“Azərbaycan Mərkəzi
Avrasiyanın regional mərkəzi kimi” kitabının təqdimatı
olmuşdur
Mayın 15-də Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzində "Azərbaycan Mərkəzi Avrasiyanın regional mərkəzi kimi" adlı kitabın təqdimat mərasimi olmuşdur.
AzərTAc xəbər verir ki, ADA-nın nəşr etdirdiyi kitabın müəllifi akademiyanın tədqiqatçısı Taleh Ziyadovdur.
Kitabda Avrasiyanın ticarət, nəqliyyat, logistika və təchizat şəbəkələri strateji cəhətdən araşdırılmaqla Azərbaycan üçün əsas strategiya müəyyənləşdirir. Müəllif Azərbaycanın qeyri-neft sektorunun inkişafına nəzər salır, "Azərbaycan-2030" strategiyasının hazırlanması və həyata keçirilməsi üçün variant təklif edir.
Təqdimat mərasimində çıxış edən ADA-nın rektoru Hafiz Paşayev ümidvar olduğunu bildirmişdir ki, kitabdakı araşdırmalar "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasına və ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı məsələlərin öyrənilməsinə töhfəsini verəcəkdir.
T.Ziyadov çıxış edərək Azərbaycanın qeyri-neft sektorunda həyata keçirilən bütün nəqliyyat və inkişaf layihələrinin vahid strategiyada birləşdirilməsinin vacibliyini vurğulamışdır. Bildirmişdir ki, bu strategiya regionun gələcək inkişafı üçün ümumi fikrin yaranmasına və Azərbaycanın qədim İpək yolu boyunca ticarət mərkəzi kimi tarixi mövqeyini bərpa etməsinə təkan verəcəkdir.
ADA-nın Kitab Mərkəzində
satışda olan yeni
nəşr ilə http://adabook.az/en/books/7216 internet
saytında da tanış olmaq
mümkündür.
Azərbaycan.- 2012.- 16 may.- S. 6.