Bir ömrə sığmayan sənət yolu

 

 Xalq şairi Osman Sarıvəllinin latın qrafikası ilə oxuculara yenidən təqdim edilən "Qüdrətli şair, ustad sənətkar" əsəri Aşıq Ələsgərin 1972-ci ildə keçirilmiş 150 illik yubileyinə həsr edilmişdi. Müəllif əsərinin qəhrəmanının həyat və yaradıcılığını onun əsərlərinin elmi, ədəbi təhlillə birlikdə elə verir ki, aşığın ustadlıqdan dədəliyədək keçdiyi yol publisistik dillə rəvan açılır. Dədə Ələsgərin həyatının  ictimai əhəmiyyət daşıyan bütün səhifələri, onunla bağlı yaranan dastan və rəvayətlər burada yığcam və müfəssəl şəkildə verilir.

Aşıq Ələsgərin yaradıcılığı hələ sovetlər birliyi dövründə, ondan əvvəllər də  yalnız sevimli xalqı deyil, bütünlüklə türk dünyası tərəfindən yüksək dəyərləndirilib. Doğrudur, ustadın yaşayıb-yaratdığı dövrlər müxtəlif ictimai-siyasi quruluşlara təsadüf edib. O, hər hansı fəxri adtituldan çox-çox yüksəklikdə dayandığından, rəsmi təltifi olmayıb. Lakin şeirlərinin hamısının türkdilli xalqların sinəsindən və yaddaşından toplandığını nəzərə alsaq, demək olar ki, Dədə Ələsgər bütün fəxri adlara layiq görülmüş bir üstaddır.

Nəşrin "Son söz əvəzi" yazısında Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Nailə İbrahimovanın da xüsusi olaraq qeyd etdiyi kimi, 190 illik yubileyinə hazırlaşdığımız ustad Ələsgər sonu bitib-tükənməyən aşıq yaradıcılığının, Azərbaycan poeziyasının, ümumilikdə türk şeirinin on doqquzuncu yüzillikdə yetişən ən qüdrətli sənətkarlardandır: "Aşıq yaradıcılığının gözəl bilicisi, bütün varlığı ilə bu ruhda yaşayıb-yaratmış görkəmli xalq şairimiz Osman Sarıvəllinin ustad Ələsgərin həyat və yaradıcılığına tədqiqat əsəri həsr etməsi təsadüfi deyildir. Bu, ustadın zəngin irsinə, onun böyük söz sahibi kimi, poeziyasına olan sevgisidir".

 

 

M.NƏRİMANOĞLU

 

Azərbaycan.-2012.- 1 noyabr.- S.7.