Türkiyənin milli bayramı şərəfinə

 

 Türkiyə Respublikasının yaradılmasının 89-cu ildönümü münasibətilə qardaş ölkənin Azərbaycandakı səfirliyi oktyabrın 31-də "Gülüstan" sarayında rəsmi qəbul təşkil etmişdir.

AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra qonaqları salamlayan səfir İsmail Alper Coşkun ulu öndər Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türkiyənin istiqlal mübarizəsindən və ölkəsinin keçdiyi inkişaf yolundan danışmışdır. Səfir qeyd etmişdir ki, Türkiyə öz dinamik inkişaf yolunda siyasi, hərbi, iqtisadi, eləcə də demokratiyainsan haqları sahələrində böyük addımlar ataraq regiondadünyada öz mövqeyini möhkəmləndirmişdir.

İkitərəfli əlaqələrin inkişafında dövlət və hökumət başçılarının rolunu xüsusi vurğulayan İsmail Alper Coşkun demişdir ki, Azərbaycan və Türkiyə rəhbərlərinin qarşılıqlı səfərləri, aparılan danışıqlar və imzalanmış çoxsaylı sənədlər, eləcə də Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının fəaliyyəti dövlətlərimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərini ən yüksək səviyyədə davam etdirməyə imkan yaradır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-

Tbilisi-Qars layihələri hər iki ölkə arasında durmadan inkişaf edən qardaşlıq münasibətlərinə xidmət edir.

Azərbaycanın və Türkiyənin tarixinə qısa nəzər salan səfir qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyev ölkələrimiz arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində misilsiz rol oynamışdır. Bildirilmişdir ki, bu gün Türkiyə və Azərbaycan sıx birliyə nail olmuşlar, ölkələrimiz iqtisadi cəhətdən inkişaf etdikcə gələcəyə daha inamla addımlayırlar.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan İsmail Alper Coşkun Azərbaycan ərazilərinin tezliklə işğaldan azad olunmasının zəruriliyini vurğulamışdır. O demişdir ki, bu məsələ təkcə Azərbaycanın deyil, bütün türk dünyasının problemidir və Türkiyə hər zaman qardaş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin adından əlamətdar gün münasibətilə mərasim iştirakçılarını, bütün Türkiyə xalqını təbrik edən Baş nazirin müavini Abid Şərifov qardaş ölkəyə firavanlıq və uğurlar arzulamışdır. İki ölkə arasındakı münasibətlərdən danışan Baş nazirin müavini elm, təhsil, iqtisadiyyat, mədəniyyət və hərbi sahələrdə sıx əməkdaşlığın olduğunu demişdir. Ulu öndərlərin - Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamları qardaş ölkələrimizin münasibətlərində hər zaman əsas prinsip olmuşdur.

Abid Şərifov vurğulamışdır ki, iki ölkə arasında əlaqələr möhkəm təməllərə söykənərək  bütün sahələrdə uğurla inkişaf edir. Ölkələrimiz beynəlxalq aləmdə vahid mövqedən çıxış edərək bölgədə sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün birgə fəaliyyət göstərirlər. Əməkdaşlığımızın sürətli inkişafı ticarət dövriyyəsinin artmasına şərait yaradır. Ölkələrimizin birgə təşəbbüsü ilə Transanadolu təbii qaz boru kəməri (TANAP) layihəsinin həyata keçirilməsinə başlanılmışdır. Layihənin icrası Azərbaycan qazının Türkiyə vasitəsilə Avropa ölkələrinə nəql edilməsinə imkan yaradacaqdır.

Baş nazirin müavini Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş etdirdiyi ədalətli mövqeyi yüksək qiymətləndirmişdir.

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, türkiyəli iş adamları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 

 

Azərbaycan.-2012.- 1 noyabr.- S.3.