Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Antonius Broeki qəbul etmişdir.

BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Antonius Broek etimadnamə məktubunu dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasında geniş fəaliyyətinə toxunan Antonius Broek təmsil etdiyi təşkilatla ölkəmiz arasında mövcud olan uğurlu əməkdaşlığa görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.

Azərbaycan ilə BMT arasında fəal əməkdaşlığın uğurla davam etdiyini vurğulayan Prezident İlham Əliyev bu əlaqələrin ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının üzv olduqdan sonra səmərəli şəkildə daha da genişləndiyini dedi və Azərbaycanın beynəlxalq təhlükəsizliyə və əməkdaşlığa öz töhfəsini verdiyini qeyd etdi. Azərbaycan-BMT əlaqələrinin uzun tarixə malik olduğunu vurğulayan Prezident İlham Əliyev Antonius Broekin ölkəmizdəki fəaliyyəti dövründə də əlaqələrimizin uğurla inkişaf edəcəyinə əminliyini bildirdi.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 2 noyabr.- S.1.