Müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi şərəfli yüksəliş yolu Yeni Azərbaycan Partiyasının fəaliyyət salnaməsidir

 

 Əli ƏHMƏDOV: "İlham Əliyev Heydər Əliyev siyasətinin növbəti nailiyyətlərinin və zəfərlərinin əsas təminatçısıdır"

 

 Bu il Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü tamam olur. Keçilən 20 illik yol və qarşıdan gələn yubiley yüz minlərlə insanı ətrafında birləşdirən, sayı milyonu ötən təəssübkeş dəstəyinə malik olan bir təşkilatın fəaliyyətində əhəmiyyətli məqam olmaqla yanaşı, ölkəmizin siyasi tarixində də  əlahiddə hadisə kimi səciyyələnir. Ən azı o baxımdan ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda son 20 ilə yaxın müddət ərzində əldə edilən uğurların şəriksiz müəllifi olan mövcud iqtidarın siyasi istinadgahı və hakim komandanı bilavasitə təşkil edən özəkdir.

Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovla müsahibəmiz də bu mövzudadır.

- Əli müəllim, gənclərlə bağlı söz açdınız. Bildiyimiz kimi, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının sədri seçilməsindən sonra gənclərin partiyaya axını da gücləndi. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının gənclər siyasətinin mühüm elementləri və üstünlükləri nədən ibarətdir?

- Fəal və vətənpərvər gənclərin partiya sıralarına cəlb olunması Yeni Azərbaycan Partiyasının fəaliyyətində prioritet istiqamətlərdən biridir. Bu gün partiyamız gənclərə özlərini təsdiq üçün, bacarıqlarını, potensiallarını reallaşdırmaq üçün geniş imkanlar yaradır.

Mən məxsusi olaraq Yeni Azərbaycan Partiyasının İlham Əliyevin rəhbərliyi altında gənclik ab-havası ilə əhatə olunmasını ayrıca vurğulamaq istəyirəm. İlham Əliyevin Yeni Azərbaycan Partiyasına sədr seçilməsi Azərbaycan gəncliyinin daha qətiyyətlə və daha çox sayda bu təşkilatın sıralarına daxil olmasına təkan verdi. Çox qısa vaxtda Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin sayı sürətlə artmağa başladı. Əlbəttə, gənclərin Yeni Azərbaycan Partiyasının sıralarında çoxalması bir yandan bu təşkilatın kəmiyyət parametrlərinin əhəmiyyətli dərəcədə dəyişməsinə təsir göstərirdi. Amma gənclərin Yeni Azərbaycan Partiyasının sıralarına gəlməsi sadəcə olaraq kəmiyyət dəyişikliklərində ifadə olunmurdu. Bu həm də ciddi keyfiyyət dəyişikliklərinə gətirib çıxarırdı. Yeni Azərbaycan Partiyasının sıralarına tamamilə yeni bir dünyagörüşünə malik olan çoxlu sayda insanlar gəlirdi. Onlar həyata başqa nəzərlərlə, başqa fikirlərlə baxırlar. Çünki onlar tamam başqa bir dövrdə yetişmiş, başqa bir tərbiyə görmüş daha vətənpərvər, daha güclü milli ruhda böyümüş insanlardır. Onlar Yeni Azərbaycan Partiyasının milli ruhunu daha da gücləndirmək, partiyada vətənpərvərlik ab-havasını daha da gücləndirmək imkanlarına malikdir. Bu mənada hesab edirəm ki, İlham Əliyevin partiyamızın sədri seçilməsi Yeni Azərbaycan Partiyasının təkcə say etibarilə deyil, həm də mahiyyət, məna baxımından gəncləşməsinə bir təkan vermiş oldu.

- Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri barədə nə demək olar?

- İlham Əliyevin Yeni Azərbaycan Partiyasının sədri seçilməsinin məxsusi bir yeniliyini mən partiyamızın beynəlxalq əlaqələrinin genişlənməsi baxımından qeyd etmək istəyirəm. Təbii ki, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin genişlənməsi və güclənməsi, bu qurumun təkcə Azərbaycanda deyil, Azərbaycandan kənarda da arıtq tanınması və ona hörmət bəslənilməsi, bütövlükdə Azərbaycanın beynəlxalq əlaqələrinin güclənməsi ilə əlaqədardır. Azərbaycanın dünyada nüfuzunun yüksəlməsi ilə əlaqədardır. Digər bir tərəfdən, Yeni Azərbaycan Partiyasının bu səbəblərlə əlaqədar artan beynəlxalq əlaqələri və nüfuzu öz növbəsində Azərbaycanın təbliğ olunmasına, Azərbaycanın reallıqlarını və həqiqətlərini ayrı-ayrı ölkələrdə yayılmasına da əhəmiyyətli təkan verir. Bunlar qarşılıqlı proseslərdir, bir-biri ilə bağlı, bir-birini tamamlayan hadisələrdir.

Yeni Azərbaycan Partiyası geniş beynəlxalq əlaqələri ilə, hesab edirəm ki, ölkəmizin xüsusilə seçilən siyasi təşkilatı sayıla bilər. Biz Avropa, Asiya, Amerika qitəsində yerləşən onlarla ölkələrin siyasi partiyaları ilə əlaqələr qurmuşuq. Bu əlaqələr çərçivəsində müxtəlif layihələr həyata keçirir, partiyalararası dialoq imkanlarından faydalanırıq. İl ərzində partiyalararası əlaqələrimiz onlarla xarici səfərlərlə reallaşır. Tez-tez xarici qonaqlarımız olur. 2007, 2008 və 2011-ci illərdə onlarla xarici partiyaların çoxsaylı nümayəndələrinin iştirakı ilə beynəlxalq konfranslar keçirmişik.

Partiyanın beynəlxalq əlaqələrində ayrı-ayrı partiya birlikləri ilə əməkdaşlıq xüsusi rol oynayır. Yeni Azərbaycan Partiyası Avropa Xalqlar Partiyası ilə sıx əməkdaşlıq edir. Ayrıca qeyd etməyi lazım bilirəm ki, YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı tərkibində kifayət qədər geniş fəaliyyət göstərir, qurumun idarə heyətinin 20 üzvündən biridir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının yenicə yaradılan Gənclər Birliyinin vitse-prezidenti seçilib.

- Bəs başa çatmaqda olan 2012-ci il YAP üçün hansı uğurlarla əlamətdardır? Bildiyimiz kimi, noyabrda Bakıda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Asiya siyasi partiyalarının mühüm bir tədbiri keçiriləcək.

- Yeni Azərbaycan Partiyasının 2012-ci ildəki uğurlarını biz iki əsas istiqamətə bölə bilərik. Bunun biri partiyanın daxili həyatı ilə bağlı nailiyyətlərdir ki, bura həm Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsi, həm partiyada gənclərin sayının artması, həm də partiyanın ölkənin ictimai-siyasi həyatında nüfuzunun daha da genişlənməsinə və artmasına səbəb olan bir çox fundamental işlərin həyata keçirilməsi daxildir. Ənənəvi olaraq bu il də gənclərimiz üçün bir çox layihələr həyata keçirilib. Ölkəmizin ictimai-siyasi həyatında bir çox əhəmiyyətli layihələr reallaşdırılıb.

İkinci istiqamət isə Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri ilə bağlıdır. İl ərzində Yeni Azərbaycan Partiyası bir sıra ölkələrin siyasi təşkilatları ilə əməkdaşlıq əlaqələri qurub. Məxsusi olaraq mən partiyamızın həyatında 2012-ci ilin ən mühüm hadisəsini diqqətə çatdırmaq istəyirəm. Bu ilin iyun ayında Asiya siyasi partiyalarının beynəlxalq konfransının daimi komitəsinin XVII iclası Bakı şəhərində keçirilib. Hesab edirəm ki, bu, bütövlükdə Yeni Azərbaycan Partiyasının, o cümlədən Azərbaycanın siyasi həyatının əhəmiyyətli hadisələrindən biridir. Bundan da əhəmiyyətlisi bu ilin noyabrında olacaq. Belə ki, noyabr ayının 22-23-də Bakı şəhərində Asiya siyasi partiyalarının beynəlxalq konfransının VII Baş Assambleyası keçiriləcək. Asiya qitəsindəki bütün ölkələrdə fəaliyyət göstərən siyasi təşkilatların və partiyaların nümayəndələri Bakıda bir araya gələrək sülh, barış və əməkdaşlıq mövzusunda müzakirələr aparacaq, sənədlər qəbul ediləcək. Güman edirəm ki, bu, bütövlükdə nəinki Yeni Azərbaycan Partiyasının, o cümlədən Azərbaycanın siyasi həyatında ən əlamətdar hadisələrdən biri olacaq. Beləliklə, Yeni Azərbaycan Partiyası üçün 2012-ci il kifayət qədər maraqlı hadisələrlə zəngin bir il kimi tarixə düşəcək.

- Gələn il Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək. Seçki ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş fəaliyyətə hələ bir müddət qalsa da, YAP-ın qarşıya qoyduğu məqsəd və vəzifələr hər kəs üçün maraqlıdır. İstərdik bu barədə məlumat verəsiniz...

- Yeni Azərbaycan Partiyasının 2013-cü ilin prezident seçkiləri ilə əlaqədar baş xətti və hədəfi tamamilə aydındır. Bu barədə biz dəfələrlə öz mövqeyimizi ortaya qoymuşuq. Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının iradəsini, istək və arzusunu ifadə edərək 2013-cü ilin prezident seçkilərində partiyanın sədri Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında çox əhəmiyyətli qənaətini artıq qəti şəkildə müəyyən edib. Belə bir qənaətin müəyyən edilməsinin çox ciddi əsasları olması barəsində geniş danışmağa, düşünürəm ki, elə bir ehtiyac yoxdur. Hər bir Azərbaycan vətəndaşı İlham Əliyevin 2003-cü ildən bu yana prezidentliyi dövründə ölkəmizin həyatında baş verən fundamental dəyişiklikləri öz həyatında görür və dəyərləndirir. İnsanlar cənab İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində namizədliyi ilə əlaqədar qənaətini də hesab edirəm ki, bu dəyərləndirmə əsasında müəyyənləşdiriblər. İlham Əliyevin növbəti beş il ərzində Azərbaycana prezidentlik etməsi, insanlarımız tərəfindən Azərbaycanın 2003-cü ildən bu yana müşahidə olunan sürətli inkişafından bundan sonra da faydalanmaq fürsəti kimi nəzərdən keçirilir. İlham Əliyevin növbəti prezidentliyi Azərbaycanın modernləşməsi siyasətinin, insanların rifahının yaxşılaşdırılması xəttinin, ölkəmizin beynəlxalq nüfuzunun güclənməsi strategiyasının bundan sonra da davam etdirilməsi şansının Azərbaycan xalqının taleyinə yazılması deməkdir. Bu konteksdən yanaşdıqda 2013-cü illə əlaqədar Yeni Azərbaycan Partiyasının əsas hədəfi və baş xətti tamamilə aydındır.

Eyni zamanda, biz həm də ona öz qəti inamımızı ifadə edirik ki, 2013-cü il prezident seçkilərində Azərbaycan vətəndaşları bayaq haqqında söhbət etdiyimiz hədəflərlə əlaqədar İlham Əliyevin namizədliyini qətiyyətlə dəstəkləyəcəklər və növbəti beş il üçün ona öz səslərini verəcəklər. Eyni zamanda hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının qarşısında seçki kampaniyasının yüksək səviyyədə, demokratik dəyərlərə və normalara uyğun şəkildə həyata keçirilməsi üçün lazımi hazırlıq işlərini də aparmaq vəzifəsi dayanır. Bu günə qədər bütün seçkilərdə Yeni Azərbaycan Partiyası kifayət qədər ciddi insani resurslarla və dəqiq strategiya ilə iştirak edərək öz hədəflərinə çata bilib. Biz hər dəfə seçki kampaniyasına qoşularkən yeniliklər tətbiq etmişik. Malik olduğumuz resursları səmərəli şəkildə səfərbər edərək istifadə etməklə qarşımıza qoyduğumuz vəzifələrə nail ola bilmişik. Biz istəyirik ki, Azərbaycanda 2013-cü ilin seçkiləri də bundan əvvəl dövrlərdə keçirilən - istər prezident, istər parlament seçkilərində olduğu kimi, demokratik dəyərlərə və Azərbaycanın seçki qanunvericiliyinə uyğun olsun. Bundan da artıq bizim istəyimiz ondan ibarətdir ki, bütün seçkilərdə olduğu kimi, 2013-cü ilin prezident seçkiləri də Azərbaycan vətəndaşlarının, bütövlükdə Azərbaycan xalqının siyasi iradəsini dəqiqliyi ilə ifadə etsin. Bizim buna heç bir şübhəmiz yoxdur. Bir partiya olaraq üzərimizə düşən vəzifəni onda görürük ki, biz Azərbaycan xalqının öz siyasi iradəsini ifadə etməsi üçün lazımi seçki kampaniyasını təşkil edib keçirə bilək. Yeni Azərbaycan Partiyasının malik olduğu resurslar və seçki təcrübəsi istəklərimizin gerçəyə çevrilməsi üçün əsaslar yaradır. İnanıram ki, 2013-cü ilin prezident seçkiləri Yeni Azərbaycan Partiyasının tarixində əlamətdar yer tutan seçkilər kimi tarixə düşəcək.

- Avropa Parlamentinin Azərbaycan zabiti Ramil Səfərovun məsələsi ilə bağlı qərarına etiraz olaraq YAP-ın təşəbbüsü ilə bir çox partiyalar bu quruma birgə müraciət ünvanladılar. Amma bu həmrəyliyə etiraz edənlər də oldu...

- Avropa Parlamentinin Ramil Səfərov məsələsi ilə əlaqədar qəbul etdiyi ədalətsiz qərara Azərbaycan cəmiyyətinin təpkisi və bu təpkinin Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə bir sıra partiyaların imzaladığı etiraz məktubunda ifadə olunması bizim siyasi həyatımızın diqqətəlayiq məqamlarından biridir. Biz dəfələrlə demişik və bu gün də o mövqedə dayanırıq ki, siyasi baxışlarından asılı olmayaraq, bütün ictimai və siyasi qüvvələrin Azərbaycanın milli maraqları ilə əlaqədar eyni mövqedə dayanmaları çox vacibdir. Bir sıra hallarda müəyyən narahatlıq yaradan məqamların olmasına baxmayaraq, bütövlükdə məmnunluqla qeyd etmək istəyirəm ki, Ramil Səfərov məsələsi ilə əlaqədar ortaya qoyulan mövqe, əslində, partiyalararası həmrəyliyin möhkəmləndirilməsi istiqamətində atılan kövrək addımlardan biri sayıla bilər. Mən belə bir müraciətə bir sıra müxalifət partiyalarının imza atmasını yüksək qiymətləndirirəm. Bunun siyasi partiyalar arasında anlaşmanın, dialoq mühitinin yaranmasına töhfə olduğunu vurğulamaq istəyirəm. Eyni zamanda, cəmiyyətin də partiyalararası həmrəyliyi müsbət qiymətləndirdiyini ayrıca bildirmək istəyirəm. Sevindirici haldır ki, istər bu təşəbbüs, istərsə də bu təşəbbüsün bir sıra müxalifət partiyaları tərəfindən dəstəklənməsi Azərbaycan cəmiyyəti tərəfindən məmnunluqla qarşılandı.

Lakin bütün bu pozitiv addımların üzərinə kölgə salmaq cəhdlərinin olması hər birimizi təəssüfləndirir. Həmin müraciət imzalanandan azacıq sonra müxalifət düşərgəsindən olan bəzi adamların bir sıra müxalifət nümayəndələrinin bu təşəbbüsə qoşulmalarına etiraz bildirmələri, buna başqa don geydirməyə cəhd göstərməsi ondan xəbər verir ki, müxalifət düşərgəsində siyasi partiyalar arasında həmrəyliyin, anlaşmanın və dialoq mühitinin formalaşmasına mane olmağa çalışan qruplar var. Onların nə dərəcədə ciddi mövqelərə sahib olmalarına toxunmadan, sadəcə olaraq, belə bir qrupların mövcudluğunu qeyd etmək istəyirəm. Siyasi partiyalar öz siyasətlərindən və hədəflərindən geriyə çəkilmədən milli maraqlar ətrafında toplaşmağa özlərində iradə tapmağı bacarmalıdırlar. Onlar, eyni zamanda, öz içərisində bax, bu səylərə qarşı çıxan qüvvələrə kəskin münasibətlərini bildirməyi də bacarmalıdır. Doğrudur, bu mükalimələr çərçivəsində siyasi partiyalar öz mövqelərini əsaslandırmağa çalışdılar. Amma dialoq mühitinin gələcək taleyi bütövlükdə siyasi partiyaların milli maraqlarla əlaqədar eyni mövqedə durmağa hazır olmalarından asılıdır. Əgər belə bir mövqe ortaya qoyulsa, ümummilli maraqlar ətrafında siyasi partiyalar birləşməyi bacarsalar, hesab edirəm ki, belə bir ab-hava və istək siyasi partiyalar arasında dialoq mühitinin əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə gətirib çıxara bilər.

- YAP həmişə ümummilli məsələlərdə həmrəylik və dialoq təşəbbüsünü dəstəkləyib. Radikal müxalifət partiyaları isə, demək olar ki, YAP-ın bu təşəbbüsünə qoşulmaqdan imtina ediblər. Amma daim YAP-ı ittiham ediblər. Həqiqətlə daban-dabana zidd olan bu fikirlərə münasibətiniz necədir?

- Biz dəfələrlə qeyd etmişik, indi də sizin sualla əlaqədar bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası ümummilli maraqlar ətrafında Azərbaycanın sağlam mövqedə dayanan siyasi partiyaları ilə əməkdaşlıq etməyə hazırdır. Belə bir mövqenin ortaya qoyulması Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatındakı rolu və xüsusi çəkisi ilə əlaqədardır. Həm hakim partiya kimi, həm də Azərbaycanın ən güclü siyasi təşkilatı kimi sanki bu bizim üzərimizə düşən bir tarixi vəzifədir, missiyadır. Biz bunu belə qəbul edirik. Hesab edirik ki, məhz Yeni Azərbaycan Partiyası ayrı-ayrı siyasi partiyalar arasında dialoq əhval-ruhiyyəsinin və mühitinin formalaşmasında aparıcı rola malik olmalıdır. Dəfələrlə Yeni Azərbaycan Partiyası ayrı-ayrı siyasi partiyaların dialoqunu təşkil edib. Partiyamızın qərargahında bir neçə dəfə müxtəlif siyasi partiyaların təmsilçilərinin iştirakı ilə "dəyirmi masa"lar keçirilib. Bütün bunların hamısı Yeni Azərbaycan Partiyasının saf, sağlam niyyətlərindən xəbər verir.

Biz üzərimizə düşən tarixi vəzifəni bundan sonra da yerinə yetirmək niyyətində və qətiyyətində olduğumuzu açıq şəkildə bildiririk. Amma təəssüf hissi ilə vurğulamaq istəyirəm ki, bəzi hallarda ayrı-ayrı müxalifət partiyalarının bəyanatlarında səsləndirilən dialoq çağırışları bir sıra məqamlarda səmimiliyi ilə seçilə bilmir. İnsanda belə bir təəssürat yaranır ki, sanki bəzi müxalifət partiyaları dialoq çağırışlarına real problemlərin müzakirəsinə hər hansı töhfə verməkdən daha çox özlərini ifadə etmək və yaxud özlərinin mövcudluqlarını sübuta yetirmək vasitəsi kimi baxırlar. Biz isə fərqli düşünürük. Biz heç zaman hesab etməmişik ki, dialoq çağırışları və yaxud "dəyirmi masa"ların təşkil olunması Yeni Azərbaycan Partiyasının özünüifadəsi kimi qavranılmalıdır. Yeni Azərbaycan Partiyası istənilən məqamda və məkanda özünüifadə formalarını düşünüb tapır və həyata keçirir. Biz dialoq vasitəsilə özümüzü ifadə etmək, yaxud öz mövcudluğumuzu sübuta yetirmək fikrində deyilik, buna ehtiyacımız yoxdur. İkincisi isə, biz tamamilə səmimi olaraq Yeni Azərbaycan Partiyası kimi ayrı-ayrı ümummilli əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsinin aparılmasının faydasını bildirmək istəyirik. Həqiqətən də, bunun faydası var. Bu, ən azından ümummilli maraqların reallaşması üçün daha optimal yolların seçilməsinə təkan verə bilər. Amma bəzi hallarda biz müxtəlif siyasi partiyaların davranışlarında bayaq dediyim pozitiv məqamlardan daha çox fərdi partiya maraqlarının öndə dayandığını müşahidə etmişik. Ola bilsin ki, biz buna bəlkə də göz yumardıq. Amma açıq şəkildə fərdi partiya maraqlarının ümummilli maraqlardan üstün tutulması və ümummilli maraqlarla bağlı fikir mübadiləsi aparmaqdan daha çox dialoqun texniki tərəfləri ilə bağlı müzakirələrin keçirilməsinə cəhdlər göstərilməsi partiyalar arasında səmimi əməkdaşlığın və dialoq mühitinin formalaşmasına ciddi zərbələr vurur. Biz bunu bir neçə dəfə müşahidə etmişik. Dəfələrlə müzakirələri rasional bir axara yönəltməyə cəhd göstərməyimizə baxmayaraq, bunlar uğursuz olub. Çünki dialoqda iştirak etmək üçün dəvət olunanlar və dialoq müstəvisini formalaşdırmalı olan digər tərəflər məsələni o qədər də rasional olmayan bir məcraya yönəltməyə cəhd göstəriblər. Nəticə etibarilə bu da dialoq ab-havasına ciddi zərbə vurub.

Bütün bunlara baxmayaraq, biz heç də hər şeyin itirildiyini düşünmürük. Gələcək zamanlarda ayrı-ayrı siyasi partiyaların bu problem ətrafında düşüncələrinin daha da saflaşacağına və rasional bir məzmun kəsb edəcəyinə inanırıq. Elə bir zaman gəlib çatanda hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının siyasi partiyalar arasında dialoq ab-havasını və mühitini daha da gücləndirmək səyləri əhəmiyyətli nəticələrə gətirib çıxaracaq.

- Bu günlərdə bəzi müxalifət partiyalarının azsaylı tərəfdarlarının Bakının mərkəzi hissəsində icazəsiz aksiya cəhdinə münasibətinizi bilmək maraqlı olardı.

- Münasibətim ilk olaraq ondan ibarətdir ki, bu aksiya qanunsuz idi. Hesab edirəm ki, hər bir vətəndaş, o cümlədən siyasi ambisiyalı vətəndaşlar və onların birləşdiyi təşkilatlar qanunlara hörmət etməyi bacarmalıdırlar. Nəinki qanunlara hörmət etməyi bacarmalıdır, eyni zamanda bütövlükdə öz üzvləri arasında belə bir düşüncənin formalaşması onların məqsədlərindən biri olmalıdır. Belə olan halda qanunsuz aksiya keçirməyə cəhd göstərilməsi qətiyyətlə pislənilməlidir. Qanunsuz aksiya keçirməyə cəhd göstərilməsi qanunun pozulmasıdır. Qanunun pozulmasını isə heç bir halda təqdir etmək mümkün deyil. Bu, yalnız pislənilməlidir. Qanun ona görə yaradılır və ona görə qanun adlandırılır ki, ona əməl edilsin. Əgər qanun pozulacaqsa, ona məhəl qoyulmayacaqsa, o qanunun cəmiyyətdə nə mənası olar, nə də insanlar ondan fayda görər. Əgər bir siyasi təşkilat ölkənin qanunlarına məhəl qoymursa, onu pozursa, mən hesab edirəm ki, o təşkilatın siyasi ambisiyalarını ortaya qoymağa heç bir haqqı yoxdur. Belə olan halda onlar siyasi fəaliyyət göstərmək üçün mənəvi haqlarını da itirirlər. Bu mənada oktyabrın 20-də keçirilməsinə cəhd göstərilən mitinqi mən qətiyyətlə pisləyirəm.

İkinci bir tərəfdən, bu mitinqin keçirilməsi üçün bəhanə olaraq irəliyə sürülən çağırış da tamamilə absurdluğu ilə insanı təəccübləndirməyə bilməz. Azərbaycanın Konstitusiyasında və digər qanunvericilik aktlarında parlamentin buraxılması mexanizmi nəzərdə tutulmayıb. Heç bir halda Azərbaycanda parlamentin buraxılması mümkün deyil. Belə bir tələbin siyasi partiyalar tərəfindən irəli sürülməsi ya qanunlara hörmətsizlik, ya da qanunlardan bixəbərlikdir. Bunun hansıdırsa, qoy ötən şənbə günü keçirilməsinə cəhd göstərilən mitinqin təşkilatçıları bildirsinlər. Onlar ya ölkə qanunvericiliyini bilmirlər, ya da Konstitusiyanın tələblərinə məhəl qoymaq istəmirlər. Amma qanunsuz aksiya keçirmək cəhdləri ilə çox ehtimal ki, onlar Konstitusiyanın bu tələbinə, sadəcə olaraq, məhəl qoymaq istəmirlər. Bu nöqteyi-nəzərdən, parlamentin buraxılması tələbi ilə aksiyanın keçirilməsi tamamilə mənasız, absurd və qanunazidd hərəkətdir.

Siyasi baxımdan isə mən belə hesab edirəm ki, Azərbaycanda parlamentin buraxılması tələbinin irəli sürülməsi üçün hər hansı bir amil mövcud deyil. Azərbaycanın parlamenti iki il bundan əvvəl seçilib, uğurla fəaliyyət göstərir, öz üzərinə düşən vəzifələri yerinə yetirir. Belə olan halda hansı səbəbə istinad edərək Azərbaycanda parlamentin buraxılması haqqında absurd tələb irəli sürürlər? Bu da məsələnin ikinci tərəfidir.

Bir məqamı da vurğulamaya bilmərəm. Bu da ondan ibarətdir ki, aksiyanın keçirilməsi üçün seçilmiş məkan aksiyanın təşkilatçılarının daha çox hansısa xoşa gəlməyən niyyətlərindən xəbər verir. Fəvvarələr meydanında insanlar, o cümlədən uşaqlar istirahət edirlər, gəzintiyə çıxırlar. Belə bir yerdə bir dəstə xüsusi öyrədilmiş gənclərin səs-küy salması, ora-bura qaçması, asayişi pozmağa cəhd etmələri, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərmələri, təbii ki, bayaq dediyim məqamlardan savayı bir şey deyildir. Onlar hansısa digər məqsədlərə xidmət edirdilər. Görünür, onlar ictimai asayişi pozmaq, ya da ki yenə də Azərbaycandakı sakit, rəvan həyatın üzərinə kölgə sala biləcək bir neçə fotokadrları əldə edib Azərbaycandan kənardakı müvafiq mərkəzlərə ötürmək istəyirlər. Siz əgər mitinqin keçirilməsinə cəhd göstərildiyi yerdə olsaydınız, mənim dediyim sözlərin həqiqət olduğunu gözlərinizlə görə bilərdiniz. Çox cəhdlər göstərirdilər ki, orada onların düşüncəsindən və yaxud onlara sifariş verənlərin nöqteyi-nəzərindən effektli kadrlar alınsın. Ola bilsin ki, bəzi hallarda buna nail oldular və yaxud nail ola bilmədilər. Amma istənilən halda mitinq iştirakçıları çox cəhd göstərirdilər ki, onlara sifariş verən mərkəzləri qane edən kadrlar alınsın.

Bilirsiniz, siyasi təşkilatın maraqları və istəkləri ölkənin milli maraqları ilə ziddiyyət təşkil edəndə çox ciddi təhlükələrə yol açılır. Bu ondan xəbər verir ki, həmin yola qədəm qoyan siyasi təşkilatlar özlərinin maraqlarının həyata keçirilməsi naminə dövlətin və xalqın maraqlarını qurban verməyə hazırdırlar. Nəinki qurban verməyə hazırdırlar, hətta bu prosesdə onlar üçün ayrılmış iyrənc bir funksiyanı da yerinə yetirirlər. Nəyə görə bu funksiyanı yerinə yetirdikləri onların öz işidir. Bu barədə çoxlu versiyalar var. Güman edirəm ki, həmin versiyaların meydana gəlməsi heç də əsassız deyil. Amma istənilən halda bu cür qanunsuz, absurd iddialarla kütləvi aksiyaların keçirilməsi üçün yararlı olmayan yerlərdə mitinq keçirmək cəhdlərini qətiyyətlə pisləmək lazımdır. Nəhayət, hər hansı bir siyasi təşkilatın aksiyası əgər insanlar tərəfindən dəstəklənmirsə, bu cür aksiyaları keçirməkdənsə keçirməmək daha faydalıdır. Siyasi aksiya siyasi təşkilatın mövcudluğunun təsdiqi naminə keçirilə bilməz. Siyasi aksiya hər hansı ictimai zərurət olduğu halda, eyni zamanda, ictimai dəstək fonunda özünə haqq qazandırır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müxalifət partiyaları bu fundamental prinsipləri yaxınlarına belə buraxmaq istəmirlər və onlar üçün siyasi aksiyaların keçirilməsi zamanı həlledici dəyərlər, görünür, bayaq haqqında dediyim kadrların əldə edilməsindən savayı bir şey deyil.

- Azərbaycan dinamik inkişaf yolunda sürətlə irəliləyir. Ölkəmizdə hər il beynəlxalq əhəmiyyətli mühüm tədbirlər keçirilir. Amma bəzi antiazərbaycançı dairələr elə bu tədbirlər fonunda ölkəmizə qarşı qara piar kampaniyası həyata keçirirlər. Sizcə, ölkəmizə qarşı bu cür qərəzli fəaliyyətin, obyektivlikdən uzaq olan təxribat xarakterli çağırışların əsasında nələr dayanır?

- Əlbəttə, bu da Azərbaycanın bugünkü həyatının reallıqları içərisinə daxildir. Hesab edirəm ki, ayrı-ayrı xarici qüvvələr tərəfindən Azərbaycana qarşı aparılan kampaniyalar heç də təsadüfi deyil. Əgər səbəblərini axtarmağa çalışsaq, mən burada bir neçə amili ayrıca qeyd etmək istəyirəm. Bunun birincisi, Azərbaycanın çox həssas geopolitik mövqedə yerləşməsidir. Azərbaycanın yerləşdiyi geopolitik məkanda bir çox beynəlxalq güclərin maraqları üz-üzə dayanıb. Bununla əlaqədar olaraq beynəlxalq güclərin maraqlarının həyata keçirilməsi səyləri bir sıra hallarda Azərbaycana qarşı müxtəlif təbliğatların, piar kampaniyalarının aparılmasında özünü göstərir.

İkinci səbəb Azərbaycanın sürətli inkişafıdır. Xüsusilə də son illərdə Azərbaycanın iqtisadiyyatının, sosial həyatının sürətli inkişafı ölkəmizi regionun qüvvətli dövlətinə çevirib. Azərbaycanın qarşısında geniş perspektivlər açılıb. Azərbaycanın regionun lideri kimi qüdrətinin bundan sonra daha da artacağına heç kim şübhə etmir. Bu isə Azərbaycana qarşı qısqanclıq və yaxud buna oxşar hisslərin yaranmasına gətirib çıxarır. İkinci səbəb olaraq mən bunu qeyd etmək istəyirəm.

Üçüncüsü, Azərbaycan bir çox parametrlər baxımından model kimi qəbul olunan bir ölkəyə çevrilib. Məsələn, Azərbaycan öz tolerantlığı ilə təkcə bölgəmizdə yox, hesab edirəm ki, daha böyük məkanda bir çox ölkələrə nümunə göstərilə bilər. Azərbaycan dünyəvi dövlət baxımından da bizim yaşadığımız bölgədə əhəmiyyətli model kimi özünü təsdiqləyib. Eyni sözləri Azərbaycanın yüksələn iqtisadi inkişafını təmin edən iqtisadi modelə şamil etmək olar. Azərbaycanın iqtisadi inkişaf modeli yenə də nəinki bölgəmiz üçün, həm də daha geniş miqyasda cəlbediciliyi ilə diqqəti çəkir. Bütün bunların hamısı istər-istəməz Azərbaycanın uğurlu gələcəyindən xəbər verir.

 Dünyanın ərazisini böyütmək mümkün deyil. Ayrı-ayrı regionların siyasi coğrafiyasının dəyişdirilməsi də çətin məsələdir. Belə olan halda malik olduğu coğrafiyada mövqelərini möhkəmlədən dövlətin təsirinin ətrafına yayılması qaçılmazdır. Əgər belə demək mümkündürsə, belə dövlətlərin bir növ mənəvi dəyərlərinin və təsirinin ixracı deyilən hadisə baş verir. Ətraf ölkənin əhalisinin bu cazibədarlığın təsiri altına düşməsi etimalı kifayət qədər yüksək olur. Cazibədar ölkəyə bənzəməyə çalışan ölkənin vətəndaşlarında, onların beyinlərində, davranış və hərəkətlərində fərqli istəklər meydana gəlir. İndi Azərbaycan belə cazibədarlıq gücünə malik olan ölkəyə çevrilib. Bu da Azərbaycana qarşı kənardan idarə olunan qara piar kampaniyalarına rəvac verir.

Nəhayət, Azərbaycanın malik olduğu karbohidrogen ehtiyatlarının yaratdığı və müəyyən mənada qısqanclıq kimi səciyyələndirilə biləcək, müəyyən mənada rəqabət mübarizəsində yeni bir faktorun meydana gəlməsi narahatçılığı kimi xarakterizə edilə biləcək məqamı qeyd etmək istəyirəm. Azərbaycan artıq istər təbii qazı, istər nefti ilə birincisi Avropanın, ikincisi isə dünyanın enerji təhlükəsizliyində həlledici rol oynayan dövlətlərdən biridir. Getdikcə Azərbaycanın bu mənada həm rolu, həm də əhəmiyyəti artır. Deməli, Azərbaycan enerji təhlükəsizliyi sahəsində, o cümlədən də karbohidrogen bazarında daha böyük rəqabət qabiliyyətinə malik olan ölkəyə çevrilməkdədir. Bunun özü də Azərbaycana qarşı qara piar kampaniyasının aparılmasına əsaslar yaradır.

Lakin Azərbaycanın iqtisadi gücü, ictimai-siyasi sabitliyi, qüdrəti, hakimiyyətlə xalqın həmrəyliyi ölkəmizə xas olan elə bir güc formalaşdırıbdır ki, heç bir qara piar kampaniyası respublikamızın bu gün malik olduğu yerini və mövqeyini sarsıda bilməz. Azərbaycan indi artıq təzyiqlərə sinə gərməyi bacaran bir dövlətdir. Ayrı-ayrı mərkəzlərdən qidalanan təzyiqlər bizi təəssüfləndirsə də, Azərbaycanı ciddi şəkildə narahat etmək iqtidarında deyil. Azərbaycan öz xalqının maraqlarına xidmət edən bir dövlət kimi möhkəm dayaqlara söykənir. Azərbaycanın gələcəklə bağlı perspektivləri də məhz bu dövlətin gücündə ifadə olunur. Ona görə də ölkəmizə qarşı qərəzli piar kampaniyaları və təbliğatlar bizi qeyzləndirə bilər. Lakin həyatımıza hər hansı təsir göstərə bilməz!

 

 

Müsahibəni apardı: Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2012.- 2 noyabr.- S.3.