Rəssam duyğulu, jurnalist təxəyyüllü fotomüxbir

 

 "Atın şəklini elə çəkmək lazımdır ki, şəklin altında "bu, atdır" sözlərini yazmağa ehtiyac qalmasın". Bu fikri dahilərdən biri söyləyib. Doğrudur, bu gün haqqında xoş sözlər demək istədiyimiz insan rəssam deyil. Qəzetimizin əməkdaşıdır. Amma jurnalist də deyil. Bu, fotomüxbir Ağaəli Məmmədovdur.

Ağaəli Məmmədov rəssam duyğulu, jurnalist təxəyyüllü fotoqrafdır. Yaradıcılığını çəkdiyi hər fotoda görmək, dərk etmək mümkündür. Ağaəli bu duyğu və təxəyyüllə həyatın elə anlarını fotoaparatın obyektivinə alır ki, onları şəkil kimi qəzet səhifəsinə "köçürəndə" izah üçün heç bir sözə ehtiyac qalmır.

Maraqlıdır ki, elə həmin şəkilləri gen-boluna şərh etmək də olur. Bəzən cansız adlandırdığımız fotonun özündə necə dərin məna və geniş məzmun daşıdığına, nə qədər arzu və məqsəd, hiss və duyğu yükü olduğuna heyran qalırsan. Ağaəli Məmmədovun hansı mövzuya müraciət etməsindən asılı olmayaraq nəticə məhz belə uğurludur... Çünki həmişə axtarışdadır. İş başında olmadığı vaxtlarda, məzuniyyət zamanı və istirahət günlərində, xeyirdə-şərdə, yol getdiyi dəqiqələrdə də əbədiləşməyə layiq olan hadisələr, anlar gözündən yayınmır.

Həyat mənzərələrini körpəlikdən gözlərinə yığıb. Uşaqlıq illəri Lerik və Yardımlı dağlarında keçən, on yaşından şəhərdə yaşayan Ağaəli əvvəlcə mexanizatorluq peşəsinə yiyələnib. Sonra qismətinə Baltikyanı diyarda hərbi reportyorluq məktəbini bitirmək düşüb. Daha sonra Bakıda ali təhsil alıb. O zaman M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutu adlanan ali məktəbi bitirib. Amma uşaqlıqdan foto sənətinə olan məhəbbəti bu sahələrin hamısına olan marağını üstələyib.  19 yaşından fotoqraflığı özünə ömürlük peşə seçib. Həmin vaxtdan ötən 51 ilin 45 ili qəzetlərdəki fəaliyyəti ilə bağlıdır. Əvvəlcə məzunu olduğu ali məktəbin çoxtirajlı "Bilik" qəzetində çalışıb. Sonra "Ədəbiyyat və incəsənət", "Vışka", "Bakinski raboçi" qəzetlərinin fotomüxbiri olub. Sovetlər dönəmində Bakıda çıxan, lakin SSRİ-nin az qala bütün hərbi dairələrində əl-əl gəzən "Na straje" qəzetində işləyib. AzərTAc-da çalışdığı zaman isə fotoları SİTA-nın (Sovet İttifaqı Teleqraf Agentliyi) vasitəsilə digər ölkələrin mətbuatında da dərc olunub. A.Məmmədov bir sıra beynəlxalq müsabiqə və fotosərgilərdə iştirak edərək diplomlar alıb.

On ildir "Azərbaycan"dadır. Bu illər ərzində redaksiyanın qələm əhlinin etibarlı tərəf-müqabilinə çevrilib. Yəni qələmə aldığımız hadisələri fotolarda əks etdirir. Oçerk və zarisovkalarımızı, reportaj və şərhlərimizi fotoları ilə tamamlayır. Ağaəli Məmmədov öz sənətinin fədaisidir. "Fədai" sözünü təsadüfi işlətmirəm. Çünki...

Bakı-Tbilisi-Ceyhan kəməri çəkiləndə Umbakı dağlarında onun əlində fotoaparat boruların düzüldüyü xəndəklərə endiyini görmüşəm.

Xəzərdəki "Günəşli" yatağında gözaltıladığı məkan, yaxud mənzərəni çəkmək üçün platformanın hələ heç kəsin qalxmağa cəsarət etmədiyi qülləsinə  çıxdığının şahidi olmuşam.

Neft Daşlarında səhəri estakadalar üstündə qarşıladığını, hələ günəş çıxmamış dənizə, əmək növbəsinə yollanan neftçilərin ilk dəstələrini fotoaparatı ilə salamladığını da yaxşı bilirəm.

Səngəçalda dünyanın ən böyük neft-qaz terminalı tikiləndə bir-birindən maraqlı kadrlar axtararaq inşaat meydanında o tərəf-bu tərəfə necə şığıdığı isə heç yadımdan çıxmır.

Çilovda cəmi bircə gün ərzində az qala bütün adanı fotoaparatın yaddaşına köçürdüyünü görəndə bu qabiliyyətə və zəhmətsevərliyə qibtə etmişəm.

Çəkdiklərinin hamısı da baxımlı, məzmunlu, uğurlu çıxır. Ağaəli müəllim zavod sexlərində, çay plantasiyalarında, taxıl zəmilərində, metroda, teatrda, bulvarda, küçədə... çəkdiyi fotoların hamısına ürəyinin hərarətindən pay verir. Müvəffəqiyyətini də məhz bu şərtlər səciyyələndirir. Onu yorulmağa qoymayan və gümrah saxlayan bax bu həyat və sənət eşqidir.

Ağaəli Məmmədov həm də böyük bir ailənin ağsaqqalı, üç övlad atası, nəvələrinin sevimli babasıdır. Bu gün ömrünün 70-ci pilləsinə qədəm qoyduğuna baxmayaraq, bir anını belə fotoaparatsız və qəzetsiz təsəvvür etmir. Hamımızın hörmət bəslədiyi həmkarımızı, iş yoldaşımızı təbrik etmək məqamı gələndə isə nə vaxtsa qəzetçi  jurnalistlərə xitabən yazılmış bir şeir yadıma düşür. Məzmunu ondan ibarətdir ki, elə bu cür də yaşa! Qoy sənətin heç nəyə laqeyd qalmasın, onda ömür mənasız ötməz, illər də səni qocalda bilməz...

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2012.- 16 may.- S. 8.