Azərbaycan ordusu Ali Baş
Komandanın «İrəli!» əmrini yerinə
yetirməyə tam hazırdır
"Hər bir ölkə
üçün onun ordusu çox vacib bir atributdur, çox
önəmli bir rəmzdir. O cümlədən Azərbaycan
üçün. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan
hələ də müharibə şəraitində
yaşayır, orduya diqqət daim yüksək səviyyədə
olmalıdır. Bu gün Azərbaycanın ordusu Cənubi
Qafqazda ən güclü ordudur. Biz bu hərbi
üstünlüyü əldə etmişik və gərək
bunu möhkəmləndirək. Bu üstünlük daha da
böyük olmalıdır və biz buna da nail olacağıq.
Bu münaqişəni həll etmək üçün,
işğala son qoymaq üçün həm siyasi-diplomatik səylər
göstərilməlidir, həm də düşmən bilməlidir
ki, Azərbaycan ordusu istənilən vaxtda öz doğma
torpaqlarını azad edə bilər və lazım olan vaxtda
bütün gücümüzü səfərbər edərək
biz buna nail olacağıq. Ordunun bütün məsələləri
müntəzəm qaydada həll edilir. Mən bunu daim diqqət
mərkəzində saxlayıram. Azərbaycan
Respublikasının Prezidenti və Silahlı Qüvvələrin
Ali Baş Komandanı kimi bu mənim borcumdur. Mən bundan sonra
da orduya böyük diqqətlə, böyük qayğı
ilə yanaşacağam".
İlham ƏLİYEV
Ordu hər bir
millətin güvənc yeri, qürur, ləyaqət rəmzi,
şərəfi, özünütəsdiq imkanıdır.
Ulularımızın "Ordum varsa, yurdum var" aforizmi azərbaycanlı
milli düşüncəsində ordunun nə qədər
ali, müqəddəs ucalıqda dayandığının,
xalqın, dövlətin varlıq və mövcudluq, milli
kimlik meyarına çevrildiyinin parlaq təcəssümüdür.
Tarix boyu
qonşu ölkələrlə dinc yanaşı
yaşamağın, sülh və barışın, sabitliyin
tərəfdarı olan Azərbaycan xalqında
özünümüdafiə əzmi, döyüş rəşadəti,
qəsbkarlara qarşı mübarizə ruhu hər zaman
yüksək olub. Müxtəlif zaman və məkanlarda
dövlət qurmaq haqqını təmin etmiş
xalqımız taleyini daim inandığı nizami orduya, cəsur,
mübariz sərkərdələrə, vətənpərvər
döyüşçülərə etibar edib!
Bu gün Azərbaycan Silahlı Qüvvələri
dövlətimizin qüdrətinin nümunəsidir,
xalqımızın iftixar yeridir və ölkəmizin ərazi
bütövlüyünü təmin etmək iqtidarında
olan yüksək hazırlığa sahibdir. Azərbaycan ordusu
nəinki bölgədə, dünya miqyasında güclü
orduların sırasındadır. Peşəkarlığı
yüksək dərəcədə olan Azərbaycan ordusu həm
dövlətin qoruyucusu, həm də Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ probleminin həllinin ən güclü
faktorlarından biridir. Sabitlik, sürətli iqtisadi
inkişafla yanaşı güclü ordu quruculuğu
müasir Azərbaycanı xarakterizə edən əsas amillərdəndir.
Günü-gündən daha qüdrətli ölkəyə
çevrilən, beynəlxalq hüquq məkanında öz
mövqeyini müstəqil və qətiyyətli şəkildə
ifadə edən Azərbaycan həm də hər bir azərbaycanlının
qürur mənbəyinə çevrilib. Ölkəmizin
dinamik sosial-iqtisadi inkişafa malik olması, digər sahələrdə
möhtəşəm nailiyyətlərə imza atması,
mövcud olduğu regionun lideri statusunu daşıması və
bu qəbildən olan digər amillərdən hər bir azərbaycanlı
iftixarla bəhs edir. Bu gün öz inkişaf tempi ilə
dünyanın modern ölkələrindən birinə
çevrilməyi bacarmış Azərbaycan
qarşısına qoyduğu hədəflərə uğurla
çatır, bu istiqamətdə meydana çıxan problemləri
müvəffəqiyyətlə həll edir. Sözügedən
kontekstdə isə Azərbaycanın tezliklə ərazi
bütövlüyünü də bərpa edəcəyi,
üzləşdiyi təcavüzkarlığa birdəfəlik
son qoyacağı heç bir şübhə doğurmur.
2013-cü ildə
müdafiə xərclərinin 8,6 faiz artması Ermənistanı
qorxuya salıb
Bu gün
ordunun hərbi imkanlarını, potensialını genişləndirmək
üçün Azərbaycan dövləti bütün
lazımi tədbirləri görür. Ermənistanın
işğal etdiyi torpaqları sülh yolu ilə qaytarmaqdan
yayınması ölkəmizi digər prioritet fəaliyyət
sahələri ilə yanaşı, ordu quruculuğuna da
xüsusi diqqət yetirməyə vadar edir. Cəbhə xəttində
atəşkəs rejiminin mövcudluğuna baxmayaraq,
müharibə vəziyyəti davam edir. Bunu nəzərə
alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz
ordusunun gücünü, hərbi kadrların peşəkarlıq
səviyyəsini artırır, hərbi qüdrətini
yüksəldir. Hazırda Azərbaycan ordusunun təchizatı
həm də daxili istehsal hesabına formalaşır. Azərbaycanda
müxtəlif növ silahlar, sursatlar, hərbi texnika istehsal
olunur. Hərbi xərclərimiz isə ildən-ilə
artır. 2003-cü ildə hərbi büdcəmiz 160 milyon
dollar idisə, 2010-cu ildə bu rəqəm 2 milyard 150 milyon
dollara, 2012-ci ildə isə 3 milyard 600 milyon dollara
çatıb. Bu da Ermənistanın bütün dövlət
xərclərindən 50 faiz çoxdur. 2013-cü ilin dövlət
büdcəsində isə Azərbaycanın müdafiə xərclərinin
8,6 faiz artırılacağı nəzərdə tutulur.
Hər bir əsgərinin
qayğısına qalan, onun döyüş ruhunu yüksəldən,
ordunun maddi-texniki bazasını gündən-günə
yaxşılaşdıran dövlət bütün
imkanlarını bu istiqamətdə səfərbər edib. Həm
Ali Baş Komandan, həm Müdafiə Nazirliyi, həm də
digər dövlət strukturlarının rəhbərləri,
nümayəndələri tərəfindən Azərbaycanın
sərhədləri keşiyində dayanan əsgər və
zabitlərlə mütəmadi görüşlərin
keçirilməsi, onların qayğısı ilə
maraqlanmaları hərbçilərimizdə döyüş,
vətənpərvərlik ruhunu daha da artırır. İndi
nəinki arxa cəbhədə, hətta düşmənlə
üzbəüz təmas xəttində yerləşən hərbi
hissələrdə özünü göstərən
genişmiqyaslı hərbi quruculuq prosesi yalnız
böyük qürur və sevinc hissi doğurur. Azərbaycan əsgərinin
mənəvi-psixoloji durumu, hərbi və maddi-texniki təchizatı,
döyüş hazırlığı, bir sözlə,
ümumi vəziyyəti ilə əyani surətdə
tanış olmaq, qazanılan uğurların canlı
şahidlərinə çevrilmək üçün bir
çox tədbirlər həyata keçirilir. Milli Məclis
rəhbərliyinin Müdafiə Nazirliyi ilə bu istiqamətdə
birgə həyata keçirdiyi növbəti layihə də hərbçilərimizin
böyük sevincinə səbəb oldu.
Ən müasir
standartlara uyğun hərbi qərargah
Oktyabrın
30-da Milli Məclisin deputatları, Müdafiə Nazirliyinin
yüksək rübtəli zabitləri, hüquq müdafiəçiləri
və media nümayəndələri Tərtər rayonunda
düşmənlə təmas xəttində yerləşən
"N" saylı hərbi hissəyə səfər edərək
əsl reallıqla tanış oldular. Nümayəndə heyətinin
tərkibinə Milli Məclis Sədrinin müavini Bahar
Muradova, AMEA-nın vitse-prezidenti Akif Əlizadə, parlamentin
Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə,
deputatlar Musa Quliyev, Bəxtiyar Sadıqov, Sahibə Qafarova,
hüquq müdafiəçiləri Novella Cəfəroğlu,
Səadət Bənənyarlı ilə yanaşı,
Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin
Tərbiyə İşləri İdarəsinin rəisi,
general-mayor Vaqif Məmmədov, "N" saylı hərbi
hissənin komandiri, general-mayor Nizam Osmanov və Müdafiə
Nazirliyi Mətbuat Xidmətinin rəisi, polkovnik Eldar
Sabiroğlu da daxil idi.
Bütün regionlarda olduğu kimi, Tərtərdə
də böyük yenidənqurma, abadlıq-quruculuq işləri
görülüb. Yolboyu gözəl mənzərələr,
insanların istirahəti üçün salınmış
parklar və tam yenilənmiş şəhər mərkəzi
insanda xoş təəssürat yaradır. Ancaq "N"
saylı hərbi hissənin yerləşdiyi Şıxarx kəndinə
çatdıqda mənzərə və əhval-ruhiyyə
tamamilə dəyişir. Vaxtilə qızğın
döyüşlərin mərkəzi olmuş bu kənddə
əksər evlər dağılmış, uçmuş və
yaşayış üçün əlverişsiz vəziyyətə
düşmüşdür. Lakin buna baxmayaraq, kənddə hələ
də yaşayan insanlar var. Bu acınacanqlı durumu
görüb qapandığımız qəmgin hisslər hərbi
hissəyə çatanda bir anda yox olur. Qarşımızda
müasir standartlara uyğun tikilmiş hərbi qərargah, ən
son model hərbi avtomobillər və bizi qarşılayan igid Vətən
keşikçiləri dayanmışdı. Düşmənin
atəş mövqeyindən görünməyən, səngərdən
bir qədər aralıda yerləşən hərbi hissənin
sosial infrastrukturu, maddi və hərbi-texniki təchizatı, hərbi
təyinatlı tikililəri səliqə-sahmanı, təmizliyi
ilə diqqəti çəkir.
"İstiqlal"
snayperi MDB və NATO-ya üzv ölkələrin ordularında
istifadə olunan analoqlarından yüksəkdədir
Nümayəndə heyətinə hərbi
formalar təqdim edilir. Tərxilibas olub hərbi
maşınlara əyləşirik. Səfərimiz əsgərlərin
atəş meydançasından (poliqon) başlayır. Burada
hərbçilər hədəfi düzgün nişanalma təlimləri
keçirlər.
Zabit Anar Tarverdiyev təlimlərdə
istifadə olunan silah növlərini bir-bir təqdim edərək
onların döyüş qabiliyyəti barədə məlumat
verir. Silahlar arasında Azərbaycan Müdafiə Sənayesi
Nazirliyinin (MSN) istehsal etdiyi "İstiqlal" snayper tüfəngi
də var. Taktiki-texniki xüsusiyyətlərinə görə
bu silah həm MDB ölkələrində, həm də NATO ordularında
istifadə olunan analoqlarından yüksək səviyyədədir.
Bu silahın optik nişangahı özəlliyi ilə
analoqlarından fərqlənir. Hədəfi məhvetmə məsafəsi
3 min metr olan "İstiqlal" -50 və +50 dərəcə
temperaturlarda belə rahat istifadə oluna bilir. Yağmur, palçıq,
qar və toz təsirinə davamlı snayper tüfəngini iki
hissəyə ayırmaqla çantada daşımaq
mümkündür. Darağın tutumu 5 patron, 2 min metr məsafədə
dəqiq vuruş və beton hasarı dəlibkeçmə
qabiliyyətinə malikdir. Həmçinin zirehdeşən və
yandıran patronları da bu tüfəng üçün nəzərdə
tutulub. Kalibri 14,5 mm-dir.
Təqdimatdan sonra komandir atəş əmri
verir və "İstiqlal"dan açılan atəş
poliqonda sükutu pozur. Sonra əsgərlər digər
silahlardan praktik atış nümayiş etdirirlər. Hiss
olunur ki, artıq müasir hərbi silah-sursatla təmin olunan
ordumuzun döyüş tapşırığını hər
an yerinə yetirməsi üçün istifadəsində
olan texnikadan yararlanma qabiliyyəti çox yüksəkdir.
Nümayəndə heyəti xoş əhval-ruhiyyə
ilə Komanda Müşahidə Məntəqəsinə (KMM)
yollanır. Bura döyüş zamanı böyük komandirin
bütün hərbi hissənin şəxsi heyətini, zirehli
texnikasını idarə etdiyi bir məntəqədir. KMM-də
xidmət çəkən əsgər və zabitlərdən
daha çox diqqət, ayıq-sayıqlıq tələb
olunur. Çünki burada düşmənin istənilən
canlı qüvvəsini, zirehli texnikasının hərəkət
marşrutunu (gecə və gündüz) müəyyən edərək
dəqiq koordinatları təyin edən müasir
avadanlıqlar quraşdırılıb. Vaqif Məmmədov deyir ki, bu avadanlıqla düşmənin
istənilən canlı qüvvəsinin yerini müəyyənləşdirərək
həmin əraziyə dəqiq zərbələr endirmək
mümkündür: "NATO standartlarına uyğun ən
müasir texnika ilə təchiz olunmuş ordumuzun
döyüş qabiliyyətini daha da artıran bu cür
qurğular cəbhəyanı bütün hərbi hissələrin
komanda müşahidə məntəqələrində
mövcuddur".
Sonra nümayəndə heyətinin
üzvləri müşahidə mövqelərindən
müasir müşahidə aparatları vasitəsilə
işğal altında olan Azərbaycan ərazilərinə və
düşmən mövqelərinə baxırlar.
Müşahidə aparatları vasitəsilə baxdıqda
11680 metr aralıda yerləşən Ağdərə, sağ
tərəfdə isə (6620 metr aralıda) Ciləbürt kəndi
görünür.
Hər an
döyüşlərin bərpaolunma ehtimalı var
Tanışlıqdan sonra nümayəndə
heyətinin rəhbəri, Milli Məclis Sədrinin müavini
Bahar Muradova öz təəssüratlarını
bölüşür:
- Cəbhə bölgəsinə bu cür
səfərlər Azərbaycan ordusunun inkişaf səviyyəsini
və onun nailiyyətləri barədə bilavasitə yerindəcə
məlumat əldə etmək imkanı verir. Bu da bizim
üçün çox vacibdir. Çünki hazırda Azərbaycan
müharibə vəziyyətindədir və hər an
döyüşlərin bərpaolunma ehtimalı var. Vəziyyətin
isə bu şəkildə davam etməsi həmin ehtimalı
artırır. Ona görə də həm ictimaiyyət
nümayəndələri, həm Milli Məclisin
deputatları Azərbaycan ordusunun nəyə qadir olduğuna əmin
olmaq üçün daim onun yanında olmalıdır! Bu, ən
azı bir vətəndaş, siyasətçi kimi bizim
borcumuzdur! Bu səfər ərzində çox yüksək təəssüratlarımız
yarandı. Hər səfərdən-səfərə biz
çox böyük inkişafın şahidi oluruq. Ən əsası
döyüşçülərimizin yüksək əhval-ruhiyyədə
olması məni şad edir! Çünki kiminlə
görüşürüksə, görürük ki, hər
kəs öz vəzifəsinə böyük məsuliyyətlə
yanaşır və bu, onların işində də aydın
görünür.
Azərbaycanın öz istehsalı olan
silahlardan istifadəsi qürur hissi yaradır. İnanıram
ki, Azərbaycan ordusu öz üzərinə düşən
vəzifəni yerinə yetirməyə qadirdir və bizim
ordumuz Qafqazda ən qüdrətli ordudur.
Vitse-spiker Bahar Muradova Ermənistan rəsmilərinin
"Azərbaycanın hərbi xərclərini ildən-ilə
artırması Dağlıq Qarabağ münaqişəsinin
həllinə mane olur" fikrinə də münasibət
bildirdi. Onun sözlərinə görə, Azərbaycan
inkişaf edir və bu inkişaf hər bir sahədə
olduğu kimi, orduda da özünü göstərir:
- Azərbaycanda Silahlı Qüvvələrə ayrılan vəsait davamlı şəkildə
artırılır. Lakin Azərbaycanın orduya
ayırdığı vəsait digər ölkələrin
orduya ayırdığı vəsaiti üstələmir.
İndi biz neyləyək ki, Ermənistan rəhbərliyi
özünün yeritdiyi qeyri-konstruktiv siyasətlə öz
ölkəsini, xalqını problemlər məngənəsinə
salır. Orada nəinki inkişaf getmir, əksinə, vəziyyət
günbəgün pisləşir. Ona görə də bizə
qarşı qeyri-obyektiv fikirlər səsləndirirlər. Bu,
bizi qətiyyən narahat etmir.
KMM və müasir hərbi avadanlıqlarla
tanışlıqdan sonra düşmənə bir qədər
də yaxınlaşırıq. Biz yeni mövqelərə
yaxınlaşanda hərbi hissənin Qapanlı kəndində
yerləşən taburu naharda idi...
(Ardı var)
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2012.-
1 noyabr.- S.5.