Mallara gömrük
təminatının vurulması Qaydaları
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 31 oktyabr tarixli
253 nömrəli qərarı ilə təsdiq edilmişdir
1. Ümumi müddəa
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 205.1-ci maddəsinə
əsasən hazırlanmışdır və gömrük
orqanları tərəfindən gömrük
nəzarəti altında qalmaqla idxalı,
ixracı və ya gömrük
ərazisindən tranzitlə keçirilməsi
nəzərdə tutulan mallara
gömrük təminatının
vurulması qaydalarını, habelə gömrük
orqanlarının vəzifəli şəxsləri tərəfindən
malların yerləşdirildiyi bağlamalara
gömrük təminatının
vurulması, onun dəyişdirilməsi,
çıxarılması şərtlərini və onlara müdaxilə oluna
biləcəyi halları müəyyən edir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
2.1.1.
gömrük təminatı - gömrük nəzarətinin və rəsmiləşdirilməsinin
nəticələrini əks etdirmək üçün
gömrük sərhədindən
keçirilən mallara və nəqliyyat
vasitələrinə gömrük
orqanları tərəfindən vurulan plomblar, möhürlər və digər eyniləşdirmə vasitələri;
2.1.2. bağlamalar - gömrük
nəzarəti altında olan malların kənar
müdaxilələrdən qorunması üçün
yerləşdirildiyi qablaşdırma vasitələri.
3. Mallara gömrük təminatının vurulması
şərtləri
3.1. Mallar gömrük nəzarəti
altında yerləşdirilərkən gömrük
təminatı gömrük nəzarətini
həyata keçirən gömrük
orqanının vəzifəli şəxsi tərəfindən
vurulur.
3.2. Malların
növündən və daşınma xüsusiyyətlərindən
asılı olaraq, gömrük
orqanının vəzifəli şəxsi eyniləşdirmə
vasitələrini seçmək hüququna
malikdir.
3.3. Seçilmiş eyniləşdirmə vasitələri
gömrük orqanının vəzifəli
şəxsi tərəfindən konteynerlərin və nəqliyyat
vasitələrinin mallara müdaxilə
imkanları olan yerlərinə
aşağıdakı şərtlərə riayət edilməklə
vurulur:
3.3.1. gömrük təminatı elə
vurulmalıdır ki, onu
sındırmadan və ya zədələmədən
mallara kənardan müdaxilə mümkün olmasın;
3.3.2. gömrük təminatı sadə və
etibarlı üsulla vurula
bilən olmalıdır;
3.3.3. yüklərin yerləşdirilə
biləcəyi bütün yerlər gömrük
baxışı üçün əlçatan
olmalıdır.
3.4. Gömrük təminatının
vurulması yerlərini müəyyənləşdirmək
mümkün olmadıqda, mallar bağlamalara yerləşdirilir.
3.5. Gömrük təminatı ona
müdaxilə edildikdən sonra ilkin formaya
qayıtmasını istisna edən konstruktiv quruluşa malik
olmalıdır.
3.6. Hər
bir gömrük təminatı xüsusi eyniləşdirmə
işarələri ilə fərqlənməli və bu
işarələr haqqında məlumat malların
müşayiətedici sənədlərində qeyd edilməlidir.
4. Malların
yerləşdirildiyi bağlamalara gömrük təminatının
vurulması
4.1. Mallar gömrük nəzarəti altında bağlamalara yerləşdirilərkən
onların gömrük təminatı gömrük nəzarətini həyata
keçirən gömrük
orqanlarının vəzifəli şəxsi tərəfindən
bu Qaydaların 3-cü hissəsində qeyd olunan tələblər
nəzərə alınmaqla vurulur.
5. Malların yerləşdirildiyi bağlamalara vurulmuş gömrük təminatının dəyişdirilməsi,
çıxarılması şərtləri və onlara müdaxilə oluna
biləcəyi hallar
5.1. Malların
yerləşdirildiyi bağlamalara vurulmuş gömrük təminatı
aşağıdakı hallarda dəyişdirilir:
5.1.1.
gömrük orqanları tərəfindən
malların xassələrinin, mənşəyinin, vəziyyətinin,
miqdarının və dəyərinin gömrük
bəyannaməsində göstərilən məlumatlara uyğunluğunu müəyyən etmək məqsədi
ilə onların fiziki yoxlanılması
zamanı;
5.1.2. gömrük
nəzarəti altında olan mallar barəsində səlahiyyəti olan şəxslər və ya
onların nümayəndələri tərəfindən
malların tarif təsnifatını, gömrük dəyərini və ya gömrük statusunu müəyyənləşdirmək üçün onlardan gömrük orqanının icazəsi ilə
prob və nümunələr götürüldüyü zaman;
5.1.3.
gömrük orqanının icazəsi ilə
mallar barəsində səlahiyyəti olan şəxslər və ya
onların nümayəndələri tərəfindən bağlamalara digər mallar
əlavə edildiyi və ya
bağlamalardan malların bir
hissəsi çıxarıldığı zaman.
5.2. Gömrük
təminatının dəyişdirilməsinə nəzarət
edən gömrük orqanının əməkdaşı
malların müşayiətedici sənədlərində zədələnmiş
gömrük təminatının işarələrini
yeni gömrük təminatı
işarələri ilə əvəzləyir və bunu şəxsi nömrəli möhürü
və imzası ilə təsdiq edir.
5.3. Malların
yerləşdirildiyi bağlamalara vurulmuş gömrük təminatı
aşağıdakı hallarda
çıxarılır:
5.3.1. fors-major hallarında mallar
barəsində səlahiyyəti olan şəxslər
və ya onların nümayəndələri
tərəfindən malların və nəqliyyat vasitələrinin
mühafizəsini təmin etmək məqsədi ilə;
5.3.2. gömrük nəzarətindən keçməli
olan malların gömrük
yoxlaması həyata keçirildikdə;
5.3.3. gömrük rəsmiləşdirilməsi başa çatdıqda;
5.3.4. gömrük məqsədləri üçün gömrük
orqanının vəzifəli şəxsinin
çıxardığı qərara əsasən.
5.4. Malların
yerləşdirildiyi bağlamalara vurulmuş gömrük təminatına
aşağıdakı hallarda müdaxilə
olunur:
5.4.1.
təhqiqatı və istintaqı gömrük
orqanlarının səlahiyyətinə aid
edilmiş cinayətlərin
qarşısının alınması, aşkar
edilməsi və açılması, onları hazırlayan,
törədən və ya törətmiş
şəxsləri müəyyənləşdirmək məqsədi
ilə qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış
fəaliyyəti həyata keçirildikdə;
5.4.2. nəzarətli
göndəriş zamanı mallar
götürüldükdə, tam və ya qismən əvəz edildikdə.
6. Yekun müddəa
6.1. Mallara və onların yerləşdirildiyi
bağlamalara gömrük təminatının vurulması imkanı
olmadıqda onları daşıyan nəqliyyat vasitələrinin
kənardan müdaxiləni istisna edən yük bölmələrinə
gömrük təminatı vurulmalıdır.
Azərbaycan $g
2012.- 2 noyabr.- S.6.