Bakı Dövlət Universitetində Kimyanın aktual problemləri mövzusunda VI respublika elmi konfransı işə başlamışdır

 

 Mayın 15-də Bakı Dövlət Universitetində (BDU) doktorant, magistr və gənc tədqiqatçıların ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş "Kimyanın aktual problemləri" mövzusunda ikigünlük VI respublika elmi konfransı işə başlamışdır.

AzərTAc xəbər verir ki, BDU-nun kimya fakültəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.

Müasir dünyada elmin, təhsilin mühüm rolundan danışan rektor Prezident İlham Əliyevin bu sahələrin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini diqqətə çatdırmışdır. Dövlətimizin başçısı İlham Əliyevin "Qara qızılı insan kapitalına çevirmək" fikrini xatırladan A.Məhərrəmov eyni zamanda BDU-da aparılan elmi tədqiqatlardan, qazanılan nailiyyətlərdən bəhs etmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev müdrik şəxsiyyət Heydər Əliyevin elmə, təhsilə xüsusi diqqət və qayğısından danışmış, ümummilli liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini bildirmişdir.

Fondun fəaliyyəti barədə məlumat verən E.Babayev qurum tərəfindən elmin inkişafı ilə bağlı müxtəlif tədbirlərin keçirildiyini, o cümlədən qrant layihələrin elan edildiyini xatırlatmışdır.

Çıxış edən alimlər elmin, o cümlədən kimya elminin inkişafı ilə bağlı fikirlərini söyləmişlər.  

Sonra "Tərkibində metal hissəcikləri olan polimer kompozitlərin termiki analizi", "Kimyanın tədrisində fənlərarası əlaqələrin tədqiqi", "Nitril kauçukunun oksidləşmə xlorfosforlaşma reaksiyasının tədqiqi" və digər mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

Konfrans mayın 16-da başa çatacaqdır.

 

 

Azərbaycan.- 2012.- 16 may.- S. 7.