Müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi şərəfli yüksəliş yolu Yeni Azərbaycan Partiyasının fəaliyyət salnaməsidir

 

 Əli ƏHMƏDOV: "İlham Əliyev Heydər Əliyev siyasətinin növbəti nailiyyətlərinin və zəfərlərinin əsas təminatçısıdır"

 

 Bu il Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü tamam olur. Keçilən 20 illik yol və qarşıdan gələn yubiley yüz minlərlə insanı ətrafında birləşdirən, sayı milyonu ötən təəssübkeş dəstəyinə malik olan bir təşkilatın fəaliyyətində əhəmiyyətli məqam olmaqla yanaşı, ölkəmizin siyasi tarixində də  əlahiddə hadisə kimi səciyyələnir. Ən azı o baxımdan ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda son 20 ilə yaxın müddət ərzində əldə edilən uğurların şəriksiz müəllifi olan mövcud iqtidarın siyasi istinadgahı və hakim komandanı bilavasitə təşkil edən özəkdir.

Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovla müsahibəmiz də bu mövzudadır.

- Əli müəllim, qarşıdan Yeni Azərbaycan Partiyasının yaranmasının iyirminci ildönümü gəlir. 22 noyabr tarixi haqqında hər zaman müzakirələr gedir, araşdırmalar aparılır. Bu mənada 1992-ci ilin noyabr ayını və ona qədərki dövrü necə xarakterizə edərdiniz?

- Yeni Azərbaycan Partiyasının yaranması müstəqil Azərbaycan dövlətinin siyasi tarixində əlamətdar hadisələrdən biridir. Sözün müəyyən mənasında 20 il bundan əvvəl Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyi hələ kövrək olan respublikamızın və dövlətçiliyimizin gələcək taleyinin əhəmiyyətli surətdə dəyişməsinin bünövrəsinin qoyulması kimi xarakterizə edilə bilər. Bu nöqteyi-nəzərdən yanaşdıqda YAP-ın təsis edilməsi ötən əsrin 90-cı illərinin əvvəllərinə təsadüf edən və müəllifi xalq olan ən mühüm siyasi layihə sayılmaq haqqına sahibdir.

Hər xalq müəyyən özünümüdafiə instinktinə malikdir. Təhlükəli anlarda bu instinkt hərəkətə keçir. Ötən əsrin 90-cı illərinin əvvəllərində siyasi, iqtisadi və sosial təlatümlər burulğanına düşən Azərbaycan xalqının özünümüdafiə instinkti hərəkətə gəldi. Çünki sözün həqiqi mənasında müstəqilliyin ilk illərində bir yandan Azərbaycanın yenicə və əziyyətlə bərpa edilmiş suverenliyinin itirilməsi, ikinci bir yandan isə daha təhlükəli bir meyil - Azərbaycan dövlətinin parçalanması təhlükəsi real parametrlər kəsb edirdi. Səriştəsiz idarəçiliyin acı nəticələri iqtisadiyyatın süqutuna, insanların rifahının kəskin sürətdə pisləşməsinə, cilovlanması mümkün olmayan hiperinflyasiyaya, ictimai həyatda hərc-mərcliyə, xaos və anarxiyaya, cəbhə bölgəsində silsilə uğursuzluqlara və yeni-yeni torpaqların itirilməsinə, xarici siyasətdə beynəlxalq izolyasiyaya, siyasi sahədə hakimiyyət uğrunda qanunsuz savaşların təhlükəli həddə çatmasına, ölkəni parçalamağa yönəlmiş separatçı hərəkətlərin genişlənməsinə və bütün bunların yekunu kimi insanların gələcəyə ümidlərinin bütünlüklə itirilməsinə gətirib çıxarmışdı. Həm bütövlükdə cəmiyyəti, həm də hər bir vətəndaş, hər bir ailə özünü tamamilə taleyin ixtiyarına atılmış vəziyyətdə hiss edirdi. Buna görə də ayrı-ayrı insanlardan tutmuş bütövlükdə toplum ölkənin və özünün düçar olduğu vəziyyətdən çıxış yollarını axtarırdı. Bu baxımdan 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının meydana gəlməsi əslində, Azərbaycan xalqının ölkəni parçalanmaqdan, insanları isə ümidsizlikdən xilas etmək yolları axtarışlarının nəticəsi idi.

Bu axtarışlar gedişində Azərbaycan ictimai rəyində özünə möhkəm yer tutan və ölkənin gələcək taleyinə birbaşa təsir edən bir həqiqəti ayrıca qeyd etmək lazımdır. Bu, 1990-cı illərin Heydər Əliyev həqiqətidir. Sözügedən həqiqətin nüvəsini Azərbaycan əhalisinin mütləq əksəriyyətinin respublikamızı düçar olduğu bəlalardan xilas etməyin yeganə və qüdrətli qüvvəsini Heydər Əliyevdə görməsi təşkil edirdi. Ölkə vətəndaşları düşdüyümüz böhranlı vəziyyətdən çıxış yolunu Heydər Əliyev şəxsiyyətində və onun dövlət idarəçiliyi sahəsindəki zəngin təcrübəsində görürdü. Odur ki, Heydər Əliyevin Naxçıvandan Bakıya gələrək hakimiyyət sükanını öz əlinə alması, ölkəyə rəhbərlik etməsi, siyasi prosesləri nəzarətə götürməsi obyektiv zərurətə, ictimai tələbata çevrilmişdi. Bu mənada Yeni Azərbaycan Partiyasının yaranmasının kökündə dayanan birinci fundamental əsas haqlı olaraq xalqımızın böyük oğlu Heydər Əliyevin şəxsiyyəti hesab olunur.

İkinci fundamental əsas isə xalqın Heydər Əliyevə inamında ifadə olunurdu. Beləliklə, xalqın inamı və Heydər Əliyevə etimadı ilə ulu öndərin şəxsiyyətinin və qüdrətinin birləşməsi Azərbaycanı uçurumdan çıxarmaq qüdrətinə malik möhtəşəm fenomeni kimi dərk edilirdi. O zaman hər kəsin Azərbaycanın gələcək taleyi ilə bağlı düşüncələri məhz bu yanaşma və reallıq üzərində köklənmişdi.

 İnsanlar həm Heydər Əliyevə, həm də onun rəhbərliyi altında yaranan partiyaya böyük ümidlər bəsləyirdilər. Hesab edirəm ki, bu ümidlərin bəslənməsi təsadüfi deyildi. Birincisi, bu, qeyd etdiyim kimi, cəmiyyətdə Heydər Əliyev şəxsiyyətinə olan dərin inamla bağlı idi. İkincisi isə insanlar Heydər Əliyevə dəstək verməklə, ulu öndərin ətrafında birləşməklə, onun atacağı addımları müdafiə etmək istədiklərini bildirməklə Heydər Əliyevin fərdi keyfiyyətlərində ifadə olunan gücünə və iradəsinə möhtəşəm ictimai status verirdilər. Bu, böyük bir həmrəyliyin ortaya qoyduğu güc olaraq Azərbaycanı təhlükələrdən, başının üzərini almış qorxulu hədələrdən xilas etmək qüdrətinə çevrilirdi.

Məhz bunlara görə qeyd edə bilərik ki, Yeni Azərbaycan Partiyası ölkəmizin çox həssas, təlatümlü, gələcəyi o qədər də aydın olmayan bir dövründə, gələcəyə aydın işıqlar saçmaq gücünü özündə ehtiva edən qüvvə kimi meydana gəldi. Ötən 20 ilin təcrübəsi göstərir ki, Azərbaycan xalqı o zaman Heydər Əliyevə etimad göstərməklə, onun yaratdığı partiyanı dəstəkləməklə, əslində, Azərbaycanın parlaq və işıqlı gələcəyinin çox etibarlı təməlini qoymuş oldular.

- O zamankı iqtidarlar ümummilli lider Heydər Əliyevə və onun tərəfdarlarına qarşı hər addımda təzyiqlər göstərirdilər. Amma bütün bunlara baxmayaraq, ulu öndərin rəhbərliyi ilə qarşıya qoyulan məqsədə doğru mübarizə daha da gücləndi və öz bəhrəsini verdi. Bu baxımdan Yeni Azərbaycan Partiyasına qarşı o zamankı təzyiqlərin gücsüzlüyünü hansı amillərlə izah etmək olar?

- Əlbəttə, o illərdə hakimiyyətdə olmuş siyasi qrupların Heydər Əliyevə münasibətləri tamamilə aydın idi və Sizin sualınızda da bu qeyd olundu. O zaman hakimiyyətdə olan hər bir iqtidar istər Heydər Əliyev 1990-cı ildə Bakıya gələndə, istər Naxçıvan Ali Məclisinə seçiləndə, o cümlədən Naxçıvan Ali Məclisinə rəhbərlik edəndə Heydər Əliyevə qısqanclıqla yanaşırdılar. Bu qısqanclıq, əslində, Heydər Əliyevin xalq içərisində olan böyük hörməti və nüfuzu ilə əlaqədar idi. O zamankı iqtidarların - istər AXC-Müsavat cütlüyü, istərsə də ondan əvvəlkilərin, ölkənin qarşısında duran problemləri nəinki həll etmək qüdrətində olmamaları, həm də gündən-günə ölkəni uçuruma yuvarlamaları fonunda Heydər Əliyev obrazı insanlarımızın təsəvvürlərində daha da yüksəlirdi. Buna görə də öz bacarıqsızlıqlarını, gündən-günə xalqın onlara inamının azalmasını ört-basdır etmək və Heydər Əliyevin nüfuzunun artmasının qarşısını almaq üçün ulu öndərə qarşı təzyiqləri gücləndirir, təxribatlardan belə çəkinmirdilər.

Yeni Azərbaycan Partiyasının yaranmasından sonra isə Heydər Əliyevə və onun siyasi həmfikirlərinə qarşı təzyiqlər daha da güclənmişdi. Heydər Əliyevin nüfuzuna və xalq arasında olan hörmətinə qısqanclıqla yanaşan siyasi qruplar ulu öndərin şəxsiyyətində və onun rəhbərliyi altında yaranmış partiyanın timsalında özləri üçün ciddi bir təhlükə görürdülər. Bu təhlükənin ciddiliyi onunla ölçülürdü ki, xalqın həm Heydər Əliyevi, həm də onun yaratdığı partiyanı dəstəkləməsi gündən-günə güclənirdi. Hakimiyyət nümayəndələri bunu görür, gördükcə vahimələnirdilər. Açıq- aydın dərk edirdilər ki, Heydər Əliyevin və onun partiyasının timsalında hakimiyyətin real və qarşısıalınmaz alternativi yaranmaqdadır.

Lakin hakimiyyətin bu təzyiqləri nə Heydər Əliyevə, nə də onun yaratdığı partiyaya ciddi əngələ çevrilə bilmədi. Bunun bir neçə səbəbləri qeyd oluna bilər. Birinci səbəb ondan ibarət idi ki, Heydər Əliyev şəxsiyyətinin qüdrəti və əzəməti cılız hakimiyyət təmsilçilərinin ona hər hansı formada təzyiqini real nəticələrdən məhrum edirdi. İkincisi, ona görə Heydər Əliyevə qarşı təzyiqlər onu həyata keçirənlərin istəklərinə uyğun nəticələrə gətirib çıxarmadı və çıxara bilməzdi ki, xalqın inamı Heydər Əliyevin tərəfində idi. Bütün xalq Heydər Əliyevə dərindən inanırdı və bu inamı hər hansı iqtidar təzyiqi ilə nə söndürmək, nə də azaltmaq mümkün idi. Güman edirəm ki, üçüncü bir amili də qeyd etmək mümkündür. Bu da o zamankı reallıqların tərkib hissəsi sayılmalıdır. Heydər Əliyevin ətrafında, birincisi, onun ideyalarına sadiq olan, ikincisi, bu ideyaları həyata keçirmək üçün kifayət qədər səriştəsi, vətənpərvərliyi və qətiyyəti olan insanlar toplaşmışdılar. Heydər Əliyevin rəhbərliyi altında formalaşan bu yeni siyasi təşkilat kifayət qədər gücə, qüdrətə və iradəyə malik idi ki, istənilən iqtidar tərəfindən həyata keçirilən təzyiqi dəf etsin, onun qarşısını alsın. Ona görə də bu səbəblərlə əlaqədar olaraq o zamankı iqtidarların Heydər Əliyevə qarşı qısqanclıqlarından irəli gələn təzyiqləri nəticə etibarilə onların arzularının həyata keçməsinə gətirib çıxarmadı.

- Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatında yeri və rolu haqqında fikirlərinizi bilmək maraqlı olardı. Qeyd etdiyiniz kimi, Yeni Azərbaycan Partiyası yaradıldıqdan az sonra hakimiyyətə gəldi və indiyədək bütün seçkilərdə qalib gələrək hakim partiya kimi Azərbaycanın inkişafına öz töhfəsini verməkdədir. Sizcə, yubiley ilini yaşayan Yeni Azərbaycan Partiyasının hakim partiya statusunu saxlamasının əsasında hansı faktorlar durur və ümumiyyətlə, bu partiyanın Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri nədən ibarətdir?

- Yeni Azərbaycan Partiyasının şərəfli tarixinin ən mühüm səhifələrindən biri bu partiyanın yaranandan təxminən yarım il sonra hakimiyyətə gəlməsi, Azərbaycanın iqtidar partiyasına çevrilməsidir. Bəlkə də dünya tarixində buna bənzər bir nümunə axtarıb tapmaq qeyri-mümkündür. Amma Yeni Azərbaycan Partiyası bu şərəfli tarixi yaratdı və yaşadı. Güman edirəm ki, belə bir şərəfli keçmişə Yeni Azərbaycan Partiyası ona görə sahib ola bilib ki, o, qüdrətli şəxsiyyət Heydər Əliyev tərəfindən yaradılıb və onun rəhbərliyi altında fəaliyyət göstərib, inkişaf edib. Məhz ona görə Yeni Azərbaycan Partiyasının yaranmasından altı ay sonra Heydər Əliyevin Azərbaycanın idarəçilik sükanının arxasına keçməsi və faktiki olaraq Yeni Azərbaycan Partiyasının iqtidar partiyasına çevrilməsi reallığa çevrildi.

Təbii ki, xalqın istəyi, inamı, böyük etimadı və dəstəyi olmasaydı, Yeni Azərbaycan Partiyası yarandıqdan çox qısa müddət sonra iqtidara gələ bilməzdi. Bu mənada qeyd etməliyəm ki, Yeni Azərbaycan Partiyasının yaranmasından altı ay sonra hakimiyyətə gəlməsinin kökündə dayanan həqiqətlərdən biri də Azərbaycan xalqının  çox böyük ümidlərini, gələcəklə əlaqədar arzularını Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlaması idi. Bir qədər əvvəl qeyd etdiyim kimi, xalq yaranan yeni partiyaya və onun başında dayanan Heydər Əliyevə dərindən inanırdı. İnsanlar Azərbaycan siyasətindəki bu yeni gücdən çox şeylər gözləyirdi. Əslində, o dövrdə nə xalqın, nə də ki ayrı-ayrı insanların uzun zaman gözləmək imkanları belə yox idi. Təhlükələr və onların yaratdığı böhran kritik həddə çatmışdı. İtirilən hər bir gün ölkənin siyasi və iqtisadi uçurumun daha da dərinliklərinə yuvarlanmasına səbəb ola bilərdi. Buna görə də qaçılmaz hakimiyyət dəyişikliyində ləngiməyə yol verilməsi bağışlanılmaz səhv və itirilmiş fürsət hesab olunurdu. İctimai rəydə hakim kəsilən bu qənaət ona gətirib çıxardı ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi və Yeni Azərbaycan Partiyasının iqtidar partiyasına çevrilməsi, belə demək mümkünsə, ildırım sürətilə baş verdi.

Yaşadığımız son 20 il Azərbaycan vətəndaşlarının Heydər Əliyevə və onun yaratdığı partiyaya inamının əsassız olmadığını və tarixin bu inamı bütünlüklə doğrultduğunu aydın şəkildə sübuta yetirib. Bu illər ərzində Yeni Azərbaycan Partiyası iqtidar partiyası kimi ləyaqətlə fəaliyyət göstərib. Azərbaycan vətəndaşlarının, toplumun bütövlükdə bu partiyaya bəslədikləri ümidləri doğrultmağa çalışıb. Məmnunluq doğuran hal ondan ibarətdir ki, YAP bu ümidləri həmişə doğrulda bilibdir. Azərbaycanın 20 il ərzində keçdiyi şərəfli inkişaf yolu, yüksəliş və tərəqqi tarixi, əslində, sözün müəyyən mənasında, Yeni Azərbaycan Partiyasının inkişaf tarixi, fəaliyyət salnaməsidir. Bu mənada hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının 20 il ərzində ardıcıl olaraq bütün seçkilərdən qalib çıxması, Azərbaycanın iqtidar partiyası kimi statusunu qoruyub saxlaması, təkcə iqtidar partiyası kimi deyil, Azərbaycanın ən güclü siyasi təşkilatı kimi mövqelərini daim gücləndirməyə müyəssər olması ölkəmizin bu illər ərzində inkişafı və yüksəlişi ilə əlaqədardır, Azərbaycanda həyatımızın dəyişməsi ilə əlaqədardır.

Təsəvvür edin, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan vətəndaşları sabaha ümidlərini bütünlükdə itirmiş vəziyyətdə yaşayırdılar. İnsanlar gələcəklə bağlı hər hansı planlarını qurmaq imkanında belə deyildilər. Çünki onlar hər bir günü yalnız həmin günün diktə etdiyi problemlərlə yaşayırdılar. Sabah haqqında düşünmək isə nəinki mümkün deyildi, həm də mənasız idi. Ona görə ki, sabah dumanlı görünürdü. Amma Yeni Azərbaycan Partiyasının yaranmasından və Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra insanların gələcəklə bağlı itirilmiş ümidləri qayıtdı. Ölkəmizdə nikbinlik əhval-ruhiyyəsi bərqərar oldu. Respublikamızın başının üzərini almış bütün təhlükələr dəf edildi. Anti-azərbaycançı dairələrin ölkəmizin taleyi ilə bağlı məkrli planlarının qarşısı birdəfəlik alındı. Cinayətkar ünsürlər cəmiyyətdən təcrid olundular. Azərbaycanın iqtisadi tənəzzülünə son qoyuldu, sosial-iqtisadi islahatlar həyata keçirildi. O cümlədən, pozulmuş ictimai-siyasi sabitlik bərpa olundu, əmin-amanlıq yarandı. İnsanlar rahat yaşamağa başladılar. Bütün bunların fonunda və əsasında yaradılmış iqtisadi yüksəliş nəticəsində insanlarımızın həyatı dəyişdi. Bugünkü müasir Azərbaycanın siması formalaşdı. Buna görə də insanlarımız Yeni Azərbaycan Partiyasına inanaraq bu illər ərzində keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyasını, onun rəhbərini və nümayəndələrini dəstəkləyiblər. Beləliklə də, gördüyümüz kimi, Yeni Azərbaycan Partiyası 20 ilə yaxın bir müddət ərzində Azərbaycanın iqtidar partiyası kimi şərəfli vəzifəsini layiqincə, uğurla yerinə yetirir.

- Təbii ki, Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü təkcə partiyanın üzvləri üçün deyil, bütövlükdə xalqımızın həyatında əlamətdar bir tarixi hadisədir. Yeni Azərbaycan Partiyası bu tarixi hadisənin qeyd olunması ilə bağlı hansı tədbirləri planlaşdırır?

- 20 illik yubiley çox əlamətdar hadisədir. Xüsusilə, bu illər ərzində Yeni Azərbaycan Partiyasının həyatında böyük dəyişikliklərin baş verdiyini nəzərə alsaq, bu yubileyin bizim üçün nə qədər dəyərli olduğunu görə bilərik. Ötən 20 ildə bir siyasi təşkilat olaraq Yeni Azərbaycan Partiyası kifayət qədər güclənib və qüdrətlənib. Ölkəmizin siyasi həyatında ən aparıcı mövqeyə sahibdir. Azərbaycanın ictimai-siyasi həyatında Yeni Azərbaycan Partiyasının iştirakı olmadan hər hansı önəmli hadisənin baş verməsini təsəvvür etmək belə mümkün deyildir. Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanda yox, ölkəmizin hüdudlarından kənarda da tanınır və beləliklə də, sözün həqiqi mənasında, Azərbaycanın iqtidar partiyası kimi həm özünü təsdiq edib, həm də Azərbaycan vətəndaşları Yeni Azərbaycan Partiyasının iqtidarından faydalanmaqdadırlar. Heç şübhəsiz, Yeni Azərbaycan Partiyasının yubileyi şərəfli yubileydir, çünki keçilən yol şərəfli yoldur, tarixi əlamətdar hadisələrlə zəngindir. Partiyamızın hər bir üzvü haqlı olaraq qürur hissi ilə dərk edir ki, ölkəmizdə əldə olunan möhtəşəm nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının layiqli payı var.

Bu mənada düşünürəm ki, Yeni Azərbaycan Partiyası 20 illik yubileyini təkcə partiyanın sıralarında birləşən 600 minə yaxın insanın əlamətdar bayramı kimi deyil, eyni zamanda, bütövlükdə Azərbaycan cəmiyyətinin, bugünkü Azərbaycanın siyasi həyatının əlamətdar hadisəsi kimi qeyd edilməyə layiqdir. Yeni Azərbaycan Partiyasının yubileyi daha böyük həm ictimai, həm də siyasi məna yükünə sahibdir. O, Azərbaycanın həm tarixində, həm də taleyində əhəmiyyətli rol oynamış, bu gün də oynayan və inanıram ki, bu gündən sonra da bu rolu oynayacaq siyasi qurumdur. Düşünürəm ki, bütün Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının 20 illik yubileyini təntənə ilə qeyd edilməyə layiq hadisə sayır. Bu baxımdan həyata keçirəcəyimiz bayram tədbirləri ilə Yeni Azərbaycan Partiyasının 20 illik tarixinin məhz belə bir şərəfli mənaya və diqqətə layiq olduğunu sübuta yetirməyə çalışırıq.

Hazırda Yeni Azərbaycan Partiyasının bütün strukturlarında partiyanın yubileyi ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir və açıq şəkildə müşahidə etməkdəyik ki, bu tədbirlərimiz partiyanın üzvü olmayan Azərbaycan vətəndaşlarının da diqqətini cəlb etməkdədir. Bu ondan xəbər verir ki, Yeni Azərbaycan Partiyası sadəcə olaraq 600 min insanı birləşdirən siyasi qurum deyil. Onun Azərbaycanın taleyinə bundan sonra da ciddi təsir göstərə bilən və Azərbaycan vətəndaşlarının istək və arzularının həyata keçirilməsinə böyük töhfələr verməyə qadir olan siyasi təşkilat kimi davranılması həqiqətdir. Bu məsuliyyəti hiss edərək çalışırıq ki, Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi sıradan bir yubiley olmasın.

- Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi bilavasitə dövlətimizin gələcəyi üçün önəmlidir. Bu baxımdan, bu irsin ölkəmizin perspektivində, milli dəyərlərimizin qorunmasında və inkişaf etdirilməsində Yeni Azərbaycan Partiyasının rolunu necə dəyərləndirərdiniz? Bütövlükdə, ümummilli lider Heydər Əliyevin dövlətçilik məktəbinin ənənələrinin, ideyalarının və siyasi kursunun davam etdirilməsi haqqında hansı fikirləri söyləmək olar?

- Yeni Azərbaycan Partiyası xoşbəxt siyasi təşkilatdır. Ona görə xoşbəxtdir ki, Heydər Əliyev kimi dahi bir şəxsiyyətin ideyalarının, zəngin irsinin varisi olaraq fəaliyyət göstərir. Bu ideyaların   bu irsin daşıyıcısı kimi Azərbaycan cəmiyyətinə, xalqına, dövlətinə öz xidmətlərini göstərir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının gücünün və qüdrətinin kökündə dayanan bir neçə fundamental əsaslar içərisində ən önəmlisi onun ulu öndərin ideyaları əsasında həm qurulması, həm də bu ideyalar əsasında fəaliyyət göstərməsidir. Dövlətçilik təcrübəsi, dövlətə və xalqa xidmət etmək istəyi və bu istəyin həyata keçirilməsi sahəsində fədakarlıqlar nümayiş etdirilməsi Yeni Azərbaycan Partiyasının Heydər Əliyevdən irs qalmış zəngin xəzinəsidir. Yeni Azərbaycan Partiyası Heydər Əliyevin ideyalarına söykənməklə, ulu öndərin zəngin irsinin daşıyıcısı olmaqla, eyni zamanda həmin ideyaların bu gün Azərbaycan dövlətçiliyinin ideya əsaslarına çevrilməsində böyük rol oynayır. Azərbaycançılıq, dövlətçilik, ədalət, qanunçuluq və bunlar kimi Heydər Əliyev irsinə xas olan digər fundamental dəyərlər Yeni Azərbaycan Partiyasının fəaliyyətinin ideya əsaslarını təşkil edir.

Əlbəttə, Heydər Əliyevin zəngin irsinin təbliği ilə əlaqədar qarşımızda duran əsas vəzifələrdən biri bu ideyaların gənc nəslin şüuruna və düşüncələrinə çatdırılmasından ibarətdir. Hesab edirik ki, gənc nəslimiz Heydər Əliyevin ideyalarına, mənəvi irsinə sahib olduqca onlar daha layiqli vətəndaşa çevrilirlər. Azərbaycan dövlətçiliyinə daha cəsarətlə və qətiyyətlə xidmət etmək əqidəsinə malik olurlar. Daha qətiyyətli vətəndaşlar kimi Azərbaycanın qarşısında duran istənilən vəzifənin öhdəsindən gəlməyə hazır olduqlarını nümayiş etdirirlər. Mən bu sözləri nəzəri olaraq demirəm. Yeni Azərbaycan Partiyasının sıralarında olan gənclərimizin azərbaycançılıq ideyalarına sədaqəti, dövlətçilik ideyalarına möhkəm bağlılığı, daha qətiyyətli vətənpərvər kimi özlərini dərk etmələri və ifadə etmək istəklərini açıq şəkildə ortaya qoymaqları bunu təsdiq edir. Heydər Əliyev ideyalarına yiyələnən gənclər daha vətənpərvər olurlar. Heydər Əliyev ideyaları ilə qidalanan gənc insanlar daha güclü dövlətçilik təfəkkürünə sahib olurlar. Heydər Əliyev ideyaları ilə qidalanan gənclər daha ədalətli, eyni zamanda, dövlətinə, xalqına daha sədaqətlə xidmət etməyə hazır olduqlarını öz hərəkətləri ilə dəfələrlə sübut ediblər.

- Ulu öndərdən sonra Yeni Azərbaycan Partiyasına ölkə Prezidenti İlham Əliyevin sədr seçilməsi partiyanın fəaliyyətində nə kimi yeniliklərlə, dəyişikliklərlə xarakterizə olundu və bunlar Azərbaycanın sonrakı inkişafında hansı rol oynadı?

- Öncə qeyd etmək istəyirəm ki, əslində, Heydər Əliyevin iki siyasi varisini göstərə bilərik. Heç şübhəsiz, Heydər Əliyevin birinci siyasi varisi bu gün Azərbaycana rəhbərlik edən, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevdir. İkinci varis isə Yeni Azərbaycan Partiyasıdır. Bayaqkı sözlərimizdən tamamilə aydın olur ki, Yeni Azərbaycan Partiyası sadəcə olaraq Heydər Əliyevin rəhbərliyi altında yaranmayıb. Yeni Azərbaycan Partiyası həm də Heydər Əliyevin ideyaları, nəzəri irsi üzərində qərar tutub. Bu irslə nəfəs alır. Bu mənada Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin həm Azərbaycana, həm də Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi bu siyasi təşkilatın həyatında deyərdim ki, yeni bir mərhələnin əsasını qoydu.

Cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçilənə qədər partiyamız artıq böyük bir siyasi fəaliyyət mərhələsi keçmişdi. Təxminən on il ərzində Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda hər bir vətəndaşı ciddi narahat edən bütün problemlər aradan qaldırılmışdı. Bir qədər əvvəl sadaladığım kimi, sabitlik, əmin-amanlıq yaranmış, inkişaf təmin olunmuşdu. Təxminən on illik dövr ərzində Azərbaycan həm iqtisadi, həm siyasi parametrlərə görə, həm beynəlxalq aləmdəki mövqeyinə və yerinə görə tamamilə dəyişmiş, yeni bir ölkəyə çevrilmişdi.

Cənab İlham Əliyev həm Azərbaycana, həm də Yeni Azərbaycan Partiyasına rəhbərliyə Azərbaycanın həyatında belə əhəmiyyətli keyfiyyət dəyişikliklərinin baş verdiyi bir məqamda gəlmiş oldu. Həyatda baş verən hər bir dəyişiklik istənilən təşkilatın, xüsusilə də, siyasi sahədə fəaliyyət göstərən təşkilatın həyatında adekvat yenilikləri mütləq şəkildə tələb edir. Bu mənada İlham Əliyevin Yeni Azərbaycan Partiyasına sədr seçilməsi təşkilatın həyatına bir sıra çox yeni, əhəmiyyətli məqamların gətirilməsi ilə səciyyələndirilir. Bunlardan birincisi, bütövlükdə Yeni Azərbaycan Partiyasının ölkəmizin həyatında baş verən dəyişikliklərə və bu dəyişikliklərin ortaya qoyduğu yeni keyfiyyət halına uyğunlaşmasından ibarət idi: daha real proqramların müəyyənləşdirilməsi, həyatımızın bütün sahələrində daha praqmatik addımların atılması və gələcəklə bağlı daha əzəmətli proqramların müəyyənləşdirilib həyata keçirilməsi üçün daha ciddi resursların səfərbər edilməsi. Bunlar İlham Əliyevin Yeni Azərbaycan Partiyasının sədri seçilməsindən sonra bu təşkilatın həyatında baş verən dəyişikliklərin əhəmiyyətli bir hissəsidir.

Cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasına sədr seçilən dövrdə Azərbaycan artıq böyük iqtisadi və siyasi resurslara malik ölkəyə çevrilmişdi. Daha qətiyyətli şəkildə özünü ifadə edirdi. Müsbət mənada iddialı dövlət kimi öz maraqlarını ortaya qoyurdu. Bütün bunlar gələcəklə bağlı daha qətiyyətli proqramların müəyyənləşdirilməsini şərtləndirir və mümkün edirdi. Mən Prezident İlham Əliyevin bəyan etdiyi xüsusi bir tezisi ayrıca vurğulamaq istəyirəm. Cənab Prezident qeyd etmişdir ki, bizim daha əzəmətli vəzifələri qarşıya qoyub həyata keçirmək, fədakarlıq göstərməyimiz üçün ciddi əsaslar var. Bax, Yeni Azərbaycan Partiyasının rəhbəri olaraq İlham Əliyevin partiyaya, partiyanın fəaliyyətinə gətirdiyi yeni məqamlar bunlardır. Bu yeniliklər həyatımızda daha əzəmətli vəzifələrin həm müəyyənləşməsini, həm də onların yerinə yetirilməsini şərtləndirir. İlham Əliyev Heydər Əliyev siyasətinin növbəti nailiyyətlərinin və zəfərlərinin əsas təminatçısıdır.

Bu gün Azərbaycan daha böyük resurslara malikdir. Deməli, Azərbaycan daha böyük və müsbət mənada sağlam iddialarını ortaya qoyub həyata keçirə bilər. Yeni Azərbaycan Partiyası da Azərbaycan cəmiyyətinin və dövlətinin bu sağlam iddialar əsasında fəaliyyət göstərdiyi bir dövrdə siyasi fəaliyyətini yeni tələbələr və çağırışlar əsasında uğurla davam etdirir.

 

 (ardı var)

 

 

 Müsahibəni apardı: Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2012.- 1 noyabr.- S.4.