Xalqın həyat səviyyəsini daha da
yaxşılaşdırmağa hesablanan iri sosial layihələr
uğurla həyata keçirilir
Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafına
dair birinci Dövlət Proqramının uğurlu icrası
sonrakı mərhələdə qazanılacaq nailiyyətlərin
etibarlı təməlinə çevrilmişdir. Bölgələrdə
hər kəsin görüb böyük dəyər verdiyi
dinamik inkişaf göz qabağındadır. Bu gün Azərbaycanın
elə bir guşəsi yoxdur ki, orada genişmiqyaslı
abadlıq-quruculuq işləri aparılmasın, xalqın həyat
səviyyəsini daha da yaxşılaşdırmağa
hesablanan iri sosial layihələr həyata keçirilməsin.
Bu sırada bərəkətli Muğan düzünün mərkəzinə
çevrilmiş Sabirabad rayonunun xüsusi yeri vardır.
Torpağı münbit, adamları əməksevər,
mehriban və qədirbilən olan bu diyar istər sovet dönəmində,
istərsə də müstəqillik illərində respublika
rəhbərliyinin böyük önəm verdiyi məkan
olmuşdur. Xalqımızın ümummilli lideri Heydər Əliyev
Azərbaycana rəhbərliyinin birinci mərhələsində Sabirabada
14 dəfə səfər etmişdir. Bu unudulmaz səfərlərin
hər biri yaddaşların şirin xatirəsi olmaqla yanaşı, bu gün də diqqət
çəkən təhsil, səhiyyə, mədəniyyət
müəssisələrinin, iri istehsal və emal sahələrinin,
həmişə minnətdarlıqla
xatırlanan möhtəşəm körpünün
ünvan tapması ilə yadda qalır.
Ulu öndərin başladığı
işləri bütün istiqamətlərdə uğurla, həm
də müasir dövrün tələblərinə uyğun
yaradıcılıqla davam etdirən Azərbaycan Prezidenti
İlham Əliyev Sabirabada münasibətdə də varislik
missiyasına sədaqətini parlaq şəkildə
nümayış etdirir. Bu bölgənin yüksəlişinə
xüsusi münasibətin məntiqi nəticəsidir ki,
dövlət başçısı rayonun sosial-iqtisadi
inkişafını sürətləndirmək
üçün təkcə ötən il ərzində
dörd sərəncam imzalamışdır. Təbii ki,
bu böyük qayğı rayon
əhalisində hədsiz razılıq və minnətdarlıq
doğurur. Dövlətin qayğısından güc alan
sabirabadlılar rayonun sosial-iqtisadi həyatının əsas
istiqamətlərində böyük uğurlara imza
atmışlar. Prezident İlham Əliyevin sərəncamları
əsasında dövlət büdcəsindən, Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılan vəsait
qısa müddət ərzində əsaslı dəyişikliklərə
stimul vermiş, mühüm infrastruktur layihələrinin
icrasını şərtləndirmiş, əhalini narahat edən
içməli su, təbii qaz, elektrik enerjisi ilə təminatdakı
problemləri aradan qaldırmağa imkan yaratmış, kəndarası
yolların yenidən qurulmasını, müxtəlif
sosialyönümlü obyektlərin tikintisini gerçəkləşdirmişdir.
Sabirabadın sosial həyatında
dövlət qayğısından kənarda qalan sahə
yoxdur. Ata-babalarımız yol çəkməyi, körpü
salmağı həmişə böyük savab bilmişlər.
Dövlət başçısının təşəbbüsü
ilə Kür çayının Cavad kəndi ərazisindən
keçən hissəsində müasir standartlara cavab verən
yaraşıqlı körpünün tikilib istifadəyə verilməsi
16 min nəfərdən çox əhalinin
yaşadığı Cavad, Yolçubəyli, Narlıq,
Türkədi, Həsənli, Əlicanlı və Zəngənə
kənd sakinlərinin rayon mərkəzinə olan yolunu dəfələrlə
qısaltmışdır. İndi adamlar hər dəfə bu
körpüdən keçəndə, qovuşduqları
rahatlığın müqabilində dövlət
başçısına minnətdarlıqlarını dəfələrlə
dilə gətirirlər.
Yeddi milyon
manata başa gələn 34 min nəfər əhalinin yaşadığı
18 yaşayış məntəqəsini birləşdirən
Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil
yolunun istifadəyə verilməsi rayonun sosial-iqtisadi həyatında
mühüm hadisəyə çevrilmişdir. İndi rayonun
çoxsaylı kəndlərini rahat və geniş asfalt
yollar birləşdirir. Yol infrastrukturunun
yaxşılaşdırılması istiqamətində
işlər isə uğurla davam etdirilir.
Rayon əhalisinin içməli su təminatını
yaxşılaşdırmaq da dövlət
başçısının böyük önəm verdiyi məsələlər
sırasında yer alır. Rayonun Şıx Salahlı,
Bulaqlı, Qaratuğay, Xankeçən, Poladtuğay kəndlərində
modul tipli sutəmizləyici qurğular inşa edilməsi məhz
Prezident İlham Əliyevin imzaladığı sərəncam
əsasında reallaşmışdır.
2010-cu ildə Sabirabad sel fəlakəti
ilə üz-üzə qalanda, adamlar təbiətin sərt
sınağı ilə qarşılaşanda yenə dövlətin
qayğısı sayəsində sarsılmadılar. Seldən
böyük zərər çəkən, evlərini itirən
Ulacalı kəndinin sakinləri üçün yeni
salınmış qəsəbədə ev alan, yaşı
80-ni haqlayan Zakir Babayev o ağrılı günləri belə
xatırlayır:
- Hər şey qəflətən
baş verdi. Bir anın içində kəndimiz suya qərq
oldu. Rayondan gələn texnikanın gücü ilə ailə-uşağı
selin ağzından alıb təhlükəsiz yerə
çıxardıq. Fövqəladə Hallar Nazirliyi tərəfindən
qurulan çadırlarda yerləşdirildik. Sel sularına qərq
olan evimizi, irili-xırdalı məişət əşyalarımızı,
yaşayış üçün zəruri olan
avadanlıqlarımızı itirmişdik. Baş
sındırsaq da, düşdüyümüz burulğandan
çıxış yolu tapa bilmirdik. Maddi itkilər bir yana, mənəvi
böhran keçirirdik. O ağır anlarda Prezident İlham Əliyevi
yanımızda görəndə toxtadıq. Dövlət
başçısının: "Narahat olmayın, dövlət
səviyyəsində bütün zəruri tədbirlər
görüləcəkdir. Əvvəlkindən də
yaxşı evləriniz olacaqdır" - sözləri bizə
böyük təsəlli oldu. Aradan cəmi bir neçə
ay keçməsinə baxmayaraq hər cür
rahatlığı olan 50 evdən ibarət yeni Ulacalı qəsəbəsi
tikildi. Bizim ailəyə də bu yaraşıqlı qəsəbədə
3 otaqlı mənzil verdilər. Artıq xeyli vaxtdır ki, məişət
rahatlığına qovuşmuşuq. Hər şey
üçün, bizə verilən təmənnasız evə,
dar gündə mənəvi dayağa görə Prezident
İlham Əliyevə minnətdarıq.
İki il əvvəl baş vermiş
sel fəlakətinin nəticələrini aradan qaldırmaq
üçün dövlət səviyyəsində
görülən tədbirlər indi də müvəffəqiyyətlə
davam etdirilir. Bu günədək
rayon ərazisində 1439 ev tikilib istifadəyə
verilmişdir. Daha 380 evin tikintisi sürətlə aparılır.
Seldən zərər çəkmiş 17 sosial obyektdə bərpa
işləri görülmüşdür. Sel fəlakətinin
nəticələrini aradan qaldırmaq üçün indiyədək
17,2 milyon manat dövlət vəsaiti
xərclənmişdir.
Dövlətin davamlı və yetərli
qayğısından güc alan Sabirabad bu gün Muğan düzündə
ulduz kimi parlayır. Bölgədə abadlıq-quruculuq
işləri vüsət almışdır.
Yaraşıqlı park və xiyabanlar, abad prospekt və
küçələr gələn qonaqları heyran edir. Bir
neçə il əvvəllə müqayisədə bölgə
əhalisinin həyat tərzi, dolanışıq səviyyəsi
müqayisəolunmaz dərəcədə dəyişmişdir.
Bu diyarın hünərvər oğul-qızlarının
qayğısı təkcə abadlıq və quruculuq işləri
ilə məhdudlaşmır. Rayonda becərilən torpaq sahələrinin
hər qarışından maksimum səmərəli şəkildə
istifadə etmək, ölkənin ərzaq təhlükəsizliyinə
sanballı töhfələr vermək üçün hər
kəs səy və bacarığını əsirgəmir.
Sabirabad sabaha, böyük uğurlara doğru inamla
addımlayır.
Lazım
QULİYEV
Azərbaycan.-2012.-
1 noyabr.- S.6.