Zamanla
döyüşənlər
Ötən əsrin əvvəllərində varidatına görə məşhurlaşan on bir Bakı milyonçusu sırasında birincilik qazanmış Ağa Musa Nağıyevə sovet hakimiyyəti illərində "istismarçı kapitalist" damğası vurulmuşdu. Hətta bəzi araşdırmalarda da kapitalistlər haqqında yazanda nədənsə Ağa Musanın ünvanına "xəsis" deməkdən çəkinmədilər. Halbuki onun gördüyü xeyirxah işləri, tikdirdiyi binaları və digər qeyri-adi savab əməllərini saf-çürük etdikcə başqa cür düşünürsən. O, xalqına, millətinə nə dərəcədə xidmət etmək mümkünsə, hamısını bacarıb. Bəlkə də taleyin qəzavü-qədərinə düçar olmasaydı, Ağa Musa Nağıyev daha nələr yaradacaqdı... Təəssüf ki, bu cür güclü və təpərli şəxsiyyətin fəaliyyəti, doğma xalqına göstərdiyi xidmət uzun müddət kölgədə qaldı. Halbuki onun təkcə Bakı şəhərində tikdirdiyi 98 bina (arzusu 100 olub) tariximizin daş yaddaşıdır. Bu yadigarların hər naxışında neft milyonçusunun saf əməli, vətənpərvərliyi, milli təəssübkeşliyi sükuta dalıb.
Ağa Musa Nağıyev Bakının iri neft maqnatları arasında Nobel qardaşlarından sonra ən varlı və ən mötəbər milyonçu kimi tanınmışdı. On bir yaşından hamballıq edən bu samançı oğlu əlinin qabarı ilə 49 yaşında milyonçu Ağa Musa oldu. Bu yaxınlarda "Elm" nəşriyyatı tərəfindən çapdan çıxan "Zamanın sorağı" adlı kitabın müəllifi milyonçunun nəvəsi Dilarə Nağıyevadır. Müəllif yeni nəşrdə Ağa Musa Nağıyevin uzun müddət kölgədə qalmış fəaliyyətinə və xalqına göstərdiyi xidmətə ayna tutub. AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimovun kitaba yazdığı ön sözdə oxuyuruq: "Keçmişimizə hörmətlə yanaşmaq, Azərbaycan tarixini, onun dəyərli səhifələrini övladlarımıza, gələcək nəslə ötürmək hər birimizin borcudur. Dilarə xanımın bu mövzuya müraciət etməsi və zaman məsafəsində qazandığı nailiyyətləri onun vətənpərvərlik hisslərindən, humanizmindən, incə, nəcib duyğularından irəli gəlir. Xeyriyyəçilik prinsipləri ilə tanınan, insanlara maddi və mənəvi dayaq olan bu xanımın ürək genişliyi onun ətrafında olan insanlara sevgi hissini aşılayır... Bəxt, tale, qismət deyilən anlamlara inanmayanlara bir məsləhətim var: neft milyonçusu Ağa Musa Nağıyevin həyat tarixçəsinə nəzər salsınlar... Tanrı onu kiçik yaşlarından özündən böyük yükün altına atıb. Zəhmətinin bəhrəsini - yalnız çörəyə və qəndə çatan pulu qazanıb ona möhtac olan ailəsinə köməkdə görür. Uşaqlığını unudur. A.M.Nağıyevin sonradan qazandığı sərvətin ölçüsü hesabagəlməzdir. Xeyirxahlığı, ziyalı təfəkkürü ilə zəmanəsinin mesenantları arasında özünəməxsus yer tutanlardan olur. "Zamanla böyüyən insan" - Ağa Musa Bakının simasına çevrilir".
Müəllif kitabın əvvəlində oxuculara Bakını qurub-yaradan neftxudaların hər biri haqqında qısa məlumat verir. Bu da səbəbsiz deyildi. Paytaxtımız yalnız neftçi, tarixi-memaprlıq abidələri, bənzərsiz Xəzəri və Abşeronu ilə deyil, həm də məşhur insanları - milyonçuları ilə tarixləşən şəhərdir. Hətta 70 illik sovet rejimi onların üstünə xətt çəkmək istəsə də, bu milyonçuların adları onları tanıyanların yaddaşından silinmədi: H.Z.Tağıyev, A.M.Nağıyev, Ş.Əsədullayev, M.Muxtarov. A.Nobel, Ə.B.Aşurbəyov, İ.Hacınski, H.Ə.Eldarov, K.A.Zərbəliyev, A.Rotşild, T.Qulubəyov. Müəllif çox haqlı olaraq yazır ki, bizim hər birimiz bu böyük şəxsiyyətlərin ruhu qarşısında borcluyuq. Çünki bu insanlar neftdən gələn sərmayəni xalqın maariflənməsinə, mədəniyyətinin, mətbuatının inkişafına, memarlığının zənginləşməsinə, gözəlləşməsinə, incəsənətinin şaxələnməsinə sərf etdilər.
XIX əsrin axırlarından etibarən Azərbaycan ziyalılarının və sahibkarlarının səyi nəticəsində milli mədəniyyətin, təhsilin və səhiyyənin inkişafına kömək məqsədilə xeyriyyə cəmiyyətləri yaranmağa başladı. Həmin cəmiyyətlərin də fəaliyyətini uğurlu təmin etmək üçün dövrün mesenantları sırasında nüfuzlu yer tutan Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev və Murtuza Muxtarovun böyük xidmətləri olub.
Milyonçunun nəvəsi Dilarə xanım Nağıyeva kitabı elə maraqlı ştrixlərlə naxışlayıb ki, təqdim etdiyi sənədlərdən bir vətən övladının, unudulmaz Bakı milyonçusunun işıqlı obrazı boylanır. Töhfələrinin sayını sıralayan rəqəmlərin, faktların arxasında fenomen bir şəxsiyyətin dəyərli xidmətləri dayanır. Əgər Ağa Musa Nağıyev tərəfindən tikilən və Bakı memarlığının Qızıl Fonduna daxil olan binaları saysaq, uzun bir siyahı əmələ gələr. Bakıya bir klassikalıq gətirən, onun hüsnünə Qərb və Şərq memarlıq koloritini bəxş edən qeyri-adi gözəl binaların əksəriyyətini Ağa Musa Nağıyev tikdirmişdir. Bu gün bir sıra komitə və nazirliklərin yerləşdiyi binalar onun yadigarlarıdır. 28 May küçəsində yol boyu sıra ilə düzülmüş, memarlıq üslubu ilə seçilən binaların demək olar ki, əksəriyyəti Ağa Musa Nağıyevin təşəbbüsü ilə inşa olunmuşdur. Elmlər Akademiyasının Rəyasət Heyətinin binası, Zabitlər evi, Diaspor Komitəsi, "Üns" teatrı, "Azərittifaq", Ağır Cinayətlər üzrə Məhkəmə, İqtisad Universiteti, dörd xəstəxana, Mərdəkanda mədə-bağırsaq sanatoriyası və s. Təkcə Bakıda deyil, başqa şəhərlərdə də məscidlər tikdirən Bakı milyonçusu digər dinlərə sitayiş edənləri də unutmurdu. O, "Kirxa" və "Sinaqoq"un tikilməsinə vəsait ayırıb.
Deyilənlərə görə, XX əsrin binalarından Morozovun Moskvadakı mülkünü dünya incəsənətinin keçid dövrünün ixtirası hesab etmək mümkünsə, Azərbaycanda bu şərəf "İsmailiyyə" qotikasına (saray) görə Ağa Musa Nağıyevə ünvanlanır. Bir faktı da xatırladaq ki, Bakıya şollar suyunun çəkilmə xərcinin xeyli hissəsini - vəsaitin 75 faizini Ağa Musa Nağıyev ödəmişdi.
Öz nəhəng sarayları, tikililəri ilə həmkarlarını - milyonçuları belə lərzəyə gətirən Ağa Musanın nəslinin başına çox zülmlər gəlmişdi. Nəinki yaxın adamları, övladları, hətta ən uzaq qohumları də vətəndən sürgün edildilər, zindanlara atıldılar, qətlə yetirildilər. Ədəbiyyatda belə onların mənfi obrazları yaradıldı, karikaturaları çəkildi. Özünün nəşini bir neçə dəfə gordan ediblər. Amma həqiqət deyilən bir inci var ki, o, min arşın quyunun dibinə salınsa da, nə vaxtsa üzə çıxır. Yetmiş illik ağır qadağadan sonra Günəşin üzündəki qara buludlar çəkildi.
Doğrudur, Azərbaycanın rus ordusu tərəfindən işğal edilməsi Ağa Musa Nağıyev kimi insanların təkcə ömürlərinə deyil, əməllərinə də balta çaldı. Əlbəttə, bir ömrü susdurmaq asan olsa da, onun işıqlı əməllərini, milləti və xalqı yolunda gördüyü xeyirxahlığı ölümə məhkum etmək mümkün deyildir. Dövlət müstəqilliyimizin bərpasından sonra bu şəxsiyyətlərin də haqqının özünə qaytarılması başlandı. Vətəndən uzaqda yaşayanlar Bakıya döndülər. Kitabın müəllifi haqlı olaraq söyləyir: "Çalışdığım Ağa Musanın adına layiq nəvə olmaqdır. Onun nurlu əməlləri sönməyən bir işıq kimi bu gün də işimizi istiqamətləndirir".
Müəllif Ağa Musa Nağıyevin müqəddəs əməllərini dolğun əks etdirmək məqsədilə "Gördüyü xeyirxah işlərin kiçik siyahısı"nı da kitaba əlavə edib. Buradan alınan bilgilərdən həqiqətən də, heyrətə gəlməmək qeyri-mümkündür. Bir insan nə qədər böyük və geniş ürəyə malik ola bilərmiş ki, öz varidatını bu dərəcədə səxavətlə el və millət yolunda xərcləyə bilsin. Bircə məsələni xüsusilə diqqətə çatdırmaq lazımdır ki, Bakıda səhiyyə obyektlərinin tikilməsi, bu məsələyə son dərəcədə diqqətlə yanaşılması, əhəmiyyət verilməsi məhz Ağa Musa Nağıyevin adı ilə bağlıdır. Yeganə oğlunu ağır xəstəlikdən itirən milyonçu vətən övladlarını xilas etmək üçün səhiyyə məsələsinə böyük həssaslıqla yanaşıb, onun inkişafı naminə varından keçməyi bacırıb. Bir əsrdən çoxdur ki, onun tərəfindən inşa edilmiş binalar Bakının bugünkü əzəmətli görkəmində də öz sanbalı ilə seçilir.
Dilarə xanım bir arzusunu da bildirir ki, babam yüz bina tikdirmək niyyətində idi, bunun 98-nə nail olub. Kaş mənim elə bir gücüm və imkanım olaydı ki, babamın istəyini tamamlayaydım. Bizə elə gəlir ki, Azərbaycan mədəniyyətinin, incəsənətinin, memarlığının inkişafında, sözün həqiqi mənasında, fədakarcasına çalışan, fəaliyyət göstərən bu unudulmaz şəxsiyyət haqqında kitablar yazmaq, araşdırmalar aparmaq, üstünü toz basmış sənədləri toplamaq, xeyirxah işlərinin bəhrəsi olan abidələrin, binaların siyahısını tərtib etmək, bir sözlə, Ağa Musa Nağıyevi olduğu kimi xalqına çatdırmaq özü də bina tikdirməyə bərabərdir!..
Flora XƏLİLZADƏ
Azərbaycan.-2012.- 1 noyabr.- S.7.