Milli Ordu
xalqın qürur və güvənc
ünvanıdır
"Azərbaycan ordusu
çox sürətlə inkişaf
edir. Azərbaycanda ordu
quruculuğu çox
sürətlə gedir. Ordumuzun
indiki vəziyyəti çox
sevindiricidir. Biz həm
hərbi potensialımızı gücləndiririk, həm də
orduda hazırlıq səviyyəsi
yüksəlir və beləliklə, ordumuz
qarşıda duran bütün
vəzifələri həll etməyə qadirdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün
siyasi-diplomatik səylər davam etdirilməlidir, eyni zamanda, qüdrətli ordu
potensialının yaradılması prosesi
daha da güclənməlidir.
Biz son bir
neçə il ərzində orduya ayrılan xərcləri bir
neçə dəfə artırmışıq...
Biz müharibə şəraitində
yaşayırıq. Bizim
torpaqlarımız işğal
altındadır. Ona görə istənilən
vəsaiti biz bu sahəyə
yönəltməliyik. Biz güclü
ordu yaratmalıyıq, güclü
hərbi potensial yaratmalıyıq ki, istənilən anda öz doğma
torpaqlarımızı azad edə bilək".
İlham ƏLİYEV
Şəxsi
heyət yüksək kalorili qida ilə təmin olunur
Milli Məclis Sədrinin müavini Bahar Muradova, AMEA-nın vitse-prezidenti
Akif Əlizadə, parlamentin
Regional məsələlər komitəsinin
sədri Arif Rəhimzadə, deputatlar Musa Quliyev, Bəxtiyar Sadıqov, Sahibə Qafarova, hüquq müdafiəçiləri
Novella Cəfəroğlu, Səadət Bənənyarlı,
həmçinin Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Tərbiyə işləri
idarəsinin rəisi general-mayor Vaqif Məmmədov, general-mayor
Nizam Osmanov və
Müdafiə Nazirliyi Mətbuat Xidmətinin
rəisi polkovnik Eldar Sabiroğlunun da daxil olduğu heyətlə
əsgər yeməkxanasındayıq. Nahar
edən hərbçiləri narahat etmədən
onların qidalarına göz gəzdiririk.
Masaların üzərində isti yeməklər,
şirələr düzülüb. Masa üzərindəki qab-qacağın təmizliyi,
yeməklərin ətrindən hiss olunur ki, əsgərlər
burada bişirilən xörəklərlə
evlərində hazırlanan
arasında fərqi hiss etmirlər.
General-mayor Vaqif Məmmədov
bizi şəxsi heyətin gündəlik qida normalarında istifadə olunan
məhsullarla tanış edir. Qidalar əsasən yerli məhsullardır.
Bütün ərzaqların üstündə
"Satışı qadağandır" sözləri
yazılıb. Yəni həmin qidalar
Müdafiə Nazirliyi tərəfindən
xüsusi olaraq hərbçilər
üçün alınır. Burada eyni zamanda
bir əsgərin hərbi hissədən kənarda
qaldığı müddətdə gündəlik ərzaq
bağlaması da var.
Nümayəndə heyəti maraqla şəxsi
heyətin gündəlik qida normasında
istifadə edilən məhsullara baxır.
Sonra vitse-spiker Bahar Muradova əsgərlərlə
birgə əyləşərək özü
üçün yemək çəkir və nümayəndə
heyətinin digər üzvləri də keyfiyyətli yerli ərzaq
məhsulları ilə hazırlanan yeməklərdən
dadırlar. Bir sözlə, hiss olunur ki, əsgər yeməkxanasında
şəxsi heyətin yüksək kalorili qida ilə təminatı
üçün hər cür şərait var. Yeməkxanada səliqə-sahmana və təmizliyə
tam riayət edilir. Gündəlik yemək hazırlanması ilə
məşğul olan əsgərlərin xüsusi geyimdə
olması da bu qənaəti bir daha gücləndirir. Ümumiyyətlə,
əsgər və zabit heyətinin aylıq rasionunda ət,
yumurta, balıq məhsullarından tutmuş meyvə-tərəvəzə,
kompot və təbii şirələrə qədər,
ümumilikdə 24-27 adda qida məhsulu var. Şəxsi heyətə
"Nuş olsun!" deyərək yeməkxananı tərk
edib uz tuturuq əsgər yataqxanasına.
Milli Qəhrəman
Mübariz İbrahimovun ailəsinə yazdığı son məktubu
hər gün oxuyan əsgərlər...
Buradakı
səliqə-sahman da diqqətdən yayınmır. Şəxsi
heyətin döyüş ruhunun yüksəldilməsi məqsədilə
divarlara milli qəhrəmanların döyüş
yollarını əks etdirən fotoşəkillər vurulub.
Yataqxananın qapısının üstündəki lövhədə
isə Milli Qəhrəman Mübariz İbrahimovun valideynlərinə
yazdığı son məktub və "İgidliyə
görə" medalı ilə təltif olunmuş zabitimiz Fərid
Əhmədovun şəkillərindən ibarət lövhə
diqqətimizdən yayınmadı. Bəlli olur ki, gizir və
zabitlər tərəfindən şəxsi heyətlə
iş, hərbi-vətənpərvərlik təbliğatı
nizamnaməyə uyğun formada həyata keçirilir.
Bacarıqlı manqa və bölük
komandirləri gənc əsgərlərə hərb elminin incəliklərini
öyrədir, onlara lazımi tapşırıq və
tövsiyələr, eyni zamanda düşmənlə təmas
xəttində təhlükəsizlik tədbirlərini nəzərdə
tutan təlimatlar verirlər. Əsgərlərin hərbi
hazırlıq səviyyəsinin yüksəldilməsinə
xidmət edən xüsusi hərbi təlimatlar,
döyüş tapşırığı planı, eyni
zamanda müxtəlif qəzetlərin, kitabların olması
maraq doğurur. Divara vurulmuş lövhələrdə
Silahlı Qüvvələrin hərbi andının və Azərbaycanın
dövlət himninin mətnləri ilə tanış olmaq
mümkündür. Boş vaxtlarında əsgərlər hərbi-
vətənpərvərlik ruhunun artırılması istiqamətində
çəkilən filmlərə də tamaşa edirlər.
İçəri daxil olan hər bir əsgər çəkməsini
çıxarıb ona məxsus nömrələnmiş
başmağı geyinir. Hər bir əsgərin üzərində
nömrəsi olan öz başmağı var. Yataqxananın
digər istiqamətində isə silah-sursat, tabur,
bölük və taqım komandirinin istirahət otaqları, dəftərxana
və digər inzibati otaqlar yerləşir. Əsgərlərin
şəxsi bacarığının üzə
çıxarılması məqsədilə yaradılan
guşələrdə isə onların yaradıcılıq
nümunələri, divar qəzeti və hərbi qaydalar
haqqında lövhələr asılıb. Br sözlə, burada
şəxsi heyətin rahat istirahəti üçün
bütün lazımi şərait yaradılıb.
Düşmən
gülləsi qarşısında cəsarətlə dayanan
Qapanlı sakinləri
Yeməkxana və yataqxana ilə
tanışlıqdan sonra ön xətdə düşmənlə
üz-üzə dayanan bölüyə baş çəkmək
üçün yola düşürük. Bir neçə istiqamətdən
düşmən postları ilə əhatələnən
Qapanlı kəndinin torpaq yolları bizi təhlükəli nöqtəyə bir qədər də
yaxınlaşdırır. Ancaq bu kəndin əhalisi heç
bir təhlükədən çəkinmir.
Onlar məhz orduya
güvənərək öz doğma yurdlarını tərk etmirlər. Atəş səslərinin bir gün də səngimədiyi, müxtəlif
dövrlərdə ağır artilleriyanın hədəfi olan bu kənddə yaşamaq həqiqətən də böyük cəsarət və dövlətə,
orduya inam tələb
edir. Kənddə hər kəs öz işi ilə məşğuldur.
Bu ürəkaçan mənzərəyə
tamaşa edə-edə kəndin ən ucqar nöqtəsində qərarlaşmış
bölüyə yetişirik.
Düşmənlə
təmas xətti özünəməxsus çətinlikləri,
ciddi rejimi, əsgər
və zabit heyətinin sərt
nizam-intizamı ilə seçilir. Burada xidmət
keçən əsgər və zabitlərin mənəvi-psixoloji
cəhətdən möhkəm, fiziki cəhətdən
güclü olması vacib
şərtlərdəndir. Ön cəbhədə
əsas diqqət döyüş növbətçiliyinə
yönəldilir. Əsgərlər təlimləri əsasən
ehtiyat bölmələrdə keçir, səngərlərə tam hazır vəziyyətdə gəlirlər.
Burada xidmət edənlər seçilərkən
onların fiziki və psixoloji-mənəvi
hazırlıqları nəzərə alınır.
Bölüklə düşmən səngəri
arasındakı məsafə 400-450 metrdir.
Bölükdə olan zaman
əsgərlər əsasən təmizlik işləri ilə
məşğul olurlar. Silahlar
təmizlənir, təlimlər, döyüş
hazırlığı keçirilir və
idman təmrinləri yerinə yetirilir.
Taburun şəxsi heyətinin
yataqxanasında olan şəraitlə məntəqədəki
şərait eynidir. Nümayəndə
heyəti vəziyyətlə daha
yaxından tanış olur.
Ali Baş
Komandan əmr versə, bu ordu ildırım sürəti ilə
qarşısında duran şərəfli vəzifəni yerinə
yetirəcək
Gördüklərindən
daha da qürurlanan vitse-spiker Bahar Muradova yenə də öz təəssüratlarını
bölüşür:
- Biz tez-tez cəbhə
bölgələrində oluruq, müxtəlif
hərbi hissələrdə şəxsi heyətin xidmət fəaliyyəti
ilə tanış oluruq. Bu
da növbəti səfərlərdən biridir. Bu səfərdə gördüklərimiz Azərbaycan
ordusu haqqında indiyə qədər
söylədiyimiz fikirlərin möhkəmlənməsinə
əsaslı şərait yaratdı. Ona
görə ki, biz Azərbaycan
Silahlı Qüvvələrinin necə böyük
qüdrətə malik olduğunun
günbəgün, anbaan şahidi
olmaqdayıq. Ordunun maddi-texniki bazasının möhkəmlənməsi,
döyüş sursatları və digər
müasir texnika ilə
təmin olunması, o cümlədən əsgərlərin
sosial durumunun
yaxşılaşdırılması istiqamətində
görülən işlərin nəticəsini gözlərimizlə
gördük və qiymətləndirdik.
Hesab edirəm ki, istənilən
halda hər bir dövlət,
millət öz ordusuna
güvənməlidir. Çünki
Dağlıq Qarabağ münaqişəsi
ümummilli problemimizdir
və onun məsuliyyəti hər birimizin üzərindədir. Amma
bu problem elə bir vəziyyətdədir ki,
yalnız bizim iradəmizlə həll olunmur. Bu prosesə beynəlxalq
vasitəçilər cəlb olunublar və
onlar da məsələnin
yalnız sülh yolu
ilə aparılmasını tövsiyə edirlər. Azərbaycan
da hələlik sülh
danışıqlarının tərəfdarıdır. Biz bunu əməlimizdə
də göstəririk.
Təəssüf
ki, qarşı tərəf qeyri-konstruktiv mövqeyindən əl çəkmir
və sülh danışıqlarını
pozmaq istiqamətində cəhdlər
göstərir. İşğal olunmuş ərazilərdə "oyuncaq" hərbi təlimlər keçirir və biz
onların ordusunun hansı səviyyədə
olduğunu çox
yaxşı bilirik. Təcavüzkar Ermənistan
belə təlimlərlə bizi qorxuda bilməz! Çünki
biz bu gün
şahid olduğumuz ordunun gücünə bələdik və görürük ki, bu ordu bütün
həlli çətin, amma bizim üçün vacib olan məsələlərin
yoluna qoyulmasına, döyüş
tapşırığını yerinə yetirməyə
qadir bir ordudur. Bu Silahlı Qüvvələr iqtisadi
cəhətdən inkişaf etmiş bir dövlətin
yurdunu sevən, vətənpərvər əsgərlərinin
cəmləşdiyi bir ordudur.
Əminəm ki, Ali Baş Komandan İlham Əliyevin göstərişi olduğu təqdirdə bu
ordu ildırım sürəti ilə qarşısında
duran şərəfli vəzifəni yerinə
yetirəcək! Qoy ermənilər bunu bu sərhəd
bölgəsindən eşitsinlər!
Sonra Milli Məclisin
Regional məsələlər komitəsinin
sədri Arif Rəhimzadə səfər təəssüratlarını
bölüşür. Komitə sədri cəbhə
bölgəsinə səfərin məqsədini belə izah edir:
- Son vaxtlar Azərbaycan ordusu haqqında
həqiqətə uyğun olmayan məlumatlar da yayılır.
Bu xəbərlər isə hər bir ölkə vətəndaşını
narahat edir. Ona görə də buradakı həqiqi vəziyyəti
görmək üçün səfərə
çıxdıq. Onu deyim ki, ulu öndər Heydər Əliyev
hakimiyyətə gələndə ilk fərmanlarından biri
ordu quruculuğu ilə bağlı
idi. Bu gəlişimlə mənə aydın oldu ki, həqiqətən
bu gün Azərbaycanın qüdrətli ordusu yaranıb! Ən
müasir hərbi texnikalar, silahlar, NATO standartlarına
uyğun hərbi hissələr və yüksək səviyyəli,
peşəkar hərbçilərin olması məni
qürurlandırdı! Ən başlıcası odur ki, ordunun
şəxsi heyətində yüksək əhval-ruhiyyə
var. Hesab edirəm ki, belə bir ordu istənilən
döyüş tapşırığını yerinə
yetirməyə qadirdir!
Bu ordu ilə fəxr
etməyə dəyər
Nümayəndə
heyətinin digər üzvü, deputat Musa Quliyev də səfərdən
çox məmnun qaldığını bildirdi. Həm qərargahda,
həm taburda, həm də bölükdə
gördüyü real vəziyyət deputatın Azərbaycan
ordusuna olan inamını daha da artırıb:
- Biz burada ordumuzun mütəşəkkil
döyüş hazırlığının, əsgərlərimizin
çox yüksək hərbi-vətənpərvərlik
hissinin şahidi olduq. Gördük ki, ordumuzun yüksək səviyyəli
maddi-texniki bazası son dərəcə güclüdür. Azərbaycanın
öz istehsalı olan "İstiqlal" silahının atəşi
göstərdi ki, dövlətimizin nə qədər qüdrətli
hərbi potensialı var. Bütün bunlar Azərbaycan
Prezidenti İlham Əliyevin orduya göstərdiyi
qayğının nəticəsidir. Artıq hiss olunur ki,
gündən-günə ordunun qüdrəti yüksəlir,
peşəkarlıq artır və nizam-intizam güclənir.
Bizi sevindirən odur ki, əsgərlərimiz
burada evlərində olduğu kimi rahatdırlar. Onların
qulluğu üçün hər bir şərait var. Bu, bir
daha onu göstərir ki, Azərbaycan qüdrətli dövlətdir
və onun ordusu ərazi bütövlüyümüzü təmin
etməyə qadirdir! Azərbaycan xalqı sülhsevər
xalqdır və dövlətimiz öz öhdəliklərinə
sadiqdir. Məhz bu sadiqliyə görə biz hələ də
sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıyıq.
Amma paralel olaraq Silahlı Qüvvələrimizin gücü
artırılır. Prezident İlham Əliyev isə hər dəfə
qeyd edir ki, Azərbaycan xalqının səbri də sonsuz
deyil! Əgər Ermənistan danışıqları hər
dəfə uzadacaqsa, ordumuzun qüdrəti bizə imkan verir
ki, torpaqlarımızı azad edək! Biz isə ön xətdə
bir daha gördük ki, ordu və xalq birliyi Ali Baş Komandan tərəfindən
çox uğurlu şəkildə təmin olunub.
Bu ordu ilə fəxr
etməyə dəyər! Əminliklə demək olar ki, bu
gün Azərbaycan əsgərləri vətənpərvər,
yüksək mənəvi-psixoloji hazırlığı olan, yetərincə dünyagörüşə
malik gənclərdir. Onların
həyat məktəbi adlandırdıqları hərbi xidmət
həyatlarında müsbət iz buraxmaq və formalaşmalarına təsir
göstərməklə bərabər, həm də Azərbaycan
Ordusunun qarşısında müəyyənləşən
vəzifələrin tezliklə gerçəkləşməsinə
inam yaradır.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə əsgərlərin
şəraiti ilə tanış olduqlarını, onlarla söhbət etdiklərini, vəziyyətləri
ilə maraqlandıqlarını söylədi:
- Əsgərlər
xidmət şəraitindən narazılıq etmədilər.
Müşahidələrimiz zamanı əsgərlərə
xidmət üçün yüksək səviyyədə
şərait yaradıldığını, təchizat və
təminat məsələlərinin qaydasında olduğunu gördük. Ən
əsası isə, biz əsgərlərimizdə
yüksək döyüş ruhu hiss etdik!
Hesab edirəm ki,
Qapanlı kəndinə xüsusi diqqət
ayrılmalıdır. Özəl şirkətlər burada insanlar üçün iş
yerləri açmalıdırlar ki,
yaşayış səviyyəsi yüksəlsin və daha çox insan işlə təmin olunsun.
Bu, əsgərlərimizə də
müsbət təsir göstərər.
Bölükdəki şəxsi heyət
və buradakı vəziyyətlə tanış olduqdan sonra
gecə-gündüz səngərdə düşmənlə
üz-üzə dayanan əsgərlərimizə baş
çəkməyə yollanırıq! Hərbi avtomobillər
səngərə yaxınlaşdıqca həyəcan
artır...
(Ardı var)
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2012.-
2 noyabr.- S.5.