Nobelin ölüm günündə, hərtərəfli
işlənib hazırlanmış ssenari üzrə
keçirilir. Demək olar ki, bütün dünya bu mərasimi
izləyir. Lakin qeyd etmək lazımdır ki, Nobellər ailəsi,
konkret desək, Nobel qardaşlarının böyüyü
Lüdviq, sonra isə onun oğlu Emmanuel də mükafatlar təsis
etmişlər. Bir məqamı qeyd edək: bu
mükafatların hamısı eyni dəyərə malik idi və
onların vahid stimul ideyası vardı - planetin texniki tərəqqisini
maddi və mənəvi cəhətdən təşviq etmək.
Mükafatların maddi tərəfi Nobellər tərəfindən
Bakı neft yataqlarının istismarı hesabına əldə
edilmiş kapitaldan ibarət idi. İsveçli tarixçi və
maliyyəçi E.Bergenqren obyektiv mövqedən
çıxış edərək yazır: "...Rusiya Nobellərinin
məhz vəsaitlərin müəyyən hissəsinin,
xüsusən Bakı neft mədənlərinin istismarı nəticəsində
toplanmış vəsaitlərin Nobel Mükafatları Fonduna
köçürülməsi barədə qərarı
ümumiyyətlə Nobel mükafatlarının yarana bilməsində
həlledici amil olmuşdur".
Azərbaycanın
ikinci neft bumu dövrünü yaşadığı indiki
vaxtda respublikamızda neft işinin inkişafında Nobel
qardaşlarının rolunu yada salmamaq çətindir. Bir əsrdən
çox bundan əvvəl Binəqədi neft
yatağının sənaye miqyasında istismarı məhz
Nobel qardaşları tərəfindən
başlanmışdır.
1896-cı
ildə onlar tarixdə ilk dəfə olaraq zərbə-kanat
üsulu ilə dərinliyi 403 metr olan 1004 nömrəli neft
quyusunu qazmışdılar. O dövr üçün bu dərinlik
rekord göstərici idi. Xüsusi qeyd etmək lazımdır
ki, qazma avadanlığını Nobel qardaşları özləri
yaratmışdılar. Bu avadanlıq Azərbaycanda neft
maşınqayırma sahəsinin yaranmasının əsasını
təşkil etmişdir. Buna görə də Nobel
qardaşlarının bizim Bakı şəhəri
qarşısında xidmətlərini yada salmamaq olmaz. Bu, ilk
növbədə Alfred Nobelə aiddir. Azərbaycan
paytaxtının ən uzun və gözəl küçələrindən
birinə onun adı verilmişdir. Bundan əlavə, qədirbilən
bakılılar Nobel qardaşlarının "Villa
Petrolea" ofisinin binasını da qoruyub saxlamışlar.
Bununla əlaqədar 1996-cı il avqustun 24-də
Bakının köhnə mədən ərazisi olan Bayıl
qəsəbəsində Azərbaycan Beynəlxalq Əməliyyat
Şirkətinin (ABƏŞ) ofisinin
açılışında şirkətin prezidenti Terri
Adamsın çıxışı yada düşür.
O
demişdir: "Biz öz ofisimizi "II Villa Petrolea"
adlandırmışıq. Bu onu göstərir
ki, Azərbaycanın neft sənayesinin ənənələri
qədim tarixə malikdir. Əvvəlki
"Villa Petrolea" Nobellər ailəsinə mənsub idi və
bu bina Qaraşəhərdəki gözəl parkda indiyə qədər
qorunub saxlanmışdır. Nobel
qardaşlarının və Azərbaycan mühəndislərinin
neft texnologiyası sahəsində uğurları və nailiyyətləri
hələ də istifadə edilir və bu gün bütün
dünyada məlumdur. Bakı haqlı
olaraq dünya neft sənayesinin paytaxtı hesab edilir. Nobellər ailəsi maarifçilik tərəfdarları
olmuş, həmişə azərbaycanlılara qayğı
göstərmiş və onları qiymətləndirmişdir.
Biz ümid edirik ki, indi ABƏŞ bu ənənələri
davam etdirəcəkdir".
Prezident
Heydər Əliyev həmin mərasimdə yekun sözündə
demişdir: "Azərbaycanın gözəl binalarından
biri, indi önündə toplaşdığımız bu bina
konsorsiumun - Beynəlxalq Əməliyyat Şirkətinin sərəncamına
verilibdir. Cənab Terri Adams mənə bildirdi
ki, onlar bu binanı təmir ediblər, modernləşdiriblər,
dediyi kimi, Azərbaycan rəssamlarının əsərləri
ilə bəzəyiblər və bu gün bizi binanın
açılışına dəvət ediblər. Bu binanın adını "Villa Petrolea" qoyublar
və mənə verilən izahatdan belə başa
düşdüm ki, "II Villa Petrolea" vaxtilə Nobel
qardaşlarının ofisinin adı olubdur. Azərbaycanın neft sənayesində Nobel
qardaşlarının gördükləri işlər ölkəmizin
tarixinə həkk olubdur və bunu biz bu gün də
xatırlayırıq. O işlər XIX əsrin son
dövründə başlanmışdısa, indi müstəqil
Azərbaycan Respublikasının dünyanın böyük
neft şirkətləri ilə əməkdaşlığı
XX əsrin sonunda başlayıbdır. Şübhəsiz
ki, bugünkü işlər bir əsr bundan öncə
görülən işlərdən bütün xüsusiyyətlərinə
görə qat-qat fərqli olmalıdır".
Məhz o vaxt Heydər Əliyev tədbir
iştirakçılarının məhdud dairəsində
çox maraqlı bir fikir söyləmişdir. Bizim
bugünkü mülahizələrimiz həmin fikirlə
bağlıdır.
Ulu
öndər demişdir: "Açığını deyim
ki, mən bəlkə də bilmirəm, lakin Bakıda Nobel
mükafatına layiq görülmüş neft mütəxəssislərinin
adları yadıma düşmür..."
Prezident bu sözləri tam səmimi deyirdi. Onunla işləyənlərin
hamısı yaxşı bilirdi ki, o həmişə
iştirak edəcəyi hər bir tədbirin mövzusunun əhatə
dairəsini çox diqqətlə öyrənirdi. Doğrudan da, biz nə qədər
çalışsaq da, Nobel mükafatı laureatlarının
bütün siyahısında, belə demək
mümkündürsə, xalis neftçi adları tapa bilmərik.
Belə laureatlar üç nəfər
olmuşdur, lakin onların hamısının neft işinə
dolayısı ilə aidiyyəti olmuşdur. Hərçənd,
Bakı Neft İstehsalı Ortaqlığının banisi və
rəhbəri Lüdviq Nobelin xatirəsinə təsis
edilmiş mükafatın əsasnaməsində hərfən
bu sözlər yazılmışdır: "Metallurgiya və
neft sənayesi üzrə ən yaxşı əsərə
və ya tədqiqata görə ... və ya bu istehsalatların
texnikasında hər hansı görkəmli ixtira və ya təkmilləşdirmələrə
görə verilsin".
Mükafatın 5 ildə bir dəfə verilməsi
planlaşdırılırdı. A.Stepanov "Lampalar nəzəriyyəsinin
əsasları" (kerosin lampaları nəzərdə
tutulurdu) işinə görə; V.Baskakov yaşayış
evlərinin və dəmirçi kürələrinin
qızdırılmasında "Neftin mükəmməl
yanması" probleminin həllinə görə; A.Nikiforov
neftdən aromatik karbohidrogenlərin ayrılması metodunun
işlənib hazırlanmasına görə bu
mükafatın ilk laureatları olmuşlar. Yalnız beş ildən sonra - 1909-cu ildə Emmanuel
Lüdviqoviç Nobel neftçıxarma və neft emalı
texnikasına və ya ona yaxın elmlərə, məsələn,
geologiyaya həsr edilmiş əsərlərə görə
illik mükafat təsis edəndən sonra birinci Nobel
laureatı bakılı neftçi-kimyaçı Viktor Gerr
olmuşdur.
Təəssüf ki, indi həmin mükafat tamamilə
unudulmuşdur.
Hərçənd, tarixi reallıq belədir
ki, Nobelləri bu mükafatları təsis etməyə
ruhlandırmış əsas amil olmuş ilk YÜKSƏK
TEXNOLOGİYALAR məhz NEFT İŞİNƏ aid idi.
Orijinal mühəndis qərarları sayəsində sürətlə
inkişaf etməkdə olan neft hasilatından əldə edilən
gəlirlərin kifayət qədər artması, Nobel Fondunun
elmin və həyatın başqa sahələrini - fizika, kimya, təbabət və
fiziologiya, ədəbiyyat, sülhün möhkəmlənməsi
üzrə fəaliyyəti və nəhayət,
iqtisadiyyatı da dəstəkləməyə imkan
vermişdir. Yeri gəlmişkən, sonuncu
mükafat - iqtisadiyyatda nailiyyətlərə görə verilən
mükafat İsveç Dövlət Bankının təşəbbüsü
sayəsində nisbətən yaxın vaxtlarda, 1968-ci ildə
təsis edilmişdir. Neftçıxarma və
neft emalı texnikasına həsr edilmiş əsərlərə
gəldikdə isə, nə qədər qəribə olsa da,
onlar zəruri stimullaşdırmadan kənarda qalmışlar.
Buna baxmayaraq, Fondun bu məsələyə
lazımınca diqqət yetirməməsinə rəğmən,
məhz neft sənayesində tətbiq edilən yüksək
texnologiyalar çox cəhətdən bütün planetdə
elmin sürətli inkişafını təmin etmişdir.
XX əsrin ikinci yarısında həqiqətən
inqilabi xarakterli elmi və mühəndis-texniki dəyişikliklər
nəticəsində neft sənayesi, belə bir müqayisə
aparmaqdan çəkinməyərək, mükəmməllik
həddinə yaxınlaşmışdır. Fundamental elmi
araşdırmaların nəticələri nəşr
edilmiş, neftçıxarma, maili qazma, dənizin əvvəllər
təsəvvürə gətirilməyən ucsuz-bucaqsız ənginliklərində
karbohidrogen yataqlarının mənimsənilməsi
texnikasının ən yeni metodları işlənib
hazırlanmışdır. Bütün
bunlar ilk dəfə Azərbaycanın təbii neftli-qazlı
sahələrində və Xəzər dənizinin Bakıya
bitişik şelfində yaranmış və tətbiq
edilmişdir. Burada hələ keçən əsrin 50-ci illərində
Bakıdan 100 kilometr məsafədə açıq dənizdə
sütunlar üzərində şəhər
salınmışdır. "Neft
daşları" adlanan bu şəhər indi də fəaliyyət
göstərir. Keçən əsrin 70-ci illərində
burada üzən qazma qurğusu (ÜQQ) yaradılmış və
dənizə buraxılmışdır... Bundan əlavə,
bir məsələni də yada salmaya bilmərik ki, bizim
inkişaf etmiş neftçıxarma və neftayırma sahələrimiz,
görkəmli milli alim və mütəxəssislərimiz
olmasaydı, faşizm üzərində Qələbə bəlkə
də mümkün olmazdı. Müharibə
illərində cəbhəyə göndərilən
yanacağın 80 faizdən çoxunu Bakı verirdi. Dünya şöhrətli azərbaycanlı alim
Yusif Məmmədəliyev isə müharibənin o
ağır dövründə yüksək oktanlı benzin və
məşhur "Molotov kokteyli" ixtira etmişdi.
Marşal
G.Jukov faşizm üzərində Qələbədə
Bakı yanacağının çox böyük rol
oynamasını hərbçilərə xas olan
soyuqqanlıqla bu sözlərlə ifadə etmişdir:
"Bakı neftçiləri vətənimizin müdafiəsi
üçün, düşmən üzərində Qələbə
üçün cəbhəyə və ölkəyə
lazım olan miqdarda yanacaq vermişlər".
Digər əfsanəvi
marşal K.Rokossovski Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinə ünvanladığı məktubunda bu işə
bələd olan bir adam kimi yazırdı:
"Aviasiyanın hər bir döyüş zərbəsində,
sovet tankçılarının hər bir reydində,
alman-faşist qüvvələri üzərində hər bir
qələbədə Bakı neftçilərinin töhfəsi
çoxdur".
İkinci dünya müharibəsinin
iştirakçısı olmuş əsas ölkələrin
bütün liderləri - Ruzvelt, Çörçill, De Qoll,
İden və başqaları həmin müharibədə
Bakının rolunu dəfələrlə qeyd etmişlər.
Bu barədə düşüncələr bizi haqlı
olaraq belə bir mühakimə yürütməyə yönəldir
ki, sırf neft sahəsində nailiyyətlərə görə
Nobel mükafatları verilməsini bərpa etmək yaxşı
olardı. Bizim fikrimizcə, Fond onun təsisçiləri
Lüdviq və Emmanuel Nobellərin vəsiyyətini nəzərdən
qaçırmışdır. Onlar
neftçıxarma və neft emalı texnikasına həsr
edilmiş əsərlərə görə mükafat verilməsini
dəqiq qeyd etmişlər. Bütün
dünya neftçiləri özlərinin novator
araşdırmaları və konkret işləri ilə
sübut etmişlər ki, onlar böyük Nobel
qardaşları tərəfindən planetin ən yaxşı
adamlarına vəsiyyət edilmiş ölməzlik rəmzi
olan qızıl dəfnə çələnglərinə
layiqdirlər.
Arif PAŞAYEV,
Azərbaycan Mühəndislik
Akademiyasının prezidenti,
akademik
Azərbaycan.- 2012.- 16 may.- S. 6.