Neftçi ömrünün bir
anı
"Bahar" Enerji Əməliyyat Şirkəti fəaliyyətə
başlamağı ilə buraya sanki bahar nəfəsi gətirdi.
Söhbət Qum adasından, "Qum-dəniz"
və "Bahar" yataqlarından gedir.
Çoxdandır
istismar olunan bu yataqlarda son
iki-üç ildən bəri əsaslı
dəyişikliklər baş verir. Onların ərazisinə yeni
texnika və texnologiya
gətirilir, özüllər təmir olunur,
yeni quyular
qazılır.
Şirkətin istismar etdiyi ərazi həm
neft, həm də qaz
ehtiyatları ilə zəngindir. Belə ki,
"Bahar" əsasən qaz, "Qum-dəniz" isə neft yatağıdır. "Qum-dəniz" sahilin, daha doğrusu,
adanın bir qədər
yaxınlığında yerləşir. "Bahar"a isə yol uzaqdır, gəmi
ilə iki saatdan çox məsafə qət etmək lazım
gəlir.
Bu yataqlarda səriştəli,
peşəsinin vurğunu olan
böyük bir
neftçilər ordusu
çalışır. Dəniz neftçisi
olmaq heç də asan iş deyil.
Deyirlər, elələri olur ki, dənizdə işləməyə uzun müddət can
atır, amma arzusuna
çatdıqda elə birinci
qasırğadan sonra buranı tərk edir. Özü də birdəfəlik...
"Bahar"da, "Qum-dəniz"də
çalışanlar isə taleyini həmişəlik
Xəzərlə bağlayan
insanlardır. Xəzər də öz qoynunda məhz belələrinə -
güclülərə, onun tufanından,
fırtınasından qorxmayanlara yer verir. Onların daimi iş yerinə,
çörək təknəsinə, hünər meydanına
çevrilir.
Xəzərlə
ülfət bağlayıb dostluq edən bu insanların bir dəstəsi
ilə Qum adasında rastlaşdıq.
"Qum-dəniz" yatağındakı 9-cu meydançada
toplaşmışdılar. Təcrübəli operator Seyidverdi Muradov (şəkildə ortada)
dostları ilə qızğın söhbət edirdi. Onlar şirkətə
təzə gətirilmiş qazma
avadanlıqları barədə fikirlərini, mülahizələrini
bölüşürdülər. Neft və
qazçıxarma ustası Anar Həsənov
(sağda), yeraltı və əsaslı təmir
sexinin böyük
ustası Firudin Nəcəfov da burada idilər.
Birdən
hamının nəzərləri uzaqdan
üzə-üzə adaya
yaxınlaşmaqda olan gəmiyə zilləndi.
Kimsə dedi:
- "Uluçay"dır,
"Bahar"dan gəlir. Oradan avadanlıq gətirir.
Neftçilərimiz onu səhərdən
gözləyirdilər.
Doğrudur, "Uluçay" qonşuluqdakı meydançaya
yan alırdı. Amma elə bu
meydançada da estakadanın şəbəkəli
"divar"larına yaxınlaşıb
onu qarşılayanlar
az deyildi.
Sanki belə mənzərəni
ilk dəfə görürdülər...
Xəzər neftçisi dənizdən
doyan, bezən deyil. Bəzən bizlər elə düşünürük ki,
Xəzər onun üçün adiləşib,
dənizin füsunkarlığını
hər gün gördüyü üçün
bu gözəlliyi artıq gözlərinə
"yığıb", tamaşaya,
seyrə çıxmağa
ehtiyac qalmayıb.
Amma Xəzər neftçisi
üçün onunla
hər görüş
əzizdir. Hər dəfə
sahilə dönüb
geriyə qayıdanda qəlbi həyəcanla döyünür. Bəzən işdən
sonra, boş dəqiqələrində xəlvətə
çəkilib Xəzərlə
söhbət edir, dərdləşir. Əziz
bir dostu, sirdaşı ilə olduğu kimi...
Flora SADIQLI
Azərbaycan.-2012.-
1 noyabr.- S.8.