Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyi bir daha ATƏT-ə üzv dövlətlərin nümayəndələrinin diqqətinə çatdırılmışdır

 

 Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Avstriyaya səfəri çərçivəsində Vyanada 56 üzv dövlətin təmsil olunduğu ATƏT-in Daimi Şurasının iclasında çıxış etmişdir. Nazir müavini ATƏT-ə üzv dövlətlərin səfirlərinin təşkilatın Ümumavropa təhlükəsizlik arxitekturasında rolu və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanın gözləntiləri barədə fikirlərini bölüşmüşdür.

Araz Əzimov BMT, Avropa Şurası, NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatların münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dair prinsipial mövqelərini hər zaman nümayiş etdirdikləri halda ATƏT daxilində münaqişənin həlli məsələsinə diqqətin getdikcə zəiflədiyini və Azərbaycanın belə bir vəziyyətdən narahat olduğunu bildirmişdir. A.Əzimov ATƏT-ə üzv dövlətləri münaqişənin sülh yolu ilə həlli və ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəklədikləri barədə ümumi bəyanatlar verməklə kifayətlənməməyə çağırmışdır. Nazir müavini Minsk qrupunun formatını yenidən canlandırmağı təklif etmiş, İtaliya, Almaniya, Türkiyə, İsveçrə kimi dövlətlərin Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərinə töhfə verməyə həvəsləndirmişdir.

Azərbaycanlı diplomat nizamlama prosesinə dair dövlətimizin yanaşmasını bölüşərək münaqişənin həllinin mərhələli olmasının, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən çıxarılmasının, məcburi köçkün həyatı yaşayan azərbaycanlılara Dağlıq Qarabağa və ətrafdakı bölgələrə geri qayıtmaq üçün müvafiq şəraitin yaradılmasının və kommunikasiyaların regionda bütün tərəflər üçün açıq olmasının vacibliyini vurğulamışdır. Nazir müavini qeyd etmişdir ki, yalnız bu kimi şərtlər təmin olunduqdan sonra regionda erməni və azərbaycanlı icmalarının qonşuluq və əməkdaşlıq şəraitində birgə yaşamaları əsasında Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində statusunun müəyyən olunması üçün obyektiv və normal şərait yarana bilər.

Azərbaycan rəsmisi bildirmişdir ki, baza prinsipləri üzrə 2004-cü ildən aparılan danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən nəticə verməmişdir. Nazir müavini tərəflərin və vasitəçilərin səylərini münaqişənin nizamlanmasına praktiki səviyyədə xidmət göstərəcək "Yol xəritəsi"nin hazırlanmasına istiqamətləndirməyi təklif etmişdir.

Araz Əzimov Dağlıq Qarabağın azərbaycanlı icması ilə erməni icmasının görüşlərinə dair etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinin vacibliyinə toxunmuş, Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə sadiq qaldığını və bölgədə sülhün tezliklə bərqərar olmasında ən maraqlı dövlət olduğunu bildirmişdir.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.-2012.- 2 noyabr.- S.4.