Dövlətin bütün
daxili və xarici strukturlarla münasibətləri xalqın maraqlarından
çıxış edilərək qurulur
Rusiya
paytaxtı Moskvaya səfər edən Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov oktyabrın
31-də "Media forum" saytının suallarını
cavablandırıb.
- Rusiyaya səfərinizdə məqsəd
nədir?
- Səfərim işgüzar xarakter
daşıyır və bu ölkənin Prezident
Administrasiyasının dəvəti ilə həyata
keçirilir. Bu, əvvəlcədən
planlaşdırılan səfərdir. Azərbaycan Prezidenti
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsi ilə Rusiya Prezidenti Administrasiyasının
müvafiq idarəsinin nümayəndələri arasında hər
il belə qarşılıqlı səfərlər olur. Mən
Moskvaya, onlar Bakıya səfərlər edirik. İki ölkə
arasında formalaşan, təməli Azərbaycan və Rusiya
prezidentləri tərəfindən qoyulan
qarşılıqlı əlaqələrin bəzi aspektlərini
müzakirə edirik, əməkdaşlıq sahələrini,
prioritetləri müəyyənləşdiririk. Eyni zamanda
bir-birimizi həyata keçirilən işlərin vəziyyəti
ilə tanış edirik.
- Rusiyanın hansı rəsmiləri ilə
görüşmüsünüz?
- Səfərin təfərrüatını
açıqlamaq niyyətində deyiləm. Əvvəlcədən
nəzərdə tutulduğu kimi, mənə aid olan sahələrə
cavabdeh rəsmilərin əksəriyyəti ilə
görüşmüşəm. Səfər isə davam edir.
- Moskva Azərbaycanı Avrasiya
İttifaqına dəvət etsə də, rəsmi Bakı
bununla razılaşmayıb. Qəbələ RLS-in icarəsi
ilə bağlı müqavilənin
uzadılıb-uzadılmaması haqda da hələ
razılıq əldə olunmayıb. Əvvəlki dövrdə
Rusiya Azərbaycan qazını almaq istəsə də, bu,
mümkün olmadı və məsələ ciddi fikir
ayrılığı yaratmışdı. Bütün
bunların fonunda Azərbaycan-Rusiya münasibətlərinin
indiki vəziyyətini necə qiymətləndirirsiniz?
Prezidentlər İlham Əliyevlə Vladimir Putinin münasibətlərində soyuqluq
yaranması haqda deyilənlərlə
razısınızmı?
- Hər halda mənim keçirdiyim
görüşlər, apardığım
danışıqlar, ünsiyyətdə olduğum
insanların mövqeyi onu göstərir ki, həm Rusiya, həm
də Azərbaycan tərəfi öz prezidentlərinin iradəsinə
söykənərək gələcəkdə bərabərhüquqlu,
qarşılıqlı hörmətə əsaslanan
faydalı əməkdaşlıqda maraqlıdır. Bu gün
bizim əməkdaşlığımız ciddi strateji tərəfdaşlıq
istiqamətində davam edir. Hesab edirik ki, buna
mane olacaq ciddi nüanslar da yoxdur.
İki ölkə
arasında müxtəlif
məsələlərlə bağlı fikir ayrılıqlarına gəlincə,
bizim ümumi maraqlarımız olduğu
kimi fərqli maraq və mövqelərimiz
də var. Bəzən
maraqlarımız üst-üstə
düşmür. Azərbaycan
və Rusiya müstəqil dövlətlərdir.
Hər bir ölkənin mövqe və maraqlarının əsasında onun milli maraqları, xalqın və dövlətin mənafeləri
durur. Mən hansı məsələlərin
necə, nəyin əsasında həll ediləcəyini müzakirə
etmirəm. Çünki
mən bunlarla bağlı qərar verəcək dövlət
məmuru deyiləm. Belə strateji məsələlərlə bağlı
mövqeni prezidentlər
bildirir, qərarı onlar verir. Biz də dövlət başçılarını təmsil
edən məmurlar kimi özümüzə
aid olan məsələləri
həll edir, həyata keçiririk.
Dövlət başçıları
İlham Əliyevlə
Vladimir Putin arasında fikir
ayrılığının olması haqda yazılanlar da mətbuatın mülahizələridir.
Bu mülahizələrin əksəriyyəti
kimlərinsə maraqlarından
çıxış edərək
irəli sürülür,
bəziləri də sadəcə olaraq jurnalist fantaziyasının
məhsuludur. İki ölkənin prezidentləri
arasında münasibətlər
işgüzar xarakter daşıyır, hər iki dövlət başçısı öz
ölkəsinin maraqlarını
ifadə edir, ortaq maraqları da görürlər və bunun üzərində
münasibət qururlar.
- Qəbələ RLS danışıqları
necə gedir? Əsas fikir ayrılığı nədədir?
- Bu mənim sahəm olmadığına
görə danışıqlardakı
vəziyyət haqda bir söz deyə
bilmərəm. Azərbaycan
və Rusiyanın Nazirlər kabinetləri, Müdafiə nazirlikləri
bununla bağlı danışıqlar aparır.
- Moskvaya səfərinizin Rusiyada yaşayan azərbaycanlıların
yeni yaratdığı
Rusiya Azərbaycan Təşkilatları İttifaqı
ilə əlaqəsi varmı? Bu təşkilatı
təsis edən şəxslərdən kimlərləsə
görüşmüsünüzmi? Rusiya rəsmiləri ilə keçirdiyiniz görüşlərdə bu
məsələni də
müzakirə etmisinizmi?
- Mənim Rusiyaya səfərimin yeni yaradılan hansısa qeyri-hökumət
təşkilatı ilə,
onu yaradanlarla bağlılığı, əlaqəsi
yoxdur. Səfər zamanı yalnız Azərbaycanla Rusiya arasındakı ikitərəfli
münasibətlərin bəzi
aspektlərini, o cümlədən
mədəni, ictimai-siyasi
sahədə, mətbuat,
qeyri-hökumət təşkilatları,
diaspor sahəsində
əlaqələrimizi müzakirə
etmişik, gündəlikdə
bu məsələlər
olub.
Qarşılıqlı maraq doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparmışıq. 2013-cü ildə
Rusiyada regionlararası
forum keçirəcəyik. Forumun təşkilati məsələlərini, gündəliyə
daxil ediləcək məsələləri, kimləri
qonaq kimi dəvət etməyi, tədbiri Rusiyanın hansı vilayətində keçirmək kimi məsələləri müzakirə
etdik. Bütün bunların fonunda sizin dediyiniz məsələləri aktual
saymıram. Ona görə də başqa məsələləri
müzakirə etməmişik.
- Rusiyada diaspor nümayəndələri
ilə görüşmüsünüzmü?
- Xeyr, diaspor
təmsilçiləri ilə
görüşüm olmayıb.
- Rusiya Azərbaycan
Təşkilatları İttifaqı
yeni təsis olunanda "Media forum" saytına
bildirmişdiniz ki, təşkilat təmsilçiləri
bunu hansı məqsədlərlə yaratdıqlarına
dair açıqlama verəndən sonra məsələyə münasibət
bildirəcəksiniz. Təşkilat
təmsilçiləri xeyli
açıqlama veriblər
və onların arasında ziddiyyətli fikirlər də var. İttifaqın Azərbaycanda
hakimiyyət uğrunda
mübarizə aparmaq üçün yaradıldığı
haqda deyilənləri
necə qiymətləndirirsiniz?
- Biz bu təşkilat
haqda hələ heç bir fikir söyləməmişik.
Mən bu gün də hər hansı münasibət bildirməyəcəm.
Mətbuatda yazılanların
çoxu jurnalistlərin
mülahizələridir, mətbuatın
ayrı-ayrı mənbələrdən
əldə etdiyi informasiyalar, hansısa təhlillər əsasında
gəlinən qənaətlərdir.
Təşkilatı yaradan
insanlardan bəziləri
müəyyən açıqlamalar
veriblər, məsələyə
münasibət bildiriblər.
Hələ mövqeyini
açıqlamayanlar da
var. Hər halda hesab edirik ki,
bu gün bununla bağlı dövlət səviyyəsində
hansısa açıqlamanın
verilməsi, münasibət
bildirilməsi, ciddi müzakirələrin aparılması
aktual deyil.
- Rusiya Azərbaycan Təşkilatları İttifaqının
təsisçilərindən olan Baş nazirin
sabiq birinci müavini Abbas Abbasovun Bakıya gəlməsi və ittifaqla bağlı məsələni Prezident
İlham Əliyevlə
müzakirə etmək
istəməsi, amma Prezidentin qəbuluna düşə bilməməsi
barədə deyilənlər
doğrudurmu?
- Mənim bu haqda nə
məlumatım, nə
də cənab Prezidentin kimi, niyə, nə vaxt qəbul edəcəyini müzakirə
etmək səlahiyyətim
var.
- Rusiya Azərbaycan Təşkilatları İttifaqında
Azərbaycan hakimiyyəti
ilə münasibətləri
yaxşı olan, hakimiyyətə yaxınlığı
ilə seçilən
Vahid Ələkbərov,
Araz Ağalarov, Abbas Abbasov, Telman İsmayılov, İsgəndər Xəlilovla
yanaşı indiki iqtidarı dəstəkləməyən
Rüstəm İbrahimbəyov,
Söyün Sadıqov
da təmsil olunurlar. Sizcə, hakimiyyəti dəstəkləyənlərlə
dəstəkləməyənlərin bir təşkilatda birləşməsi necə
baş verib, yaxud bunu kim
təşkil edib? Hakimiyyətin təşkilatı
dəstəkləməməsinin əsas səbəblərindən
birini də bunu göstərmək olarmı?
- Bunu onların
özlərindən soruşarsınız.
Dövlətin münasibətlərinə
gəlincə, bununla bağlı mövqeyimi bildirmişəm. Dövlətin
müxtəlif məsələlərlə
bağlı mövqeyi
ayrı-ayrı insanlar
arasındakı münasibətlər,
müxtəlif şəxslərin
prezidentlə münasibətləri,
yaxud ailə-məişət
məsələlərində olan münasibətlər üzərində qurulmur.
Dövlətin bütün
daxili və xarici strukturlarla münasibətləri xalqın
maraqlarından çıxış
edilərək qurulur.
Xalqın maraqlarına
uyğun gələnlərlə
əməkdaşlıq olunur,
fəaliyyət dəstəklənir.
Millətin maraqlarına
cavab verməyənlərlə
əməkdaşlıq qurulmur,
xalqın maraqlarına
zidd olanlara dövlətin mövqeyi də müvafiq olur. Ona görə
də bu məsələyə münasibət
bildirmək istəmirəm.
Kimin harada, necə təmsil olunması da onların şəxsi işidir. Onların özlərindən soruşsanız,
hər halda bunu əsaslandırarlar.
- Prezident İlham Əliyev Rusiya Azərbaycan Təşkilatları İttifaqının
yaradılmasını və
bununla bağlı gedən müzakirələri
necə qiymətləndirir?
- Bununla bağlı nə məlumatım,
nə də bəyanat verməyə səlahiyyətim var.
Azərbaycan.-2012.-
1 noyabr.- S.3.