ADA-nın Kitab Mərkəzi “Mədəniyyət” telekanalı ilə birgə ikinci
ədəbiyyat məclisi təşkil etmişdir
Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzində sayca ikinci ADA ədəbiyyat məclisi keçirilmişdir.
ADA-dan AzərTAc-a bildirmişlər ki, ədəbiyyat məclisinin budəfəki görüşü görkəmli Azərbaycan dramaturqu, şair, rejissor və ssenarist Cəfər Cabbarlıya həsr olunmuşdur.
Tədbiri giriş sözü ilə ADA-nın rektoru Hafiz Paşayev açaraq C.Cabbarlının çoxşaxəli yaradıcılığı barədə fikirlərini qonaqlarla bölüşmüşdür.
Görüşdə iştirak edən tədqiqatçı alimlər T.Məmməd və A.Rüstəmli qonaqları yazıçının zəngin ədəbiyyat dünyası ilə tanış etmişlər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Nadir Hüseynov isə C.Cabbarlının bir neçə şeirini söyləmişdir.
Xalq artisti Azər Zeynalov və əməkdar artist Zemfira İsmayılova əməkdar artist Məlahət İsmayılovanın pianoda müşayiəti ilə Cəfər Cabbarlının "Sevil" pyesi əsasında yazılmış eyniadlı operadan ariya ifa etmişlər.
Tədbirdə qonaq qismində çıxış edən Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı və şairin nəvələri onunla bağlı xatirələrini bölüşmüş və belə bir görüşün təşkilinə görə ADA-nın tələbələrinə təşəkkürlərini bildirmişlər.
Azərbaycan Diplomatik Akademiyasının tələbələri Cəfər Cabbarlının "Sevil" pyesindən səhnəcik göstərmiş və şeirlərindən parçalar söyləmişlər.
Ədəbiyyat məclisi layihəsi ADA-nın Kitab Mərkəzi ilə "Mədəniyyət"
telekanalının birgə layihəsidir. Layihə ADA-nın bakalavr tələbələrinin təşəbbüsüdür
və məqsədi ədəbiyyatı sinif
otağından kənara çıxarmaq, onu
interaktiv şəkildə öyrənmək
və ustadlarla birlikdə təhlil etməkdir.
Azərbaycan.- 2012.- 16 may.- S. 6.